Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1564/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmamış uşaqları - X8, X5, X20 və X19 mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Cavadxan küçəsi, ev 3, 20№li mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Cavadxan küçəsi, ev 3, 20 saylı mənzilin mülkiyyətçisidir Cavabdehlər Cavabdeh1, Cavabdeh2 ona məxsus mənzildə qeydiyyatdadırlar. Lakin, onların qeydiyyatı ona məxsus mənzildə tamamilə formal xarakter daşıyır və faktiki olaraq cavabdehlər öz ailə üzvləri ilə birlikdə başqa ünvanlarda yaşayırlar. Belə ki, cavabdeh onun oğlu Cavabdeh1 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur və həmin vaxtdan ona məxsus evdə yaşamır, o, öz ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində daimi olaraq yaşayır. Cavabdeh onun qızı Cavabdeh2 2005-ci ildə rəsmi nikaha daxil olmuşdur və həmin vaxtdan ona məxsus evdə yaşamır, o öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində daimi olaraq yaşayır. Beləliklə, onların ona məxsus mənzildə qeydiyyat tamamilə formal xarakter daşıyır, onların mülkiyyət hüququ üzrə ona məxsus mənzildə heç bir istifadə hüququ yoxdur. Hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-cı il təvəllüdlü X21, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X20, xx.xx.2012-ci il təvəllüdlü X8 mülkiyyət hüququ üzrə ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, iş üzrə cavabdehlər onun birinci nikahından olan övladlarıdır. Mübahisə predmeti üzrə evdə cavabdehlər uzun müddədir ki, yaşamırlar. Hazırda mübahisə predmeti üzrə evdə o, həyat yoldaşı X3 və oğlu X6 yaşayırlar. X4 ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə başqa evdə yaşayır. Mübahisə predmeti üzrə ev mərhum nənəsindən miras qalmış və 2008-ci ildə çıxarış almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, iş üzrə cavabdehlər uzun müddətdir ki, mübahisə predmeti üzrə evdə yaşamadıqlarına görə həmin evə dair istifadə hüquqları yoxdur. İddiaçı ilə ümumi təsərüffat aparmırlar və onların əmlakı və əşyaları yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı onun doğma atasıdır. 2001-ci ildən 2009-cu ilə kimi restoranda işləyən zaman həmin evə həftədə 2 dəfə gəlmişdir və iddiaçı ilə birlikdə ümumi təsərüffat aparmışlar. Son 3 il əvvələ kimi həmin evə getmişdir. Lakin, iddiaçı ona həmin evdə yaşamağa qoymur. 2011-ci ildən ailə həyatı qurduqdan sonra həmin evdə yaşamır. Hazırda Sumqayıt şəhərində ailəsi ilə birlikdə kirayədə yaşayır. O və uşaqları həmin evdə qeydiyyatdırlar. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı onun doğma atasıdır. Ailə həyatı qurandan sonra həmin evə müəyyən vaxtlarda getmişdir. Hazırda nikahı pozulmuş və uşaqları ilə kirayədə yaşayır. Həmin evdə onun da yaşamaq hüququ olduğu halda iddiaçı ona yaşamağa qoymur. O və uşaqları həmin evdə qeydiyyatdadırlar. Həmin evdə 17 il yaşamışdır. Uşaqları Xətai rayonunda məktəbə gedirlər və orada Poliknikada qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0.0645 ha torpaq sahəsində yerləşən 3 nömrəli 5 mərtəbəli binada 37.7 kv.m ümumi 26.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adıan daşınmaz əmlakın dövlət reyestrində 850 nömrəli reyestr kitabının 79122 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan 23 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 123 saylı arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda qeydiyyatda olsa da həmin ünvanda yaşamır. İş materiallarında olan 23 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 121 saylı arayışdan görünür ki, Cavabdeh2 iki övladları X20 və X21 ilə ünvan 1 ünvanda qeydiyyatda olsa da həmin ünvanda yaşamırlar. İş materiallarında olan 23 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 123 saylı arayışdan görünür ki, ünvan 1 ünvanda hazırda İddiaçı, onunla birlikdə X3 və X6 yaşayırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən ünvan 1-nin İddiaçı adına keçməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə X14 verilmiş orderə əsasən həmin ünvanda ondan başqa nəvələri İddiaçıK və Əhmədov Q.A-ya yaşamaq hüququ verilmişdir. Həmin materiala əlavə edilən 23 saylı MKİS tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş forma 2 arayışdan görünür ki, ünvan 1 İddiaçı məxsusdur və həmin ünvanda həyat yoldaşı X3, oğlu Cavabdeh1, qızı Cavabdeh2, qızı X7 və oğlu X6 daimi qeydiyyatdadırlar. Həmin materiala əlavə edilən xx.xx.2003-cü il tarixli ərizələrdən görünür ki, Cavabdeh1 və X9 ünvan 1-nin İddiaçı adına özəlləşməsinə razılıq vermişlərdir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 1982-ci il, Cavabdeh2 isə 1985-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadırlar. Məhkəmə araşdırılması zamanı işin tərəflər arasında mübahisələndirilməyən halları ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 2011-ci il tarixdə ailə həyatı qurmaqla evi tərk etmiş, Cavabdeh2 isə 2005-ci il tarixdən rəsmi nikaha daxil olmaqla həmin vaxtdan könüllü olaraq qeyd edilən mənzildən ərinin yaşadığı evə köçmüşdür. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamamaları səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər ailə qurduqdan sonra mübahisəli mənzildən köçmüş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqələrini kəsmişlərdir. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və bu müddət ərzində mübahisəli mənzilə gəlməmələri, yalnız onların başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsindən hüququ itirilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında verilmiş tərəflərin izahatları digər hallarla müəyyən edilmişdir ki, cavabdehlər 2005-ci və 2011-ci ildən könüllü olaraq qeyd edilən ünvandan köçmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etmələrini zəruri edən əsas aradan qalxdığından, iddiaçı cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yetkinlik yaşına çatmayan uşaqları X2, X1, X17 və X19 Bakı şəhəri Nəsimi rayonu, 1-ci mkr, Cavadxan küçəsi 3 saylı evin, 20 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1564/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1564/2023
18.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver