Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-159/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X9 və Hüseynova Rasimə Tofiq qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 950 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o uzun müddətdir ki, Kürdəmir rayonunun Sığırlı kənində yaşayır. 05.03.2017-ci il tarixdə Kürdəmir rayon mərkəzi bazarında ümumi dəyəri 950 manat olan 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 dəst krosnu dəsti almışdır. Həmin avadanlıqların dəyərini 3,5 aya ödəmişdir. Təqribən 2020-ci ilin yay aylarında elektrik enerjisində baş vermiş yüksək gərginlik nəticəsində həmin avadanlıqlar sıradan çıxmış, nəticədə avadanlıqlar işlənməz hala gəlmişdir. Həmçinin ondan əlavə bir neçə vətəndaşın elektrik avadanlıqları sıradan çıxmışdır. O bu barədə ustaya müraciət etmişdir. Lakin həmin avadanlıqların işləmək qabiliyyətinin olmadığı müəyyən olunmuşdur. Ona dəymiş ziyanının ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh quruma müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Onlara ünvanladığı məktublar cavabsız qalmışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək bildirdi ki, yaşadığı ərazidə istifadə edilən transformator qəzalı vəziyyətdədir. Bu barədə müvafiq orqanın 3 rəyi var. Transformator çox yüksək gərginliklə işlədiyinə görə ona məxsus məişət əşyaları 3 dəfə sıradan çıxmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 izahatında bildirdi ki, iddia tam əsassızdır. İş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspertin rəyi də deməyə əsas verir ki, mübahisəli hadisənin baş verməsində "xxxx" ASC-nin təqsiri olmamışdır. İddiaçı tərəfindən isə mübahisəli hadisənin təmsil etdiyi cavabdehin təqsiri ucbatından baş verməsinə dair kifayət qədər sübutlar təqdim edilməmişdir. Belə ki, hazırda müasir avadanlıqların hamısının özündə tranzistr var, qısaqapanma olduqda tranzistr isə düşür. Odur ki, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 06.07.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, X2 rayon Sığırlı kənd sakini İddiaçı məişət cihazlarına yüksək gərginlik nəricəsində ciddi maddi zərər dəydiyini təsdiq edir. İddiaçı ilə “Mebel cehiz dükanı” arasında 05.03.2017-ci il tarixdə ümumi dəyəri 950 manat təşkil edən dəyəri 500 manat olan 1 ədəd televizor, dəyəri 350 manat olan 1 ədəd soyuducu və dəyəri 100 manat olan 1 ədəd krosnu dəstini hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilə bağlanılmışdır. “Mərkəzi Aran” X12 və Satışı İdarəsinin Kürdəmir rayonunun Sığırlı kəndinin sakini X6 və başqalarına ünvanladığı 13.02.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, “Mərkəzi-Aran” RETSİ-nin struktur tərkibinə daxil olan Kürdəmir EŞ-nin 23 saylı, 04.02.2020-ci ii tarixli xidməti məlumatına əsasən, sözügedən ərazidə "xxxx" ASCnin tədbirlər planına əsasən Sığırlı kəndinin çox hissəsində yenidənqurma işləri aparılmış, 0,4 kV-iuq açıq naqilli hava xətləri yeni SİP kabellərlə əvəz olunmuş, 0,4 kV-luq dayaqlar əkilmiş və həmçinin güc mərkəzləri seçilərək yeni KTM-lər quraşdırılmişdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, müraciətdə adıçəkilən ərazinin enerji təchizatı 100 kVa güclü, ******* inventar saylı KTMdən təmin olunur. Həmin transformatorda elektrik şəbəkəsi tərəfindən təmir işləri aparılmış, 0.4 kV-luq çıxışları müasir standartlara uyğun olaraq ÖİN(SİP) markalı kabellə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Kürdəmir X1 ünvanladığı 08.06.2021-ci tarixli məktubun surətindən görünür ki, məsəiə ilə əlaqədar yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sözügedən ərazinin elektrik enerjisi ilə təchizatı 110/10 kV-luq "Sığırh dartıcı” yarımstansiyasından çıxan 10 kV-luq “Oktyabr” hava xəttindən qidalanan ******* inventar nömrəli 10/0,4 kV-luq 100 kVA gücündə transformator məntəqəsi (TM) vasitəsilə həyata keçirilir. Baxış zamanı TM-in giriş hissəsində mövcud olan 10 kV-luq anker dayağın çürüyərək istismar müddətini başa vurduğu, transformatorun 10 kV-luq ayrıcısının sxemdən çıxarıldığı, 10 kV-luq qoruyucularının qeyri-standart olduğu, gövdəsinin yağ və çirkdən təmizlənmədiyi, ətrafının çəpərlənmədiyi və qapısının olmadığı müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, Sığırlı kəndinin elektrik şəbəkəsinin böyük hissəsində yenidənqurma işləri aparılsa da, İşlər tamamlanmamışdır. Yenidənqurma işləri aparılan hissələrdə basdırılmış 0,4 kV-luq dəmir dayaqların bünövrəsi sement qarışığı ilə möhkəmləndirilməmiş və nəticədə bəzi dayaqlar əyilmişdir. Göstərilənlər nəzərə alınaraq “Elektrik enerjisindən istifadə Qaydalarının 10.7, 10.17-ci bəndlərinin və 10.18.2-ci yarımbəndinin tələblərinə əsasən baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün göstərilən qüsurların aradan qaldırılması, eləcə də, kənd razisində istehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması ıqsədiiə "xxxx" ASC-yə göndərilmiş məktuba cavab olaraq, Sığırlı kəndinin elektrik) əkəsində tamamlanmamış yenidənqurma işlərinin 2021-ci il ərzində başa çatdırılmasının nərdə tutulduğu və yuxarıda qeyd olunan ******* inventar nömrəli TM-in Qaydaların tələblərinə uyğun istismar olunması məqsədilə aidiyyəti üzrə göstəriş verildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Kürdəmir Filialının İddiaçı ünvanladığı 01.03.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, sözügedən ərazinin elektrik enerjisi ilə təchizatı 110/10 kV-luq “Sığırlı dartıcı yarımstansiyasından çıxan 10 kV-luq “Oktyabr” hava xəttindən qidalanan ******* inventar nömrəli 100 kVA gücündə 10/0,4 kV-luq transformator məntəqəsi (TM) vasitəsilə həyata keçirilir. Baxış zamanı TM-nin giriş hissəsində mövcud olan 10 kV-luq anker ağac dayağın çürüyərək istismara yararsız olduğu, transformatorun 10 kV-luq ayrıcısının sxemdən çıxarıldığı, 10 kV-luq qoruyucularının qeyri-standart olduğu, TM-in 10 və 0,4 kV-luq tərəflərində qapısının olmadığı, ətrafının çəpərlənmədiyi və nəticədə təhlükəli vəziyyətin yarandığı müəyyən olunmuşdur. Odur ki, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün yuxarıda göstərilən qüsurların aradan qaldırılması, eləcə də, kənd ərazisində istehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq" ASC-yə göndərilmiş məktublara cavab olaraq, Sığırlı kəndinin elektrik şəbəkəsinin 70%-ə yaxın hissəsinin yenidən qurulduğu, yarımçıq qalmış işlərin davam etdirilməsinin “İnvestisiya Planı”na daxil edildiyi bildirilmişdir. Eyni zamanda məktubda, Plana uyğun işlərə başlanıldıqdan sonra sözügedən TM-nin yeni komplekt transformator məntəqəsi (KTM) ilə əvəz ediləcəyi və ərazidə kabel çəkilişi işlərinin tamamlanacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3674, 10/2670 nömrəli, 01.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, elektrik enerjisi ötürülən naqilin en kəsik sahəsinə normadan artıq yükün verilməsi elektrik şəbəkə, maşın və aparatlarının elektrik keçiricilərində yol verilən normadan artıq cəryanın əmələ gəlməsinə və bununla da, şəbəkəyə qoşulu halda olan avadanlıqların sıradan çıxmasına gətirə bilər. Təqdim edilmiş mülki iş materiallarında hadisə ərəfəsində X5 məxsus fərdi yaşayış evinə hansı ölçüdə gərginliyin verilməsi və mübahisə predmeti olan elektrik avadanlıqların texniki göstəriciləri barədə məlumat olmadığına görə,qərardadın 2-ci sualı üzrə dəqiqat aparılması mümkün olmamışdır. İddia ərizəsində adları sadalanan əşyaların markası, modeli, ölçüləri məlum olmadığından qiymətləndirmə aparılması mümkün olmammışdır. "xxxx" MMC-nin 04.05.2022-ci il tarixli, H/01-PLS saylı Hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində, məhkəmənin qərardadında göstərilən daşınar əmlakların qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1 ədəd Televizor 102 dioqanal (LC) – qiyməti 500 manat; 1 ədəd soyuducu (Çinar) – qiyməti 350 manat; 1 ədəd krosnu dəsti – qiyməti 100 manat olmaqla cəmi, 950 manat. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçıya məxsus əşyaların xarab olması transormator məntəqəsinin giriş hissəsində mövcud olan 10 kV-luq anker dayağın çürüyərək istismar müddətini başa vurduğu, transformatorun 10 kV-luq ayrıcısının sxemdən çıxarıldığı, 10 kV-luq qoruyucularının qeyri-standart olduğu, gövdəsinin yağ və çirkdən təmizlənmədiyi, ətrafının çəpərlənmədiyi və qapısının olmadığı ilə əlaqədar baş verdiyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, bu fakt X3 və “Mərkəzi Aran” X12 və Satışı İdarəsinin müxtəlif tarixli məktublarına əsasən müəyyən edilmişdir. Hadisənin "xxxx" ASC ucbatından baş verdiyini təkzib edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin müvafiq maddələrinə istinadən qeyd edir ki, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, həmçinin zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerji sistemində və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 950 (500+350+100) manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli və beləliklə də iddia əsaslı olduğundan qeyd olunan məbləğdə təmin edilməlidir. Maddi zərərin məbləği müəyyən edilərkən, məhkəmə işdə olan sübutlara əsaslanmışdır. Belə ki, iddiaçı ilə “Mebel cehiz dükanı” arasında bağlanmış 05.03.2017-ci il tarixli ümumi dəyəri 950 manat təşkil edən malın hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilədən və "xxxx" MMC-nin 04.05.2022-ci il tarixli, H/01-PLS saylı Hesabatından göründüyü kimi qeyd olunan əşyaların təhmini qiyməti 950 manat kimi müəyyən edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, maddi zərərə görə 950 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 980 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maddi zərərə görə 950 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-159/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-159/2022
19.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver