Məhkəmə qərarları › İş №2(006)-1562/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1562/2021

12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1562/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı aralarında olan razılaşmaya əsasən 2019-cu ilin noyabr ayında İddiaçı yanvar 2020-ci il tarixinədək qaytarmaq şərti ilə 8.600 (səkkiz min altı yüz) manat məbləğində borc pul götürmüşdür. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Cavabdeh ilə onun arasında "borcun etirafı müqaviləsi" bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh bu müqavilə ilə İddiaçı 6.500 (altı min beş yüz) manat məbləğində pul borcunun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği bu Müqavilədə müəyyən edilmiş bir ay müddətində (xx.xx.2020) və razılaşdırılmış şərtlərlə İddiaçı tam həcimdə qaytarmağı öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən Cavabdeh İddiaçı 8.600 (səkkiz min altı yüz) manat məbləğində pul borcunu müəyyən edilmiş 2 ay müddətində, yəni razılaşdırılmış şərtlərlə 2020-ci ilin yanvar ayının sonunadək qaytarmalı olduğu halda, o, müxtəlif bəhanələrlə həmin borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh bildirmişdir ki, ondan aldığı 8.600 (səkkiz min altı yüz) manat məbləğində pul vəsaitinin 2.100 (iki min bir yüz) manatını Pərviz adlı şəxsə vermişdir. Ancaq İddiaçı cavabdehə 8.600 (səkkiz min altı yüz) manat məbləğində pul vermiş, Cavabdeh ondan iki ay müddətinə qaytarmaq şərti ilə borc aldığı məbləğdən başqa şəxslərə də pul verib. Lakin həmin məbləği o, şəxsən Cavabdeh vermişdir. Dəfələrlə ona borcunu qaytarması ilə bağlı şifahi qaydada müraciət edilməsinə baxmayaraq o bundan qərəzli olaraq boyun qaçırmışdır. Hətta Südabə 1 ildən çox müddətə qanunsuz olaraq özündə saxladığı pulu qaytarmadığı üçün İddiaçı tərəfidən Polis Şöbəsinə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin ona ünvanlanmış 0958580C saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdu ki, müraciət mülki xarakterlidir. Mülki işlərə baxmaq səlahiyyəti isə məhkəmə orqanlarına aiddir. Cavabdeh noyabr 2019-cu il tarixdən bu günə kimi iddiaçıya ödəniş etməmişdir. Bu səbəbdən 5000 min manat məbləğində pul əldən çıxmış fayda olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı ilə vəkil qrumu arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən göstəriləcək hüquq xidmətinin dəyəri 2500 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehin təqsiri üzündən pozulmuş hüquqlarının bərpası üzrə hüquqi xidmətlərinə görə çəkiləcək 2500 manat hüquqi yardım xərcləri, 30 manat dövlət rüsumu cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması, Cavabdeh əsas borc üzrə 8600 manat, əldən çıxmış fayda kimi 5000 min manat, hüquqi yardım xərcləri üzrə 2500 manat və dövlət rüsumu üçün 30 manat, ümumilikdə 16130 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək etiraf etdi ki, onun İddiaçı 8600 manat borcu var. Lakin maddi imkanın olmadığına görə həmin borcu ödəyə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, müraciətində göstərilən məsələnin mülki xarakter olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıdan 8600 manat məbləğində borc pul almışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya 8600 manat borcun olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında şifahi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə 8600 manat borc pul vermiş, cavabdeh iddiaçıya 8600 manat məbləğində (cavabdehin ərizəsində etiraf etdiyi məbləğdə) pul vəsaitini borclu qalmış və cavabdeh müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən ödənilməmiş 8600 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddianın «əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun tutulması» hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı həmin tələbin əsası kimi öz ərizəsində qeyd etmişdir ki, cavabdeh noyabr 2019-cu il tarixdən bu günə kimi iddiaçıya ödəniş etməmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı ümumilikdə 5000 (beş min) manat əldən çıxmış faydadan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadisosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərpa edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsinin təmin edilməsi üçün əsaslı və kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Həmçinin əldən çıxmış faydanın nədən ibarət olması, qeyd oluna məbləğ iddiaçıda olsaydı hər hansı bir gəlir əldə edəcəyinə dair ( kommersiya fəaliyyəti və s) sübut(lar) da məhkəməyə təqdim edə bilməmişdir. Bu əsasdan iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 5732 nömrəli mədaxil qəbzindən göründüyü kimi iddiaçı tərəfindən hüquqi yardıma görə “Pro Bono” Vəkil Bürosunun hesabına 313 (üç yüz on üç) manat ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi xidmətə görə yalnız ödənilmiş 313 (üç yüz on üç) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardımla bağlı digər hissədə isə sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə əsas borc üzrə 8600 (səkkiz min altı yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 313 (üç yüz on üç) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc üzrə 8600 (səkkiz min altı yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 313 (üç yüz on üç) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar