Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1533/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı fərdi yaşayış evinin yararsız hala düşmüş yol barısının sökülüb yenidən bərpa olunmasına görə hesablanmış 1245 manat sığorta ödənişinin, zərər aktının tərtib olunmasına görə ödənilmiş 50 manat rüsumun və iddia ərizəsinin verilməsinə görə banka köçürülmüş 34 manat dövlət rüsumunun Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvedicisi təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 avqust 2023-cü il tarixdə Quba şəhəri H. Əliyev prospekti ilə Azərbaycan küçəsinin kəsişməsində, ** EM *** dövlət qeydiyyat nişanlı Toyota markalı avtomobilin sürücüsünün təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobil yoldan çıxaraq ona məxsus həyətyanı yaşayış evinin yol barısına dəymişdir. Qeyd etmişdir ki, hadisə baş verən zaman avtomobil Azərbaycan Dövlət Sığorta Kommersiya şirkətində sığortalı olmuşdur. Yol nəqliyat hadisəsi nəticəsində ona məxsus həyətyanı yaşayış evinin barısı yararsız vəziyyətə düşmüş və ona 1245 manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra, Quba şəhərində fəaliyyət göstərən təmir tikinti işləri ilə məşğul olan ‘‘Təbriz’' firmasının ustaları tərəfindən yararsız hala düşmüş barıya baxış keçirilərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Şirkətin əməkdaşları tərəfindən isə hadisə nəticəsində yararsız hala düşmüş barının sökülüb yenidən tikilməsinə isə 941 manat məbləğində zərər hesablanmış akt tərtib olunmuşdur. Əvvəla bildirmək istəmişdir ki, şirkət tərəfındən hesablanmış məbləğ barının təmir olunması üçün yetərli deyil. Bundan əlavə, şirkət öz öhdəliyini yrinə yetirmir. Belə ki, yaşayış evinin ona məxsus olmadığını bəhanə gətirərək sığorta ödənişini onun bank hesabına köçürülməsindən boyun qaçırır, yararsız hala düşmüş barının təmir etdirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən 941 manat ödənilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi X7 iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, iddiaçıya dəymiş zərər 941 manat miqdarında qiymətləndirilmişdir. Həmin məbləğin iddiaçıya ödənilməsinə etiraz etmirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, ünvan 1-nın mülkiyyətçisi X1r. İş materiallarında olan Quba regional “ASAN Xidmət” mərkəzində notarait ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.8 kv.m fərdi yaşayış evindən 1/3 hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Təbriz” firması tərəfindən tərtib edilmiş ziyan aktından görünür ki, barıya dəymiş dəymiş ziyanın ümumi məbləği 1245 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, zərərin müəyyən edilməsinə görə 50 manat iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Aərisığorta ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş əmlaka dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, barıya dəymiş ziyanın 941 manat olması müəyyən edilir. Həmin məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişi həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin hesablaması ilə müəyyən edilmiş 941 manat dəymiş zərərin əvəzinin ödənilməsi ilə razıdır. Odur ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə qəlinir ki, paylı ümumi mülkiyyətin bütün iştirakçıları ümumi mülkiyyətdə olan əmlakı qorumağa və həmin əmlaka dəyən zərərin qarşısını almağa borcludurlar. Hər bir paylı mülkiyyətçi bu hərəkətləri müstəqil həyata keçirməyə səlahiyyətlidir. Həmin səlahiyyətin məhdudlaşdırılması ilə bağlı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 34 manat dövlət rüsumunun və zərər aktının tərtib edilməsi üçün ödənilmiş 50 manatın da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 941 manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat və zərər aktının tərtib edilməsi üçün ödənilmiş 50 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1533/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1533/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver