Məhkəmə qərarları › İş №2(006)-1576/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1576/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1576/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,. MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışlar ki, İddiaçı xx.xx.1990-cı il tarixində Bərdə rayonunda anadan olmuşdur. O 2009-2010-cu illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli hərbi xidmət keçmişdir. 2014-cü ilin iyul ayından etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2016-cı ilin noyabr ayında xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinə keçirilmişdir. 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmişdir. O, 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı 18 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və diyər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. 16 yanvar 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 14 iyun 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasft Cinayət Məcəlləsinin 134, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri X9 Müşviq və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Beləliklə, İddiaçı əsassız və qanunsuz olaraq ittihamlara məruz qalmış, 18 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk aylarını ağır işgəncələrə məruz qalmış, ona qarşı yeni ittiham irəli sürülmüş, ona qarşı irəli sürülmüş ittihamlarla təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına mahkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq атак haqqını 2017-ci ilin may ayında almışdır. "xxxx" ASC-nin Bərdə rayon filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 883 (səkkiz yüz səksən üç) manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 66 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 58,278 (əlli səkkiz min iki yüz yetmiş səkkiz) manat edir (883x66=58,278). İddiaçı xüsusilə ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkdiyindən, azadlığının əlindən alındığı 66 ay müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvləri mənəvi iztirablar yaşadığından, məhz bu ittihamlara məruz qalıb həbs edildikdən sonra həyat yoldaşının boşanaraq ondan uzaqlaşmasından, faktiki ailəsinin dağılmasından, bir övladının illər ərzində valideynsiz, yalnız baba-nənəsinin himayəsi altında böyüməsindən, həm özünün, həm də valideynlərinin ağır mənəvi-psixoloji hallar yaşamasından ona vurulmuş mənəvi zərərə görə isə 1,000,000 (bir milyon) manat kompensasiya tələb edir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 68-cı maddəsindən, İnsan hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) qərarlarından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 36-cı maddəsindən, V fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1101-ci maddəsindən, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 06 dekabr 2022-ci il tarixli qərarından irəli gəlir. Göstərilənlərə əsasən İddiaçı vurulmuş mənəvi zərərə görə 1,000,000 (bir milyon) manat məbləğində kompensasiyanın və 58,278 (əlli səkkiz min iki yüz yetmiş səkkiz) manat maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiçaçı İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı 18 may 2017-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və diyər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sonradan həmin qətimkan tədbiri bir neçə dəfə uzadılmışıdır. 16 yanvar 2018-ci il tarixində iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 14 iyun 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru İ dərəcəli dövlət ədliyyə müşaviri X9 Müşviq və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ у və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Beləliklə, İddiaçı əsassız və qanunsuz olaraq ittihamlara məruz qalmış, 18 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk aylarını ağır işgəncələrə məruz qalmış, ona qarşı yeni ittiham irəli sürülmüş, ona qarşı irəli sürülmüş ittihamlarla təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. "xxxx" ASC-nin Bərdə rayon filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 883 manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 66 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 58,278 manat edir. Bütün bu qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq və müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X8 məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökmlər ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin ‘‘Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ‘‘Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 N°-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.

7. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X6 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci -addəsinə əsasən hissəvi xitam verilməsi, ********* nömrəli cinayət işinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə cinayət qanunu müddəalarının qüvvəsinə görə və şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilməsi, qərarın surəti İddiaçı və onun müdafiəçisi X7 göndərilməsi qərara alınmışdır.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2687 saylı arayışından görünür ki, İddiaçı barəsində Tərtər Rayon Məhkəməsinin qərarı ilə CM-nin 274 maddəsi ilə həbs seçilmiş, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanılmış və AR Baş Prokurorluğu İİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tətbirinə xitam verilməklə xx.xx.2022-ci il tarixində Bakı İstintaq təcridxanasında həbsdən azad olunmuşdur.

11. Mülki işin materiallarında olan Tərtər Hərbi Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə bildirilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarı ilə həbsdə saxlama müddətinin əvvəli 18 may 2017-ci il tarixdən hesablanmaqla, 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 1 (098)-91/2018 saylı cinayət işi Azərbaycan Respublikası Baş prokurorluğunun sorğusu əsasında Tərtər Hərbi Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1147 saylı məktubu ilə Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmişdir.

12. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 4689,04 AZN mədaxil olunmuş, 4689,04 AZN məxaric olunmuşdur.

13. Mülki işin materiallarında olan AO ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı Tərtər Rayon Məhkəməsinin qərarı ilə CM-nin 274-cü maddəsi ilə həbs edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanılmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməklə xx.xx.2022-ci il tarixində Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsiri bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017ci ildən xx.xx.2022-ci il tarixinə qədər, yəni 66 ay həbsdə saxlanılmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı qarşı irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 58.278 manat, vurulmuş mənəvi zərərə görə 100.000 manat, cəmi 158.278 manat kompensasiyanın ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

16. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

17. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

18. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

19. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

20. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

21. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

23. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

24. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

25. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

27. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

28. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

30. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).

31. Məhkəmə qeyd edir ki, iddiaçı X4 əsassız olaraq 66 ay müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur.

32. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 58.278 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

33. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus olan əmək haqqı kartı üzrə son ilin (aylar üzrə xüsusilə) çıxarışdan görünür ki, İddiaçı orta aylıq əmək haqqı məbləği 871 ( xx.xx.2017-ci il üzrə- 897 manat, xx.xx.2017-ci il üzrə -814 manat, xx.xx.2017-ci il üzrə-670 manat, xx.xx.2017-ci il üzrə isə - 1104 manat, ümumilikdə 3485 manat ( 3485 manat : 4 ay = 871 manat orta aylıq gəliri).) manat təşkil etmişdir. Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində isə 66 ay ərzində əmək haqqından məhrum olmuşdur.

34. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 57.486 (871 manat x 66 ay = 57.486) manat məbləğində pul tutulmalıdır.

35. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

38. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

40. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

42. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı 66 ay əsassız həbsdə olduğundan və bu hal cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir.

43. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir.

44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 66.000 (1.000 x 66 ay) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 66.000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir.

45. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri üzrə (134; 150.2.1; 150.2.4; 150.2.5 və s.) cinayət işi başlanılmış və son olaraq bütün hissələri üzrə yekun olaraq AR CM-nin 331.2 və 329.1ci maddələri istisna olmaqla cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin istisna kimi qalan AR CM-nin 331.2 (qüvvədən düşmüş) və 329.1-ci maddələri üzrə məhkəmə qeyd edir ki, həmin sonuncu maddələrin dispozisiyasında azadlıqdan məhrum etmə cəzası müəyyən edilsədə son həddi maksimum iki il olmuş, bu isə iddiaçıya ən yüksək cəza verilməsini halının ehtimalının az olması deməkdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı son olaraq ona verilmiş ittiham üzrə cəza təyin edilmiş olsaydı da (həbs qətimkan tədbirinin seçilməsi ehtimalının az olması) belə iddiaçı öz iş yerində qalmaqla əmək münasibətlərini davam etdirəcəkdi.

46. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 57.486 (əlli yeddi min dörd yüz səksən altı) manat, mənəvi zərərə görə 66.000 (altmış altı) manat, ümumilikdə 123.486 (bir yüz iyirmi üç min dörd yüz səksən altı) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 57.486 (əlli yeddi min dörd yüz səksən altı min) manat, mənəvi zərərə görə 66.000 (altmış altı min) manat, ümumilikdə 123.486 (bir yüz iyirmi üç min dörd yüz səksən altı) manat pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar