Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1499/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 24 fevral 2023-cü il tarixdən hesablanmaqla 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli, 4(049)-71/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq məkkəmə hökmü ilə də təsdiq edilmiş fakta əsasən 23 fevral 2023-cü il tarixindən etibarən azadlıq hüququ pozulmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin əsassız hökmündən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi, iddiaçıya bəraət verilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsində icraat zamanı aparılan araşdırma nəticəsində iddiaçının təqsirsiz olması müəyyən edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ittihamedici hökmü ləğv edilmiş və iddiaçı barəsində bəraətverici hökm çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-226/2024 saylı hökmündən dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Elmar Hüseynov tərəfindən kassasiya protesti verilmişdir. Ali Məhkəmədə kassasiya prostetinə baxılması nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 1(102)-2160/2024 saylı X2 Məhkəməsinin bəraətverici hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azadlıq hüququ pozulduğu dövrdən İddiaçı əldə etdiyi maddi gəlirdən məhrum olunmuş həmçinin o, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçı qanunsuz və əsassız olaraq 23 fevral 2023-cü ildən 17 aprel 2024cü il taixinədək (14 ay müddətində) həbsdə və cəzaçəkmə müəssisəsində qalmışdır, onun ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldığı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Barəsində qanunsuz cinayət işinin aparılması və həbsi, azadlıqdan məhrumetmə növündə cəzaya məruz qalması ona, ailə üvlərinə həm maddi, həm mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Anası hər ay 1500 manat yaxın məbləğ xərcləməklə, onun yanına gedib-gəlmiş, ərzaq gətirmiş, vəkillə görüş həyata keçirmişdir. Ümumilikdə, 21.000 manat azadlıq hüququnun pozulması ilə əlaqədar xərc çəkilmişdir. Həmçinin, İddiaçı həbs edilməmişdən öncə fərdi işlə məşğul olmaqla hər ay 1.000 manat pul qazanmışdır. Həbsdə olduğu dövrdə 14.000 manat fayda onun əlindən çıxmışdır. Nəticə etibarı ilə ona 35.000 manat məbləğində maddi ziyan dəymişdir. Həbsdə və cəzaçəkmə müəssisəsində olması və barəsində aparılan cinayət işi ilə bağlı onun şərəf və ləyaqətinə sağalmaz zərbə vurulmuşdur. Buna görə də mənəvi ziyan olaraq 100.000 manat pulun ödənilməsi zəruridir. Qeyri-qanuni olaraq azadlıqdan məhrum edilməklə həbsdə və azadlıqdan mərhum etmə yerində saxlanılması ilə əlaqədar onun səhhəti pisləşmiş, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı qanunsuz həbs və azadlıqdan məhrumetmə növündə cəzaya məruz qalaraq faktiki olaraq 23 fevral 2023-cü il tarixindən 17 aprel 2024-cü il tarixədək azadlıq hüququnun pozulması nəticəsində ona dəymiş 35.000 manat məbləğində maddi, 100.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, onun qanunsuz həbs və azadlıqdan məhrumetmə növündə cəzaya məruz qalaraq faktiki olaraq 23 fevral 2023-cü il tarixindən 17 aprel 2024-cü il tarixədək azadlıq hüququnun pozulması nəticəsində ona dəymiş 35.000 manat məbləğində maddi, 100.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardım haqqında müqavilə üzrə ümumi məbləğ olan 780 manat olan hüquqi yardım haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə İddiaçı hüquqlarının müdafiəsi üçün vəkillə hüquqi yardım müqaviləsi bağlanmışdır. O cümlədən, hal-hazırda icraatda olan 2(006)-1499/2025 saylı iş üzrə də hüquqlarının müdafiəsi üçün İddiaçı vəkillə müqavilə bağlamışdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində İddiaçı hüquqlarının müdafiəsi üçün bağlanılan hüquqi yardım haqqında 160 №-li, xx.xx.2023-cü il tarixli müqavilə üzrə hüquqi yardım haqqı 100 AZN (bir yüz manat), Şirvan Apellyasiya Məhkəməsində İddiaçı hüquqlarının ptdafiəsi üçün bağlanılan hüquqi yardım haqqında 1№-li xx.xx.2024-cü il tarixli müqavilə üzrə hüquqi yardım haqqı 30 AZN ( otuz manat), Ali Məhkəmədə İddiaçı hüquqlarının müdafəsi üçün bağlanılan 320 №-li xx.xx.2024-cü il tarixli hüquqi yardım haqqında müqavilə üzrə hüquqi yardım haqqı 300 AZN ( üç yaz manat), o cümlədən Nəsimi Rayon Məhkəməsində İddiaçı hüquqlarının müdafiəsi üçün bağlanılan EM- İ/K-8561/25 nömrəli xx.xx.2025-ci il tarixli hüquqi yardım haqqında müqavilə üzrə hüquqi xidmət haqqı 350 AZN ( üç yüz əlli manat) təşkil edir. 5.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar olaraq maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən quruma deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Həmçinin, iddiaçının işsiz qaldığı dövr ilə əlaqədar olaraq, hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına, eyni zamanda iddiada qeyd edildiyi kimi İddiaçı həbsdə olduğu müddət ərzində onun anasının iddia olunan xərclədiyi vəsaitin yekunda xərclənməsinə dair mötəbər sübutlar işə əlavə edilməmişdir. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində maddi və mənəvi ziyana məruz qalmasını əsaslandırdığı hallarla bağlı sübut mahiyyəti daşıya biləcək hər hansı bir sənəd təqdim edilmədiyindən iddia əsassız heaab edilməlidir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yinə qarşı maddi və mənəvi zərərin ödənilməsi iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq iddiaçının 14 ay müddətinə həbsdə saxlanıldığını, iddiaçının ailəsinin yeganə gəlir əldə edən şəxs olduğunu, iddiaçı həbsdə olarkən ailəsinin maddi təminatdan məhrum olduğunu, vurulmuş maddi ziyanın bununla bağlı olduğunu, iddiaçının həbsə alınmamışdan öncə rəsmi iş yerinin olmamasını və iddiaçı və onun ailəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdir. 7.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, digər proses iştirakçıları isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. 8.Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2160/2024 saylı Qərarına əsasən: Müəyyən edilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(099)-465/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır. Müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-226/24 saylı hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(099)-465/2023 saylı hökmü ləğv edilərək, İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbs azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2160/2024 saylı Qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-226/24 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. 11.Mülki işin materiallarında olan hüquqi yardım göstərilməsi haqqında xx.xx.2025ci il tarixli, EM-1732VK-8561/25 nömrəli müqavilədən görünür ki, hazırki işlə əlaqədar iddiaçı tərəfindən 350 manat məbləğində vəkil xərci ödənilmişdir. 12.Mülki işin materiallarında olan hüquqi yardım göstərilməsi haqqında xx.xx.2023cü il tarixli, 160 nömrəli müqavilədən və ********** nömrəli mədaxil qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə iddiaçının anası X4 tərəfindən 100 manat məbləğində vəkil xərci ödənilmişdir. 13.Mülki işin materiallarında olan hüquqi yardım göstərilməsi haqqında xx.xx.2024cü il tarixli, 1 nömrəli müqavilədən və ********** nömrəli mədaxil qəbzindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsində baxılan cinayət işi üzrə iddiaçının anası X4 tərəfindən 30 manat məbləğində vəkil xərci ödənilmişdir. 14.Mülki işin materiallarında olan hüquqi yardım göstərilməsi haqqında xx.xx.2024cü il tarixli, 320 nömrəli müqavilədən və **********3 nömrəli mədaxil qəbzindən görünür ki, Ali Məhkəmədə baxılan cinayət işi üzrə iddiaçının anası X4 tərəfindən 300 manat məbləğində vəkil xərci ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilərək, barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ləğv edilərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə iddiaçıya bəraət verilmiş, iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2160/2024 saylı Qərarına əsasən isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin, həmçinin vəkil xərcinin ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». 17.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 20.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 21.Həmin Məcəllənin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 22.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 23.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 24.İlk növbədə iddia tələbinin “35.000 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona maddi ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq yetəri qədər sübutları (həbs edilməmişdən əvvəl rəsmi iş yerinin olması, aylıq qazancının məbləği barədə və s.) məhkəməyə təqdim edə bilməmiş, məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. 25.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 27.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 28.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 29.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 30.Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının barəsində qanunsuz cinayət-prosessual hərəkətlərinin həyata keçirilməsi nəticəsində iddiaçıya mənəvi zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərlə bağlı aşağıdakıları qeyd edir. 31.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 32.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 33.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 34.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 35.Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 23 fevral 2023-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri məhkəmənin xx.xx.2024-cü il tarixli bəraət hökmü ilə ləğv edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 36.Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 14.000 (on dörd min) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. 37.Daha sonra məhkəmə tələbin 780 manat məbləğində vəkil xərcinin tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 38.Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, məhkəmə tələbin həmin hissədə 500 (beş yüz) manat həcmində təmin edilməsini ağlabatan hesab edir. 39.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 14.000 (on dörd min) manat məbləğində mənəvi zərərin əvəzi və ödənilən 500 (beş yüz) manat məbləğində vəkil xərcinin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 42.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 14.000 (on dörd min) manat məbləğində mənəvi zərərin əvəzi və ödənilən 500 (beş yüz) manat məbləğində vəkil xərcinin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1499/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1499/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver