Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-152/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına dəymiş ziyana görə 3000 (üç min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur və faktiki olaraq həmin mənzildə yaşayır. Bu mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Binanın 4-cü mərtəbəsində yerləşən cavabdehə məxsus mənzildən su axıdılaraq əvvəlcə 3-cü mərtəbəyə, oradan da onun mənzilinə tökülür. Baş vermiş hadisədən sonra Nəsimi Rayon 51 saylı MKİS-nin nümayəndələri tərəfindən mənzilə baxış keçirilmiş və xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Aktda mənzilin qüsurları bu qüsurların yaranma səbəbi kimi 27 saylı binanın 26 saylı mənzilinin sanitar qovşağının baxımsızlığı nəticəsində həmin binanın 20 saylı mənzilinə su axıdılması öz əksini tapmışdır. Cavabdehə məxsus mənzildən onun mənzilinə su sızması nəticəsində otaqların tavanları və oboyları, divarları, mətbəx otağı, əhliz və mətbəx mebeli, hamam otağı yararsız hala düşmüş, divarların suvağı və oboyları yararsız olmuş və hamam otağının elektrik xətti sıradan çıxmışdır. Dəymiş ziyanı əks etdirən fotolar çəkilmiş və məhkəməyə sübut kimi iddia ərizəsinə əlavə edilir. Su hələ də ara-sıra sızmaqda davam edir. Bu günə qədər suyun sızması nəticəsində mənzilə 3000 manat məbləğində ziyan dəyib. Mənzilin su sızan hissələrində tavan və divarlar nəmdir. Nəm və islanmış divarlardan elektrik xətləri keçir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların mənzildə yaşamaqları mümkünsüz olub. Evin təmir olunması üçün maddi vəsait lazımdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında bildirdi ki, Cavabdeh binanın 4-cü mərtəbəsini kirayə vermişdir. Özü isə 2-ci mərtəbədə yaşayır. Kirayəçinin yaşadığı 4-cü mərtəbədən su axıdılması nəticəsində onun mətbəx mebeli tamamilə, otağın tavanı və oboyları, divarları yararsız hala düşmüşdür. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında qeyd etdi ki, iddiaçının yoldaşı ilə danışaraq və öz oğlunun usta olmasını qeyd edərək evin yararsz hissələrini təmir edəcəyini bildirmişdir. Lakin, tərəf bununla razılaşmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən evin yararsız hala salınması qəsdən edilmiş hadisədir və hal-hazırda da məhkəməyə müraciət edərək ondan pul tələb etmək fikrindədir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reeystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilən xx.xx.2020-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 27, 26 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr, Hüseyn Seyidzadə küçəsi, ev 27, mənzil 20 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 2928 nömrəli reyestr kitabının 273268 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, iddiaçıya məxsus mənzilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, H.Seyidzadə küçəsi, 27 saylı binanın 26 saylı mənzilinin sanitar qovşağının baxımsızlığı nəticəsində həmin binanın 20 saylı mənzilinə su axıdılıb. Nəticədə mənzilin elektrik xətləri və təmiri yararsız hala düşmüşdür. H.Seyidzadə küçəsi 27 saylı binanın 26 saylı mənzilində yaşayan kirayəşinlərə xəbərdarlıq edilmişdir. Mənzil Cavabdeh məxsusdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1702/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 10/2207 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 20 saylı mənzilin yaşayış otağı tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Lakin, 20 saylı mənzilin üst mərtəbəsində yerləşən 23 saylı mənzilin qapısı olduğundan, binanın 4-cü mərtəbəsində yerləşən 26 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xətlərinin gizli şəkildə olduğundan su sızmanın nə vaxt və hansı mənzildən axıdılmasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsində yerləşən 27 saylı evin 20 saylı mənzildə su sıxması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1378,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanına dəymiş ziyana görə 1378 (min üç yüz yetmiş səkkiz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına dəymiş ziyana görə 1378 (min üç yüz yetmiş səkkiz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-152/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-152/2022
22.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver