Məhkəmə qərarları › İş №2(006)-1537/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1537/2022

02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1537/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərər olaraq 11.500 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manal pulun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci ilin may ayında ona Buzovna qəsəbəsində 0.3 ha torpaq sahəsi satmaq adı ilə onu aldadıb 9.000 manat pul almışdır. Bundan başqa o, həmin torpaq sahəsini hasarlamaq adı ilə əlavə olaraq 2.500 manat da almışdır. Ümumilikdə cavabdeh torpaq satmaq və həmin torpağı hasarlamaq adı ilə onun 11.500 manat pulunu ələ keçirmişdir. O, nə torpaq sahəsini ona təhvil vermədi, nə də pulunu ona qaytarmadı. Cavabdeh bu hüquqazidd əməlindən şikayət etsə də Xəzər RPİnin 2-ci PŞ tərəfindən araşdırma aparılmış və 10 noyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etməyi izah edilmişdir. Ona görə də cavabdehin ondan aldığı 11.500 manat pulu məhkəmə qaydasında tələb edir. Cavabdeh bu hərəkətləri ilə ona mənəvi zərər də vurmuşdur, o, onu aldadıb pulunu ələ keçirib, bu günədək pulunu qaytarmır, o, hər gün stres keçirir, əzab çəkir, onun bu hərəkətləri ona mənəvi zərər yetirir. Odur ki, cavabdeh mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində kompensasiya ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək , Cavabdeh madddi zərər olaraq 8.700 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun alınaraq İddiaçı qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək bildirmişdir ki, Cavabdeh barəsində Xəzrə RPİ-nin İŞ-də cinayət işi başlanmış, cinayət işi aidiyyəti üzrə Bakı şəhəri Baş Polis İdarəsinin İŞ-yə göndərilmiş, cavabdehə ittiham elan edilmiş, İddiaçı isə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh iddiaçıdan aldığı 11.500 manat puldan 2.500 manat və 300 manat olmaqla, ümumilikdə 2.800 manat pulu qaytarmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 10.11.2020-ci il tarixli qərarının surətindən görünür ki, “araşdırma zamanı izahatı alınan Cavabdeh göstərmişdir ki, 202-ci ilin may ayında Orxan adlı makler İddiaçıla birlikdə Buzaovna qəsəbəsində satdığı torpaq sahəsinə gəlmişlər. İddiaçı həmin torpaq sahəsini bəyəndiyi üçün 9.000 manata sahəsnin 0,03 hissəsini ona satmış və notarial qaydada pulu ondan almışdır. Sonradan ona Vüqar bildirmişdir ki, torpaq sahəsini ona satmış və notarial qaydada pulu ondan almışdır. Sonradan ona Vüqar bildirmişdir ki, torpaq sahəsini hasara alsın və digər nə qədər xərc çıxacaqsa onu ödəyəcəkdir. Həmin torpaq sahəsini hasara almaq üçün əlavə olaraq 6.000 manat xərci çıxmış və xərci Vüqara bildirdikdə o qədər pulu ödəməkdən imtina edərək əlavə olaraq 2.500 manat pul vermişdir. Lakin onunla razılaşmayaraq qalan 3.500 manatını da ödəməyini bildirsə də, sonuncu imtina etmişdir. Onu da qeyd etmişdir ki, torpaq sahəsini sataraq 3 ay ərzində İddiaçı aldığı 11.500 manat pulu qaytaracağına söz vermişdir. Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytinatı X1 “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 05.04.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmə məqsədi ilə vətəndaş İddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, Xrustal zavodu addlanan ərazidə yerləşən torpaq sahəsinin ona məxsus olduğunu inandırmaqla onun etibarından suiistifadə edərək, 08.05.2020-ci il tarixli etibarnamə ilə 0,3 ha torpaq sahəsi 11.500 manata sataraq gösərilən məbləğdə pulu ələ keçirmiş və İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Xəzər rayon prokurorluğuna göndərilmişdir. 13.04.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarın surətindən görünür ki, İddiaçı maddi ziyan dəydiyi müəyyən edilmiş və cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Ödəniş qəbzindən (№ 10020) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh Bakı şəhəri, Buzovna qəsəbəsi, Xrustal zavodu adlanan ərazidə yerləşən 0,3 ha torpaq sahəsinin ona məxsus olduğunu bildirərək, 08.05.2020-ci il tarixli etibarnamə ilə 0,3 ha torpaq sahəsini İddiaçı satmaqla və həmin torpaqq sahəsinin hasarlanmasına vəd verməklə 11.500 manat məbləğdə pulu ələ keçirmiş, daha sonra aldığı pulun bir hissəsini, yəni 11.500 manatın 2.800 manatı geri qaytarmışdır. İddiaçıya münasibətdə törədilmiş bu cür əməllərə görə Cavabdeh barəsində 05.04.2022-ci il tarixində cinayət işi başlanılmış, ona törədilməsi istinad edilən əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 21.1, 1096 və 1097-ci maddələr ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Belə ki, tərəflər arasındaki münasibətlər cavabdehin yol verdiyi hüquqazidd hərəkətlər nəticəsində iddiaçıya vurulmuş zərərdən yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. İddiaçıya dəymiş zərərin məbləğinin 11.500 manat olduğundan, cavabdeh tərəfindən isə həmin məbləğdən 2.800 manat məbləğində pulun ödənildiyindən, Cavabdeh İddiaçı xeyrinə maddi zərər kimi tutulmalı olan məbləğ 8.700 manat təşkil etməlidir. İddiaçının 5.000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının cavabdehin törətdiyi qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən hazırki iddia qismən təmin edilməli, maddi zərər olaraq 8.700 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 142 manatın 92 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 142 manat məbləğində pul ödəmişdir. İddia tələbinin 65%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərər kimi 8.700 manat, mənəvi zərər kimi 200 manat və dövlət rüsumu kimi ödənilmiş 142 manatın 92 manatı, cəmi 8.992 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar