Məhkəmə qərarları › İş №2(006)-1559/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1559/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1559/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə vurduğu zərərlə əlaqədar iddiaçıya dəymiş 3000 (üç min) manat məbləğində olan maddi zərərin, mənəvi ziyan olaraq 10.000 (on min) manat pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat pulun tutularaq İddiaçı qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2009-cu ildən bəri ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilə Cavabdeh məxsus mənzildən çirkab suları axıdılır. Belə ki, cavabdehə məxsus olan mənzil ünvan 3 ünvanında yerləşir. Həmin mənzildə hal-hazırda yaşayan cavabdehin atası X3 bu bardə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər heç bir tədbir görülməmişdir. Hər dəfə iddiaçının mənzilinə su axan zaman mənzili ciddi ziyan görmüşdür. Bu barədə mənzilin qeydiyyatda olduğu 15 saylı Mənzil Kommunal İstismarı Sahəsinə məlumat vermişdir. Onlar tərəfindən hər dəfə mənzilə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Belə ki, hər dəfəsində qonşuluq münasibətlərini və insanpərvəliyi əsas götürərək, dəymiş ziyanı aradan qaldırmışıq. Lakin cavabdeh bundan sui-stifadə edir. Belə ki, mənzilində yerləşən kanalzasiya borularını təmir etmir. Bunun nəticəsində də hər dəfə İddiaçı ziyan dəyir. Hal-hazırda su axma nəticəsində iddiaçıya məxsus olan mənzilin otağının tavan hissəsi yararsız hala düşmüşdür. Həmçinin suyun axıdılması nəticəsində bahalı çilçıraq elektrik qısaqapanması nəticəsində sıradan çıxmışdır. Mənzil hər zaman elektrik qısaqapanması nəticəsində yana bilər. Bu da gələcəkdə baş verə biləcək bədbəxt hadisədən xəbər verir. Cavabdehin qanunsuz və hüquqqa zidd davranışı, eləcə də, nəzarət olunması vacib olduğu halda evindən keçən çirkab su borularını qəsdən nəzarətsiz saxlaması və problemin uzun müddət davam etməsi nəticəsində ona 3000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Mənzilə cavabdehin hüquqa zidd və qanunsuz əməlləri nəticəsində maddi ziyan dəyməsini və dəymiş ziyanın ödənilməsini cavabdehdən dəfələrlə şifahi olaraq tələb edilməsinə baxmayaraq, bugünə kimi heç bir nəticə verməmişdir. Ona məxsus olan mənzilə 11 ildən artıq bir müddətdir ki, cavabdeh tərəfindən mütəmadi olaraq maddi ziyan vurulur. Hər dəfəsində, o, cavabdehdən mənzilinə axıdılan suyun qarşısını almasını xahiş etsə də, o buna məhəl belə qoymur. Bununla bərabər hələ də mənə ziyan vurmaqda davam edir. Bütün bunlar ona və ailəsiə mənəvi olaraq zərbə vurur. Cavabdehin dəfələrlə öz mənzilindən çıxıb arxayın gəzməsi və onlara “nə edirsiz edin!” deməsi onu daha da qıcıqlandıraraq şərəf və ləyaqətimi alçaldır. Həmçinin sonuncu dəfə cavabdeh tərəfindən su axıdılması nəticəsində, qeyd edildiyi kimi elektrik qısaqapanması baş vermiş və bu zaman, o, və qızı bərk qorxmuşdular. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh mənzilinə vurduğu zərərlə əlaqədar iddiaçıya dəymiş 3000 (üç min) manat məbləğində olan maddi zərərin, mənəvi ziyan olaraq 10.000 (on min) manat pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat pulun tutularaq İddiaçı qızına ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 4 saylı mənzilinə axıdılan suyun qarşısının alınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı və onun nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 01.09.2020-ci tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 14.05.2009-cu il tarixdə Nəsimi rayon 15 saylı MKİS-nin mühəndisi A.Q. Quliyev, sahə müvəkkili İ.Məmmədov və çilingər R.Qasımov tərəfindən tərtib olunmuş və imzalanmış akta əsasən ünvan 4 ünvanına su sızmasının səbəbi ünvan 5 ünvanında olan sanitar qovşağın nasazlığından qaynaqlanır. 20.06.2015-ci il və 30.11.2020-ci il tarixlərində Nəsimi rayon 15 saylı MKİS-nin rəisi M.M.Əliyev, hesabdarı M.İ.Məmmədov və sahə nəzarətçisi M.M.Əliyev tərəfindən tərtib olunmuş və imzalanmış aktlara əsasən ünvan 4 ünvanına su sızmasının səbəbi ünvan 5 ünvanında olan sanitar qovşağın nasazlığından qaynaqlanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1708 nömrəli, 16.07.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, mülki iş materiallarında aktların göstəricilərini, cavabdehin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, iddiaçının 03 saylı mənilinin kostruktiv elementləri (divar, tavan və s.) müxtəlif həcmdə qüsurların mövcudluğunu nəzərə alaraq, iddiaçının 03 saylı mənzilinə cavabdehin 04 saylı mənzilindən suyun sızması və sızan suyun səbəbinin cavabdehin mənzilinin sanitar qovuşağının kanalizasiya xətlərində yaranmış nasazlıq olduğu müəyyən edilmişdir. Tədqiq olunan ünvanda yerləşən 04 nömrəli mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 956,2 manat məbləğində müəyyən olunur (Aparılmış tədqiqatın dəyəri: 50 manat). Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halların və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin 01.03.2021-ci il tarixli, 2(006)-1559/2021 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, ekspert rəyinə əsasən 3 saylı mənzilə 4 saylı mənzildən su sızmasının baş verdiyi, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 956,2 manat məbləğində olması müəyyən edilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Beləkilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 956,2 manat təşkil etdyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 956,2 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 10000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının evinə cavabdehin evindən mütəmadi olaraq suyun axıdılması nəticəsində ona dəymiş mənəvi zərəri 300 manat məbləğində qiymətləndirir. Məhkəmə iddianın “Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 3 saylı mənzilinə axıdılan suyun qarşısının alınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1708 nömrəli, 16.07.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 3 saylı mənzilinə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 4 saylı mənzilindən su sızmasının baş verməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunmalı, İddiaçı qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 3 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 4 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, mənzilə su sızması nəticəsində dəymiş maddi ziyan olaraq 956,2 manat, vurulmuş mənəvi zərərə görə 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 3 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 4 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 50 manat təşkil edir. İddiaçının tələbinin 50%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 956,2 manat, mənəvi zərərə görə 300 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1271,2 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 3 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 4 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 25 manatı İddiaçı qızından, 25 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar