Məhkəmə qərarları › İş №2(006)-1514/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1514/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1514/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Cavabdeh3 ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli, 551 fərmanından irəli gələn öhdəlikləri vaxtında və lazımı qaydada icra etmədiklərinə görə ona dəymiş 1600 manat maddi zərərin və 5000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə “xxxx” ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 12 ay müddətində 1400 ABŞ dolları məbləğində ona kredit verilmişdir. Devalivasiya nəticəsində ABŞ dollarının milli valyutaya nisbətdə 2 dəfədən çox bahalaşması nəticəsində onun banka olan borcu xeyli artmışdır. Bu barədə bankla münasibətləri tənzimləməyə çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Bank pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)-15364/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bu qətnamədən apelyasiya şikayəti verməyinə baxmayaraq məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla onun faktiki vəziyyətini ağırlaşdırmışdır. Cənab prezidentin sosial rifahının yaxşılaşdırılmasını düşünməyi nəticəsində ‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli, 551 fərmanı xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın və həmin Fərmanın icrası məqsədilə X3 Palatası tərəfindən hazırlanmış Qaydaların 3.2-ci bəndinə əsasən X3 Palatası Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahasını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən etməli və bu barədə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verməlidir. X1 Palatası tərəfindən hazırlanmış siyahıya əsasən onun adı siyahıya daxil edilmiş və 840 manat kompensasiya məbləği göstərilmişdir. Bu fakt X1 Palatasının rəsmi saytından xx xxxx 2019 cu il tarixli çıxartdığını sənəddə öz əksini tapmışdır. Həmin çıxarışa əsasən ona 840 manat kompensasiya düşdüyü və restrukturizasiya məbləğinin 1438 manat olduğu görünür. xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın icra müddəti 2019-cu ilin dekabr ayının sonuna qədər göstərilməsinə baxmayaraq, həmin ilin avqust ayında onun üçün rəsmi qaydada nəzərdə tutulan kompensasiya ilə əlaqədar X1 Palatasına müraciət edəndə ona bildirirdilər ki, adı siyahıdan çıxarılmışdır. Lakin bunun səbəblərinin açıqlanmasını istəsə də bu günə qədər heç bir rəsmi cavab göndərilməmişdir. Yalnız ona şifahi bildirirlər ki, Maliyyə Nazirliyi yenidən bu məsələlərlə bağlı pul ayıracaq və ondan sonra onun məsələnə baxılacaq. Bu isə dövlət orqanları tərəfində onun konstitusion hüquq və qanuni mənafelərinin kobudcasına pozulmasına yönəlmiş addım kimi qiymətləndirilməlidir. Belə ki, kompensasiyanı nəzərə almaqla 1438 manat ödəməli olduğu halda, məhz bu orqanlarının hüquqa zidd əməlləri nəticəsində 3000 manatdan çox pul ödəməlidir. Bu orqanlarda yaranmış özbaşınalıq və məsuliyyətsizlik o dərəcə böyükdür ki, prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərini icra etməməklə yanaşı, hətda vətəndaşların müraciəti haqqında qanunun tələbləri də saymayaraq bir ildən çoxdur ki, nüraciət etməyinə baxmayaraq ona heç bir rəsmi cavab verilməmişdir. Yenidən Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş X4 Əliyevə, X5 Heyətinin sədri Elman Rüstəmova və Maliyyə naziri Samir Şərifova yuxarıda göstərdiyi hüquq pozuntuları haqqında və bundan irəli gələrək onun hüquq və qanuni mənafelərinə dəymiş zərərlə bağlı müraciət etmişdir. Etdiyi müraciətə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona xx xxxxxx 2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Mərkəzi Bank cavab məktubunda ak.cbar.az saytına baxmağı tövsiyyə etmişdir. Halbuki, bir il bundan qabaq həmin sayt vasitəsilə bu orqanlara müraciət etməyinə baxmayaraq onun adını kompensasiya düşənlərin siyahısında olduğu halda, nə üçün sonradan çıxarılması və ya dekabrın sonuna qədər fərmanın icra müddəti nəzərdə tutulması göstərilsə də niyə onun hüquqlarının nəzərə alınmaması barədə heç bir əsaslı cavab verilməmişdir. Məhz fərmanın göstərişlərini icra etməyən bu dövlət orqanlarının əməllərindən yaranan fürsətdən istifadə edən Cavabdeh3 onun vəziyyətini faktiki olaraq ağırlaşdırmışdır. Belə ki, X1 Palatısının rəsmi saytından xx xxxx 2019-cu il tarixində əldə etdiyi çıxarışda görsənir ki, ona kompensasiya məbləği 840 manat, restrukturizasiya məbləği isə 2278-840=1438 manat təşkil edir. Hal-hazırda onun hüquqlarının pozulması nəticəsində banka 3000 manatdan çox ödəməli və bu da onun maddi durumunu ağırlaşdırmaqla yanaşı, həm də mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Cavabdeh3 ASC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Beləki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli fərman imzalanmışdır. Qeyd olunan fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsi yaradılmışdır. Müraciətinizlə bağlı qəbul ediləcək qərarlarla tanış olmaq üçün mütəmadi şəkildə ak.cbar.az elektron səhifəsi və pk.cbar.az saytına daxil olmağınız xahiş olunur. İş materiallarında olan “xxxx”Bank ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli fərmanından irəli gələrək, Sizin Bankda olan kredit borcunuzun restrukturizasiya olmasına dair yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif edirik. Təklif tərəfimizdən müsbət qiymətləndiriləcəyi təqdirdə “xxxx”Bank ASC-nin ünvan 1 ünvanında yerləşən Bakı filialına şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə yaxınlaşmğınızı xahiş edirik. İş materiallarında olan X1 Palatısının rəsmi saytının çıxarışından görünür ki, ona kompensasiya məbləği 840 manat, restrukturizasiya məbləği isə 1438 manat təşkil edir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçının tələbi cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Lakin, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Odur ki, maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddiaçının tələbi rədd edilməlidir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbidə rədd edilməlidir. Beləki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona mənəvi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim etmədiyindən və cavabdehlərin təqsirli, hüquqa zidd hərəkəti müəyyən edilmədiyindən iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Cavabdeh3 ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Cavabdeh3 ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar