Məhkəmə qərarları › İş №2(006)-150/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-150/2021

12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-150/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı və cavabdeh Bakı şəhər İH-nin 06 saylı X4 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İH-nin 06 saylı X6, Bakı şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İH-nin 06 saylı X6, Bakı şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində istifadədə olan 0,0325 ha torpaq sahəsində yerləşən 102 nömrəli binanın zirzəmisində 52.0 kv.m ümumi, 52.0 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5735 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ona məxsus qeyriyaşayış sahəsi cavabdeh 6 saylı körpələr evinin zirzəmisində yerləşir və dükan kimi fəaliyyət göstərir. Bir müddət öncə cavabdeh təşkilatın sanitar xətlərindən ona məxsus mülkiyyətə su axıntısı olmuşdur. Bu haqda tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktda da qeyd olunduğu kimi onun istifadəsində olan qeyri-yaşayış sahəsində tavan hissəsinin 5.0 kv.m sahəsində baş vermiş axıntı nəticəsində suvaq örtüyü uçulmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi ziyan dəymiş və onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İH-nin 06 saylı X4 nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazıni qaydada lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 59 saylı Mənzil Kommunal İstismarı Komitəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktda qeyd edilir: “biz, aşağıda imza edənlər: Nəsimi rayon 59 saylı MKİS-nin rəisi Ə.Rüstəmov; mühəndisi R.Süleymanov; sahə nəzarətçisi Ə.İsmayılov bu aktı tərtib edirik ona görə ki, vət.İddiaçı müraciətinə əsasən Mərdanov qardaşları küçəsi 102 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsində olduq. Yerində baxış zamanı məlum oldu ki, vət.İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin tavan hissəsinin 5.0 kv.m sahəsində baş vermiş axıntı nəticəsində suvaq örtüyü uçulmuşdur”. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində istifadədə olan 0,0325 ha torpaq sahəsində yerləşən 102 nömrəli binanın zirzəmisində 52.0 kv.m ümumi, 52.0 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5735 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanılması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin məzmununa əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, Məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəmə tikinti-texniki ekspertizasının” xx xxxxxx 2021-ci il tarixli 10/2852 saylı rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini divar və tavanın bir hissəsi alçipan materialı ilə vurulduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda yerləşən iddiaçının qeyri-yaşayış sahəsində, su sızma nəticəsində, alçipan materialına yaranmış qüsurların (dəymiş ziyanın) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 479,0 manat məbləğində olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda yerləşən iddiaçının qeyri-yaşayış sahəsində su sızma nəticəsində, yaranmış ümumi qüsurların (dəymiş ziyanın) aradan qaldırlması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraqn 1193 manat məbləğində olduğu müəyyən edilmişdir”. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Ekspertin rəyi iş üzrə sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə 1672 (min altı yüz yetmiş iki) manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə 1672 (min altı yüz yetmiş iki) manat borc tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar