Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-151/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş toplam malın qiyməti 246 ABŞ dolları və daşıma haqqı toplam 11 ABŞ dolları məbləğində zərərin və ya onun manat ekvivalentinin, habelə dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində vəsaitin tam həcmdə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC daşınma haqqı müqabilində şəxsi istifadə və kuryer yüklərinin xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə beynəlxalq səviyyədə daşınmasını həyata keçirən şirkətdir. Xarici ölkələrdən satınalma yolu ilə əldə edilmiş bağlamalarının təhlükəsiz və sürətli şəkildə daşınmasının təmin edilməsi məqsədi ilə daşıyıcının mover.az adlı elektron internet səhifəsində 148545 müştəri kodu ilə qeydiyyatdan keçməklə, sifarişçi qismində sifarişlərinin həyata keçirilməsinə başlamışdır. xx.xx.2022-ci il tarixdə Amerikanın «Saksofffifth.com» adlı internet səhifəsindən 101 ABŞ dolları və «Jomashop.com» adlı internet sahifəsindən 145 ABŞ dolları həcmində müvafiq məhsullar sifariş edilmiş, Amerika daxilində bağlamalarının çatdırılması üçün xarici ünvan kimi daşıyıcının Amerikada yerləşən xarici anbar ünvanı göstərilmiş və məhsullar daşıyıcının Amerikada yerləşən xarici anbarına daxil olsa da, daşıyıcı tərəfindən müvafiq malların Azərbaycan Respublikasının ərazisinə çatdırılması təmin edilməmişdir. Daşıyıcı tərəfindən məhsulların respublika ərazisinə çatdırılmaqla müvafiq qaydada sifarişçinin istifadəsinə təhvil verilməsi öhdəliklərinin kobud pozuntusu halına yol verilmişdir. Belə ki, mallar daşıyıcının xarici anbarına daxil olduqdan sonra müvafiq məhsulların tam qüsursuz və təhlükəsiz şəkildə sifarişçilərin mülkiyyətinə verilməsi daşıyıcının başlıca öhdəliyini təşkil edir. Lakin məhsulların sifariş edilməsindən təxminən 5 aydan da artıq bir vaxtın keçməsinə baxmayaraq daşıyıcı tərəfindən müqavilə üzrə vəzifələrin icrası təmin edilməmiş və hər hansısa səbəblərdən dolayı yaranmış çətinliklərin həlli istiqamətində heç bir əməli addım atılmamışdır. Yaranmış məsələ ilə bağlı dəfələrlə daşıyıcıya müraciət etsə də, şirkət tərəfindən hər dəfə növbəti məzmunlu eyni cavab verilmişdir: «Uçuşun tarixi bəlli olanda sizə məlumat veriləcək». Lakin iş üzrə hallardan da məlum olduğu kimi bağlamalarının göndərişi müvafiq ərizə ilə məhkəməyə müraciət edildiyi tarixə kimi hələ də təmin edilməmişdir. Hazırkı ərizəyə daşıyıcı tərəfindən verilmiş müvafiq cavabları özündə əks etdirən məlumatlar da sübut qismində əlavə edilmişdir. Həmçinin, son bir həftədir ki, ümumiyyətlə göndərilən məktublara, edilmiş müraciətlərə cavab verilmir və müvafiq müraciətlər avtomatik qaydada silinir. Xüsusilə vurğulayır ki, daşıyıcının Amerika anbarı ilə bağlı yaranmış bu problem kütləvi xarakter daşımaqla, yüzlərlə müştərinin haqlı narazılığını doğurur. Kütləvi şəkil almış narazılıqlara münasibətdə şirkətin Mover.az saytında daşıyıcının Amerikada yerləşən xarici anbarına gətirilmiş bağlamaların Azərbaycan Respublikasının ərazisinə göndərişinin təmin edilə bilməməsi ilə bağlı müvafiq etiraf öz əksini tapır. Daşıyıcı müvafiq gecikmələrin səbəbini əməkdaşlıq etdiyi «Silk Way» şirkətinin Cavabdeh MMC-yə qarşı şəxsi qərəzli münasibəti ilə əlaqələndirməklə, təmin edilməmiş öhdəliklərin əsas məsuliyyətini üçüncü şəxsin üzərinə ötürmək niyyətindədir. Belə ki, daşıyıcının internet səhifəsindəki rəsmi müraciətində göstərilir ki, uzun müddətdir əməkdaşlıq etdikləri ABŞ-dakı daşımaları həyata keçirən «Silk Way» şirkəti və onların agenti olaraq çıxış edən xarici şirkətlər bağlamaların Bakı anbarına göndərilməsindən qanunsuz olaraq imtina edirlər. Xarici agent şirkətlər imtinanın əsası kimi «Silk Way» tərəfindən Cavabdeh MMC-yə aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulduğunu bildirirlər. Yuxarıda göstərilən daşıyıcının rəsmi elanına münasibətdə bildirir ki, bu faktın təsdiqi heç bir mötəbər dəlil ilə sübut edilmir. Sifarişçi qismində ona münasibətdə icra edilməli olan öhdəliklərin icrasının təmin edilməsi üçün birbaşa daşıyıcı məsuliyyət daşıyır. Öz fəaliyyətinin təşkil edilməsi istiqamətində hər hansı şirkətlərlə əməkdaşlıq əsnasında yaranmış problemlərin aradan qaldırılmasını təşkil etmək tərəfi sırf daşıyıcının özü üçün maraq kəsb etməli və bu hallar müştərilər ilə münasibətlərə əsla yansıdılmamalıdır. Yaranmış məsələnin məhkəmədən kənar həlli yollarına nail olmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2023-cü ilin aprel ayında rəsmi şikayət bildirilmişdir. Şikayəti əməkdaşlar tərəfindən qeydə alınmış və sonuncu dəfə rəsmi cavab ilə bildirilmişdir ki, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmasını nəzərə alaraq, pozulmuş qanuni maraq və mənafelərin müdafiəsini təmin etmək üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiqdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlər toplusundan (mover.az portalında Bəylər Mehdiyevə məxsus şəxsi kabinet məlumatlarından çıxarışlar, bəyannamə məlumatlarından, amazon.com resursuna ödəniş sənədindən, mover.az portalında yazışmalardan) görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə «Saksofffifth.com» adlı internet resursundan 101 ABŞ dolları və «Jomashop.com» adlı internet resursundan 145 ABŞ dolları dəyərində müxtəlif mallar almışdır. Həmin malların alıcıya çatdırılması üçün iddiaçı Cavabdeh MMC-yə müraciət etmiş, yüklərin çatdırılması haqqı kimi 11 ABŞ dolları ödəniş edilmişdir. Alınan mallar alıcıya göndərilmiş, Cavabdeh MMC-nin xarici anbarına daxil olmuşdur. Lakin alınan mallar kifayət qədər uzun müddət keçməsinə baxmayaraq iddiaçıya çatdırılmamışdır. İddiaçı sifariş verdi və aldığı malların ona təhvil verilməsini cavabdehdən tələb etmiş, cavabdeh tərəf yazışmalarda gecikmələrin səbəbləri barədə saytları və sosial şəbəkə vasitəsi ilə məlumat verildiyini göstərməklə, iddiaçı tərəfə həmin məlumatlandırma ilə tanış olmasını xahiş etmiş, alınmış malların təhvil verilməsində yaranmış çətinliklərlə bağlı məyus olduqlarını bildirmişdir. Mahiyyət etibarı ilə cavabdeh tərəf üzərinə düşən öhdəliyi icra etməmiş, iddiaçının aldığı və cavabdehin xarici anbarında olduğu qeyd edilən əşyaları (malları) iddiaçıya çatdırmamışdır. Eyni səpkili işlər üzrə çıxarılmış yekun məhkəmə aktlarında «Mover.az» adlı sosial şəbəkə istifadəçi hesabından xx.xx.2022-ci il tarixdə «Facebook» sosial şəbəkəsində yazılmış yazıya və «Marja.az» xəbər portalında xx.xx.2023-cü ildə dərc edilmiş xəbərə istinadən qeyd olunmuşdur ki, bir müddətdir əməkdaşlıq etdikləri hava yolları şirkətinin onlara qarşı qərəzli münasibət bəsləməsinin nəticəsi olaraq Cavabdeh MMC ABŞ anbarına daxil olan bağlamaları müştərilərə çatdırmaqda problemlərlə üzləşir və gecikmələr yaşayır. Buna görə də, ABŞ anbarının fəaliyyətinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək dayandırılması, xx.xx.2023-cü ildən sonra həmin anbara daxil olan bağlamalar üçün isə şirkətin məsuliyyət daşımayacağı əlavə edilmişdir. Bundan başqa, Cavabdeh şirkətinin 6 aydan çoxdur, bir çox vətəndaşın ABŞ-da olan bağlamalarını gətirib təhvil vermədiyi, bunun səbəbinin əməkdaşlıq etdikləri hava yolları şirkətinin onlara qarşı qərəzli münasibət bəsləməsinin olması qeyd edilmiş, «Mover.az»ın «Facebook» sosial şəbəkəsində yazılmış yazısına istinad edilmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 18 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MMC ilə iddiaçı arasında yaranmış mübahisə barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron poçtuna daxil olmuş müraciətinə (daxilolma qeydiyyatı: 3-21-1/1-Z-xx/xx/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, çoxsaylı istehlakçı müraciətlərini nəzərə alaraq Cavabdeh MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə Dövlət Xidmətinin inzibati binasında qəbul edilərək dinlənilmiş, eyni zamanda yaxın günlərdə bütün vətəndaşların bağlamalarının çatdırılacağı barədə verdiyi şifahi məlumat nəzərə alınmışdır. Sonradan Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2022-ci il tarixdən etibarən şirkətin X1 yerləşən anbarının fəaliyyətinin dayandırıldığı, xx.xx.2023-cü il tarixədek bağlamaların Azərbaycan Respublikasına çatdırılacağı bildirilsə də, öhdəliyə əməl edilməmişdir. Şirkət tərəfindən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmadığından işin keyfiyyətsiz yerinə yetirilməsi halı mövcud olduğu müəyyən edilmiş və Cavabdeh MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol baxılması üçün xx.xx.2023-cü il tarixli 3-21-1/2- 4702/2023 nömrəli məktubla Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin əməlinə hüquqi qiymət verilməsi üçün Dövlət Xidmətinə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri xx.xx.2023-cü il tarixli 3-21-1/2-5825/2023 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunverciliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Qeyd olunanlara əsəsən, iddiaçıya maddi və mənəvi zərər tələbi ilə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilmək hüququnun olması izah edilmişdir. Qeyd olunan cavab məktubunu aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məhsullar üçün ödədiyi pulun və daşınma xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Yuxarıda sadalananlardan göründüyü kimi, İddiaçı xx.xx.2022-ci ildə «Saksofffifth.com» adlı internet resursundan 101 ABŞ dolları və «Jomashop.com» adlı internet resursundan 145 ABŞ dolları dəyərində məhsullar sifariş etmiş, dəyərini ödəyərək almış və daşımasını Cavabdeh MMC-yə həvalə etmişdir. Məhsullar 2023-cü ilin əvvəlində cavabdehin Amerikada yerləşən anbarına daxil olmuş, lakin iddiaçı tərəfindən xəbərdarlıq və tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məhsullar hal-hazıradək iddiaçıya təhvil verilməmişdir. Çox uzun müddət keçməsinə baxmayaraq, malların hazıradək iddiaçıya çatdırılmaması həmin məhsulların itirilmiş hesab olunması üçün kifayət qədər əsas verir. Belə olduğu təqdirdə, itirilmiş məhsulların tam dəyəri daşıyıcı şirkət olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəniş etmişdir. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Dövlət büdcəsindən iddiaçıya qaytarımalı və 30 manat dövlət rüsumu cavabdehdən Dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.15-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məhsullara görə ödənilmiş 246 ABŞ dolları və yükün çatdırılması üçün ödənilmiş 11 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti Dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh MMC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Məhsullara görə ödənilmiş 246 ABŞ dolları və yükün çatdırılması üçün ödənilmiş 11 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti Dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Cavabdeh MMC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-151/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-151/2024
06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver