Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1561/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı «X2-Bakı» Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X9» Tibb Mərkəzində iddiaçıya göstərilmiş tibbi xidmətlərə görə ödəniş etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə ürəkdamar xcəstəliyi ilə əlaqədar həmin tibb mərkəzində əməliyyat olmuşdur. Əməliyyat zamanı 200 manat laborator müayinələrlə, 450 manat anju olması il əvə 5950 manat əməliyyatı ilə bağlı niş etmişdir. İddiaçıya dəymiş ümumilikdə 6600 manat məbləğində ziyanın verilməsi məqsədilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə t9bb9 sığortanın ödənilməsi ilə əlaqədar müraciət etsə də, Agentlik tərəfindən müraciəti təmin edilməməyərək məhkəməyə müraciət etməli olduğu tövsiyyət edilmişdir. Hesab edir ki, Agentliyin iddiaçıya dəymiş maddi ziyanı ona ödəməməsi qanunsuz və əsassızdır. Öu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Qeyd edir ki, o, 1-ci Qarabağ Müharibəsində qəhrəmancasına döyüşmüşdür. Özü 2-ci qrup Qarabağ Müharibəsi əlilidir. Səhhətində yaranmış ürək-damar xəstəlikləri müharibə zamanı əmələ gəlmişdir. Müharibədən sonra müntəzəm olaraq müalicə almışdır. Tibb Mərkəzində əməliyyat olarkən maddi cəhətdən vəziyyəti pis olduğundan Agentlik və Azərbaycan Respublikasının Qanunların qüvənərək pul taparaq ödəniş etmişdir. Lakin əməliyyatdan sonra maddi ziyanın qaytarılması ilə əlaqədar dəfələrlə Agentliyə müraciət etsə də, ona dəymiş maddi ziyanı ona ödəməkdən imtina etmişdir. Hər dəfə Agentlikdən imtina aldıqda əsəb, həyəcan və psixoloji sarsıntı keçirmişdir. Cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona 6600 manat məbləğində maddi ziyan, 500 manat məbləğində isə mənəvi ziyan dəymişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ona qarşı etdiyi qanunsuz, əsassız əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın vurulması sübut olunur. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən mənəvi zərərin əvəzinin ödənilməsi üçün ondan 500 manat pul və maddi ziyana görə 6600 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə «X2-Baku» QSC-yə aparılmış və orada təcili olaraq ürək əməliyyatı olunmuşdur. Səhəri gün o, ödənişi edərək evə buraxılmışdır. O, çəkdiyi xərclərlə bağlı «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 müraciət etsə də, onlar bundan imtina etmişlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər evdən çörək almaq üçün çıxmış və yolda vəziyyəti pisləşdiyindən evə qayıtmışdır. Daha sonra xəstəxanaya aparılmışdır. Olunmalı olan analizlər götürülmüş və təcili əməliyyata qaldırılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı göndəriş əasında onların müəyyən etdiyi xəstəxanaya getmədiyi və onlarla müqaviləsi olmayan «X9» Tibb Mərkəzində müalicə və əməliyyat olunduğu üçün Azərbaycan Respublikası NK-nın 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq olunmuş «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nin tələblərini pozmuşdur. Belə ki, iddiaçı həmin vaxt onlara müraciət etməli və onların göndərişi əsasında müayinə və müalicə olunmalı idi. Çünki onların müəyyən etdiyi xəstəxanalarla aralarında razılaşma olduğundan həmin razılaşma əsasında müəyyən edilən şərtlərlə vətəndaşın müalicəsi və müayinəsi tərəflərdən qarşılanır. Ancaq belə olan halda iddiçının əməliyyat olunduğu xəstəxana ilə aralarında hər-hansı razılaşma olmadığından və həmin əməliyyatın təcililiyi sübuta yetirilmədiyindən müəyyən olunmuş xəstəxana məsrəflərinin tərəflərdən öödənilməsi mümkün deyildir. Əlavə olaraq bildirmək istəyir ki, ekspert rəyi və iş materiallarından da görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə xəstəxana ilə əlaqə saxlayıb və ona məsləhət verilib. Həmçinin iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə səhər saatlarında xəstəxanaya aparılıb və onun əməliyyatı isə 17.00-da olunub. Yəni, bu hallar özlüyündə iddiaçının üzləşdiyi sağlamlıq probleminin təcili olmamasını göstərir. Qeyd edilən halları nəzərə alaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X2-Bakı» QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan «X2-Bakı» MMC (X8) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2344/22 nömrəli xəstəlik tarixinin və epikrizin surətindən və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, xəstə İddiaçı xx.xx.2022-ci il tarixdə saat 17.00da «Əsas xəstəlik: «ÜİX.Sol mədəciyin ST elevasiyasız miokard infarktı, kəskin dövr», yanaşı: «Hipertoniya xəstəliyi, İİ mərhələ» diaqnozu ilə klinikaya daxil olmuş, şikayətləri: döş müsüyü arxasında əmələ gələn göynədici ağrılardandır, Anamnesis morbi: əvvəllər angioplastika olunub, dərmənlarını mütəmadi qəbul etmir, xx.xx.2022-ci il tarixdə axşam saatlarında şikayətləri başlayıb, mərkəzə müraciət edib və KAQ məsləhət görülüb. Status praesens: huşu aydındır, ümumi vəziyyəti orta ağırdır, dəri və görünən selikli qişaları normal rəngindədir, auskultasiyada ağciyər üzərində vezikulyar tənəffüs eşidilir, cor tonları normaldır, AT 150/66, mm.c.süt, ps 63 vurğu/dəq., ritmikdir, diurez və defekasiya aktı sərbəstdir, qaraciyər və dalaq əllənmir. Müayinələr - laborator instrumental: EKQ-də: sinus ritmi, ÜEO-nun sola meyilli vəziyyəti, qulaqcıq ekstrasistoliyaları qeyd edilir; EXO-KQ-də: LVEF-N, ctddi qapaq patologiyası aşkar edilmədi, xx.xx.2022 Koronar angioqrafiya: RCA 50%,80%,90%, 40%, Cx 100% darlıq aşkar edildi,LAD stentlər açıqdır. Xüsusi müalicə: xx.xx.2022. Angioplastika: RCA damardakı darlıq nahiyyəsinə 4,0-35 mm və 4.0-40 mm ölçüdə «Orsiro», Cx damardakı darlıq nahiyyəsinə 2.5-22 mm ölçüdə «Orsiro» stentər uğurlu implantə edildi. Nəticə: xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə kardioloqun ambulator müalicəsinə yazılmışdır.
8. İş materiallarında olan «X2-Bakı» MMC (X8) tərəfindən verilmiş mədaxil qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə (laborator müayinər üçün) – 201 manat, xx.xx.2022-ci il tarixdə (anju üçün) – 450 manat, xx.xx.2022-ci il tarixdə (əməliyyat üçün) – 5.950 manat ödəniş etmişdir.
9. İş materiallarında olan «X2-Bakı» MMC-nin 93530 №-li satış çekindən görünür ki, «X2-Bakı» MMC-yə 5.950 manat məbləğində ödəniş edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/1-2-2022-30710 nömrəli məktubun surətindən görünür ki, Agentlik özəl klinikalara göndəriş verilməsinin Azərbaycan Respkblikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi» çərçivəsində tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş hallarda və bununla əlaqədar bağlanmış müqavilə əsasında həyata keçirildiyini bildirir. Qeyd olunanları nəzərə alaraq «X9» tibb mərkəzində İddiaçı göstərilmiş tibbi xidmətlərə görə ödəmiş olduğu vəsaitin İddiaçı qaytarılması ilə bağlı tələbi məhkəmə qaydasında təmin edildiyi halda həyata keçməsinin mümkün olduğunu diqqətə çatdırırlar.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, «X2-Bakı» MMC (X9) ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs arasında 2022-ci ildə tibbi xidmətlərin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi bağlanmamışdır.
12. Məhkəmənin sorğusuna cavab olaraq «X2-Bakı» QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02/76 saylı məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baza olan serverlərə virus düşmüşdür və bu virus serverlərdə olan bütün məlumatları şifrələmişdir. Şifələnmiş məlumatların bərpa olunması üçün İT mütəxəssislərinin dəfələrlə cəhd göstərməsinə baxmayaraq nəticə uğursuz olmuşdur. Bu səbəbdən 13-14 fevral 2023-cü il tarixdə serverlər yenidən format olundu və yeni baza quruldu. Köhnə bazanın geri qaytarılması üzrə işlər davam etdirilir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiqlənmiş Xidmətlər Zərfi (Xidmətlər Zərfi) çərçivəsində olan tibbi xidmətlərin sığortaolunanlara göstərilməsini təmin edir. Sığortaolunanlar icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə, xidmətin həyata keçirilməi həmin müəssisələrdə mümkün olmadıqda isə, göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agntliyi ilə müqaviləli tibb müəssisələrinə müraciə edə bilərlər. Məktubda qeyd olunan vətəndaşa göstərilən tibbi xidmətlər Xidmətlər Zərfində 2.5.34 Koronar anqioqrafiya (selektiv sağ-sol koronar) – 236 manat, 2.6.6 Perkutan translyuminat koronar anqioplastika (ilk stent tətbiqi dərman örtüklü və ya sadə metal stent olmasından asılı olmayaraq) – 1500 manat, 2.6.2 Bir vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) – 600 manat müəyyən olunmuşdur və tibbi xidməti icra edən tibb müəssisəsinə ödənilir. Vətəndaşın ödədiyi məbləği geri qaytarılması ilə bağlı məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək əldə etməsi tövsiyə olunur.
14. Məhkəmə tərəfindən təyin edilmiş 692/KEŞ saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1957-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.«X9»da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında «ÜİX. Sol mədəciyin ST-elevasiyasız miokard infarktı, kəskin dövr. Hipertoniya xəstəliyi İİ mərhələ» diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq üzərində həmin tarixdə «Koronar angioqrafiya» müayinəsi aparılmış və «Angioplastika» əməliyyatının icrasına tibbi göstərişi olmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ağır vəziyyətdə «X2-Bakı» («X9») QSC-yə daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında iddiaçıya «ÜİX. Sol mədəciyin ST-elevasiyasız miokard infarktı, kəskin dövr, Hipertoniya xəstəliyi İİ mərhələ» diaqnozu qoyulmuşdur. Diaqnoza uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddiaçının üzərində «Koronar angioqrafiya» müayinəsi aparılmış, «Angioplastika» əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı evə buraxılmışdır. İddiaçı tərəfindən «X2-Bakı» («X9») QSC-yə cəmi 6600 manat məbləğində pul ödənilmişdir. Tibbi sığortanın ödənilməsi ilə bağlı iddiaçı cavabdeh təşkilata müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı göndəriş əsasında cavabdeh təşkilatı müəyyən etdiyi xəstəxanaya getmədiyi və onunla müqaviləsi olmayan klinikada müalicə və əməliyyat olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nin tələblərini pozmuşdur. Hazırda iddiaçı maddi ziyana görə 6.600 manat, mənəvi zərərə görə 500 manat cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 692/KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə «X2-Bakı» («X9») QSC-yə daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında «ÜİX. Sol mədəciyin ST-elevasiyasız miokard infarktı, kəskin dövr. Hipertoniya xəstəliyi İİ mərhələ» diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq üzərində həmin tarixdə «Koronar angioqrafiya» müayinəsi aparılmış və «Angioplastika» əməliyyatının icrasına tibbi göstərişi olmuşdur.
17. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı).
18. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
19. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar).
21. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı).
22. Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X4rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
23. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
24. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
25. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasəna Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.
33. Həmin Qanunun 15-3.3-cü bəndinə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır.
34. “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 15-7.2.1-ci maddəsinə əsasən tibbi müəssisəsinin bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək vəzifəsi vardır.
35. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.
36. Məhkəmə qeyd edir ki, iddiaçıya tibbi xidmət göstərən tibb müəssisəsinin «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» publik hüquqi şəxsi ilə müqaviləsi olmasada «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulmuş istisna halda xəstəyə ödənişsiz tibbi yardım göstərmək vəzifəsi vardır. Bu hal (təcili və təxirə salınmaz hal) isə məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertizasının vermiş olduğu rəydə öz əksini tapmışdır. Belə ki, xəstə barəsində təyin edilmiş diaqnozdan görünür ki, (Sol mədəciyin ST-elevasiyasız miokard infarktı, kəskin dövr. Hipertoniya xəstəliyi İİ mərhələ) ürək nahiyyəsində kəskin dövr olan miokard infarkt mövcud olmuşdur. Bu hal isə onun təxirə salınmaz və təcili olmasının bariz göstəricisidir.
37. Məhkəmə daha sonra iddiaçının maddi ziyan tələbinin qismən təmin edilməli hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Fəxrəddin Manafov üzərində aparılan əməliyyatın qiyməti (dəyəri) məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən Koronar anqioqrafiya (selektiv sağ-sol koronar) – 236 manat, Perkutan translyuminat koronar anqioplastika (ilk stent tətbiqi dərman örtüklü və ya sadə metal stent olmasından asılı olmayaraq) – 1500 manat, Bir vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) – 600 manat olması müəyyən edilmişdir (ümumilikdə 1736 manat). İddiaçıdan alınan qalan məbləğin geri qaytarılması isə hazırki məhkəmə mübahisəsi olmamaqla başqa bir cavabdeh olan «X2-Bakı» Qapalı Səhmdar Cəmiyyətinə qarşı irəli sürülməli idi. Lakin hazırki maddi tələbin təmin olunmayan hissəsi cavabdeh «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 qarşı irəli sürülmüşdür. Bu halda iddiaçının geriye qalan məbləğin hazırki cavabdehdən tələb edilməsi əsassız olmuşdur.
38. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 1736 (bir min yeddi yüz otuz altı) manat məbləğində pul tutulmalıdır.
39. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 500 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir.
40. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
41. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
42. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
43. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
44. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
45. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları sırf cavabdehin təqsiri üzündənbaş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 500 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.
46. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1736 (bir min yeddi yüz otuz altı) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
47. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı «X2-Bakı» Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1736 (bir min yeddi yüz otuz altı) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov