Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1546/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2.000 (iki min) manat pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh əməllərində cinayətin əlamətləri olması barədə xüsusi qərardad çıxarmaqla ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşı Zaur Əbdülkərimov barəsindəki cinayət işi ilə əlaqədar tanımışdır. Onu əvvəllər tanımamışdır. 2019-cu ilin may ayının 3-də onunla qardaşı Zaura hüquqi xidmətlərin göstərilməsi barədə 229 saylı müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən, o, hüquqi xidmət göstərilməsi üçün qabaqcadan Cavabdeh 2.000 (iki min) manat məbləğində pul ödəmişdir. Cavabdeh qardaşı barəsindəki cinayət işi ilə maraqlanacağını vəd etmişdir. Təxminən 2019-cu ilin sentyabr ayının sonlarınadək onu müxtəlif bəhanələrlə aldatmışdır. Qardaşının işi üzrə onu aldadaraq ondan pul almış İlqar Məmmədov adlı şəxsin həbs edildiyini, ona məxsus avtomobilin müsadirə olunduğunu, hərracda satıldığını və yaxın günlərdə pulunun ödəniləcəyini bildirərək guya bu işlə ciddi məşğul olduğunu bildirmişdir. Lakin oktyabr ayının əvvəllərində onun mobil telefonuna zəng vurmuş, telefona zəng çatmamışdır. Sonra vatsap vasitəsilə əlaqə yaratmaq istəmiş, lakin mesaj getməmişdir. Başa düşmüşdür ki, Cavabdeh bu günədək onu aldatmışdır. X3 həbs olunmuş, nə də ona məxsus olan avtomobil müsadirə olunmamışdır. Bu barədə hüquq Mühafizə orqanlarına şikayətlər etsə də, hər hansı nəticəsi olmamışdır. Ona görə də Cavabdeh ondan aldatma yolu ilə aldığı pulun məhkəmə qaydasında məcburi qaytarılması üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdeh onu aldadaraq aldığı pulu qaytarmaması, hüquqlarını pozur, ona ziyan vurur, ona görə də cavabdehin ona hüquqi xidmət göstərilməsi adı ilə aldadaraq aldığı pulun məhkəmə qaydasında məcburi qaytarılması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh həmin məbləğdə pulu onu aldadaraq və etibarından sui-istifadə edərək ələ kecirmişdir, onun əməlində dələduzluq cinayətinin tərkib hissəsinin əlamətləri vardır, ona görə də bu barədə xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməlidir. Şərh edilənlərə əsasən Cavabdeh onun xeyrinə 2.000 (iki min) manat pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh əməllərində cinayətin əlamətləri olması barədə xüsusi qərardad çıxarmaqla ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilədən göründüyü kimi icraçı sifarişçinin tapşırığı əsasında X1 hüquq sahəsində hüquqi xidmətlərin göstərilməsini, Sifarişçi isə icraçı tərəfindən lazımi qaydada göstərilmiş xidmətləri qəbul edib onları hazırkı müqavilədə nəzərdə tutulmuş həcmdə və qaydada ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin 2.2.1-ci bəndi ilə nəzərdə tutulan xidmətlərin qarşısını 2.000 manat məbləğində ödəməyi öz üzərinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindən göründüyü kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu Məcəllənin 779.1-ci maddəsinin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 786.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin (tapşırıq müqaviləsi) bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bağlanmış müqaviləyə əsasən icraçı X1 hüquq sahəsində hüquqi xidmətlərin göstərilməsi istiqamətində müəyyən hərəkətləri etməyi, Sifarişçi isə icraçı tərəfindən lazımi qaydada göstərilmiş xidmətləri qəbul edib onları hazırkı müqavilədə nəzərdə tutulmuş həcmdə və qaydada ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı cavabdehə 2.000 manat məbləğində ödəniş etsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə müqavilənin ləğvinə olan səbəbin bilavasitə iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etmək vəzifəsi mülki qanunvericiliyə əsasən cavabdehə aid edildiyini, lakin onun lazımi qaydada məhkəmə tərəfindən məlumatlandırılmasına baxmayaraq işin baxılmasında iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iddia əsaslı olduğundan təmin edilməlidir. Çünki cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən öz üzərinə düşən öhdəlikləri icra etməməklə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilən, icra ilə bağlı olan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da qarşı tərəfin müvafiq maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, müqaviləyə əsasən 2000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2030 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2000 (iki min) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 2030 (iki min otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1546/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1546/2020
23.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver