Məhkəmə qərarları › İş №2(006)-159/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-159/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-159/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2 iştirakları ilə İddiaçı1 Cavabdeh2; Digər İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən 14566 (on dörd min beş yüz altmış altı) manat, mənəvi zərərə görə 5000 (beş min) manat və vəkil xərclərinə görə 500 (beş yüz) manatın alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 93-cü km-də Cavabdeh2 idarə etdiyi “X11” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində ehtiyat yolda dayanmmış vəziyyətdə olan İddiaçı1 məxsus “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Bu hadisəyə səbəb “X11” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh2 yola nəzarət etməməsi və avtomobillə yüksək sürətlə hərəkət etməsi olmuşdur. “X11” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində zərbənin təsirindən təkəri qırılmış və buna görə də “tormoz” edə bilməmişdir. Hadisə zamanı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə iddiaçılar İddiaçı1 və İddiaçı2 olmuşlarr. Hadisə ilə bağlı Bİ Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Azər Əmiraslanov tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və material üzrə avtomobili hadisə zamanı idarə edən Cavabdeh2 barəsində AR İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi barədə qərar çıxarılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 01 mart 2023-cü il tarixdə baş vermiş hadisədən sonra bədənlərində yaranmış ağrılarla bağlı 02 mart 2023-cü il tarixdə “X10”ə müraciət etmiş, həkim tərəfindən İddiaçı1 bud-çanaq oynağının, sağ dizinin əzilməsi və boynun küt travması, İddiaçı2 isə döş qəfəsinin küt travması müəyyən olunmuşdur. Qeyd edilənlər və hadisənin baş verməsini əks etdirən foto-şəkillər, hadisə yerindəki izlər bir daha sübut edir ki, həmin hadisə Cavabdeh2 səriştəsizliyi, vəziyyətə nəzarət edə bilməməsi və sürət həddini aşması nəticəsində baş vermişdir. Baş vermiş hadisənin birtərəfli araşdırılması vurulan zərərə, hadisəyə düzgün qiymət verilməməsi, cavabdehlər tərəfindən iddiaçıların hüquqlarının pozulmasına, onlara vurulan həm maddi, həm də mənəvi zərərin ödənilməməsinə gətirib çıxartmışdır. Hadisəyə düzgün qiymət verilməməsi ilə bağlı və bunun nəticəsində iddiaçıların hüquqlarının pozulması ilə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı qəbul etmiş təhqiqatçı, polis mayoru Azər Əmiraslanov barəsində müvafiq instansiyalara müraciət olunmuşdur və nəticələri barədə məlumat verilməsi barədə məktublar alınmışdır. “X11” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 olmaqla o, özünə məxsus avtomobili Cavabdeh3 MMC-yə icarəyə vermiş və avtomobil MMC tərəfindən Cavabdeh2 etibarnamə əsasında idarə etmək hüququ verilmişdir. 01 aprel 2023-cü il tarixində İddiaçı1 “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə "xxxx" MMC-də diaqnostik baxış keçirildikdən sonra məlum olmuşdur ki, avtomobilin ehtiyat hissələrinin cəmi qiyməti 10491,00 (on dörd min dörd yüz doxsan bir) manat və xidmət haqqı üçün 4075 (dörd min yetmiş beş) manat, ümumilikdə 14566 (on dörd min beş yüz altmış altı) manat tələb olunur. Hadisə ilə bağlı "xxxx" Sığorta Şirkəti tərəfindən İddiaçı1 5000 (beş min) manat pul ödənilmişdir. Lakin həmin məbləğ iddiaçının əmlakına vurulan zərərin az bir hissəsini qarşılamışdır. İddiaçı2 hadisədən sonra sağlamlığında yaranan problemlərlə bağlı həkimə müraciət edilmiş, o, müalicələr almış və dərman preparatları qəbul etmişdir. Baş vermiş hadisə ilə bağlı cavabdehlərdən heç biri iddiaçılarla maraqlanmamış və hadisəyə görə nə maddi, nə də mənəvi cəhətdən onlara kömək etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş, onun və digər İddiaçı1 vəkilinümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciə edərək, təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, onun iştirakı olmadan məhkəmənin yekun qərarının elan edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib bildirdi ki, dəymiş zərərlə bağlı ona sığorta şirkəti tərəfindən 5000 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən isə 2750 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 qarşı olan iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edib bildirdi ki, iddia tələbini maşına dəyən zərər hissəsində qismən qəbul edir, mənəvi zərər hissəsində isə qəbul etmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi barədə” iddia tələbindən imtinası qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin “İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmiş, tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, ekspert rəylərini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nəqliyyat vasitəsinin BD163101 №-li qeydiyyat şəhadətnaməsindən görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı1dur. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətindəki 2008-ci il buraxılışlı “Toyota Land-Cruiser 200 minik” markalı 10TJ834 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnu xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilədək Cavabdeh3 MMC-yə etibar etmişdir. Etibarnamədə verilmiş səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli etibarnaməsindən (yol vərəqəsindən) görünür ki, MMC “X11” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək idarə etmək üçün Cavabdeh2 vermişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 11:00 dəqiqədə Hacıqabul rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Toyota Land-Cruiser 200 minik” markalı 10TJ834 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 (Cavabdeh1 məxsus olan avtomobili yol vərəqi əsasında idarə etmişdir), zərəçəkən əmlak isə “Kia Forte” markalı 77BN180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur (mülkiyyətçisi və hadisə vaxtı avtomobili idarə edən İddiaçı1). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ TTTYŞ tərəfindən tərtib edilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə barədə xx.xx.2023-cü il tarixli 64 saylı aktdan görünür ki, İddiaçı1 baş vermiş qəza zamanı ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ TTTYŞ tərəfindən tərtib edilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə barədə xx.xx.2023-cü il tarixli 65 saylı aktdan görünür ki, Cavabdeh2 baş vermiş qəza zamanı ayıq olmuşdur. Tibbi Ərazi Bölmələrini X5 Hüquqi Şəxsi “X10” X8 ambulator xəstənin tibbi kartasından xx.xx.2023-cü il tarixli 345 nömrəli çıxarışından görünür ki, xx.xx.2023-cü ildə Bakı-Qazax yolunun 92 km-də olan toqquşma nəticəsində İddiaçı2 “döş qəfəsinin küt travması” diaqnozu qoyulmuşdur. Tibbi Ərazi Bölmələrini X5 Hüquqi Şəxsi “X10” X8 ambulator xəstənin tibbi kartasından xx.xx.2023-cü il tarixli 346 nömrəli çıxarışından görünür ki, xx.xx.2023-cü ildə Bakı-Qazax yolunun 92 km-də olan toqquşma nəticəsində İddiaçı1 “bud-çanaq oynağının, sağ dizin əzilməsi və boynun küt travması” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli 78 nömrəli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı2 bədən səthində heç bir xəsarət aşkar olunmadı. Tibbi sənədlərdə göstərilən “Döş qəfəsinin küt travması. Döş qəfəsinin bərk əzilməsi” diaqnozuna gəlincə isə “küt travma” və “əzilmə” hər hansı bir sıyrıq, qançır, yara və s. ilə müşayiət olunmadığına görə, xəsarət kimi qiymətləndirilmir və məhkəmə-tibbi müayinəsi zamanı öz təsdiqini tapmamışdır. Kompyüter-tomoqrafiya zamanı ağciyərlərdə (solda) aşkar olunan “plevra qalınlaşması, plevra boşluğunda minimal maye izlərinin izlənməsi, fibrotik çəkintilər” əvvəllər keçirilmiş hər hansı bir iltihabi prosesin artıq əlamətləridir, travma ilə səbəbli əlaqəsi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli 81 nömrəli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü İddiaçı1 bədən səthində aşkar olunan xəsarətlər – sol budun yuxarı 1/3-nin ön səthində və sağ dizdə qançır - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə - 01 mart 2023-cü il hərəkətdə olan minik avtomobilinin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. İddiaçı1 izahatından görünür ki, mülkiyyətində olan “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə 01 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 93-cü kilometrliyində hərəkət edən zaman avtomobili ehtiyat yola verib saxlamışdır. Onun avtomobili ehtiyat yolda dayanıqlı vəziyyətdə olan zaman arxa tərəfdən hərəkət edən “X11” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə onun maşınına çırpılmışdır. Hadisənin baş vermə səbəbi “X11” markalı avtomobilin sürücüsünün yola nəzarət və heç bir tormozlama hərəkətini etməməsidir. Qəzaya səbəb olan avtomobilin təkəri toqquşmadan sonra qırılmışdır. İddiaçı2 izahatından görünür ki, İddiaçı1 onun övladıdır. 01 mart 2023-cü il tarixdə İddiaçı1 idarə etdiyi “Kia” markalı avtomobildə arxa tərəfdə əyləşmiş və Bakı şəhərinə doğru gedən zaman İddiaçı1 avtomobili idarə edərkən saat 11:00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 93-cü kilometrliyində hərəkət edən zaman avtomobili yolun kənarına verib saxlamışdır. Onlar avtomobildən düşmək istəyəndə arxa tərəfdən gələn avtomobil onların maşınını vurmuşdur. O, xəsarətlər aldığından Kürdəmir RMX-da palata şəraitində müalicə olunur. Qəzanı törədən avtomobilin sürücüsündən şikayətçidir. Cavabdeh2 izahatından görünür ki, o, Cavabdeh3 MMC-nin mülkiyyətində olan, etibarnamə əsasında ona verilmiş “X11” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə 01 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 93-cü kilometrliyində saatda 90 km sürətlə yolun sağ hərəkət zolağı ilə düzünə hərəkət edərkən qarşıda hərəkət edən “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfildən avtomobilin sürətini azaldıb sağa, ehtiyat yola tərəf hərəkət etmişdir. O, əyləcə bassa da, idarə etdiyi avtomobilin sağ tərəfi “Kia Forte” markalı avtomobilin arxa sol tərəfinə dəymişdir. Hadisənin baş vermə səbəbi “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qəfildən avtomobilin sürətini azaltması və onun ara məsafəsi saxlamaması olmuşdur. Hadisəyə qədər idarə etdiyi avtomobil texniki cəhətdən saz olmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 18 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-195 №-li araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 və İddiaçı1 əməllərində cinayət tərkibi olmadığından (İddiaçı1 əməlində həmçinin, inzibati xətanın tərkibi olmadığından) barələrində cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Avtomotoservis və Ticarət müəssisəsi mütəxəssis Ələkbərov F.M. tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəy aktından görünür ki, “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 6726 manat, təmir işlərinə görə 2800 manat olmaqla, cəmi 9526 manat xərc tələb olunur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1259 nömrəli qiymətləndirmə aktından görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı 77BN180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 10491,00 manat, təmir işlərinə görə 4075,00 manat olmaqla, cəmi 14566,00 manat xərc tələb olunur. "xxxx" Sığorta Şirkətinin xx.xx.2023-cü il tarixli CLM**********47 nömrəli sığorta aktından görünür ki, xx.xx.2023-cü ilı tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyana görə sığorta məbləğinin maksimum həddi 5000 manat təşkil edir. Məbləğ köçürülmə yolu ilə İddiaçı1 ödənilməlidir. Vəkil Nümayəndə1 ilə İddiaçı1 arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 420 nömrəli müqavilədən görünür ki, müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 500 manat məbləğində haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, İMX seriyalı 300057 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən hüquqi yardıma görə vəkil Nümayəndə1 500 (beş yüz) manat məbləğində haqq ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 151 (bir yüz əlli bir) manat rüsum ödənilmişdir. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, HK-1/195 nömrəli material AR Baş Prokurorluğu tərəfindən öyrənilmiş, lakin qərarın ləğv edilməsi halı olmamışdır. Hazırda da qəbul olunmuş qərar qüvvədədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 barəsində “Əmək və məşğulluq” altsisteminə Cavabdeh3 MMC tərəfindən əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Elektron notariat” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh1 adından Cavabdeh3 MMCnin adına **-TJ-*** və **-BC-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser 200 minik” markalı nəqliyyat vasitələrinə dair etibarnamələr rəsmiləşdirilmişdir. İcarə müqaviləsinin təsdiqlənməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Toyota Land-Cruiser 200 minik” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü ildə Cavabdeh1 tərəfindən X2, məlumatlar verilən tarixə X3 adına qeydiyyatda olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələri üçün 5540 manat, ustalar üçün isə 2270 manat tələb olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 9/5972-8/2287 nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı, istifadəyə yararlı vəziyyətdə olan avtomobilin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 19000,00 manat müəyyən olunur. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən sonra salamat qalan yararlı vəziyyətdə olan hissələri avtomobilin dəyərinin təxminən 40 faizini təşkil edir. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən sonra təmir olunması rentabelli hesab olunur. Nəzəri hesablama yolu ilə, “AvtoBox” LLC-nin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11005,00 manat müəyyən edilir. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın hadisə baş verən xx.xx.2023-cü il tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyəri avtomobilin ümumi dəyərindən çıxıldıqdan sonra 7995,00 (19000,00man - 11005,00man) manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. "xxxx" Sığorta Şirkətinin 30 oktyabr 2023-cü il tarixli cavab məktubundan və ona əlavə edilən 10942 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı1 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli 9/9592 nömrəli ekspert rəyindən görünür ki, 9/5972 nömrəli rəyin 3-4-cü səhifələrindəki (mülki işin 151-ci səhifəsi) cədvəldə 15-ci nömrə ilə qeyd edilmiş “yanacaq çənin – 70 manat” və 52-ci nömrə ilə qeyd edilmiş “yanacaq çəni – 250 manat” kimi göstərilməsinin səbəbi 15-ci nömrədə qeyd edilmiş ehtiyat hissəsinin yanacaq çənin boyun hissəsi, digər 52-ci nömrədə qeyd edilmiş ehtiyat hissəsi avtomobilin yanacaq çənidir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Bakı- Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 93-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, həmin tarixdə Cavabdeh1 mülkiyyətində olmaqla, səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulan etibarnamə əsasında digər Cavabdeh3 MMC-nin, MMC tərəfindən isə Cavabdeh2 istifadəsinə verilmiş, hadisə vaxtı da məhz Cavabdeh2 tərəfindən etibarnamə (yol vərəqəsi) əsasında idarə edilən “Toyota Land-Cruiser 200 minik” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı1 mülkiyyətində olan və onun tərəfindən idarə edilən “Kia Forte” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə vaxtı digər İddiaçı2 da oğlu İddiaçı1 məxsus avtomobildə olmuşdur. Aidiyyəti qurum tərəfindən Cavabdeh2 hadisənin baş verməsində təqsirli hesab edilmiş və hadisə nəticəsində “Kia Forte” markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulması faktı müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıların sağlamlığına hər hansı zərər vurulub-vurulmamasını müəyyən etmək məqsədilə ekspertiza keçirilmiş, ekspertiza nəticəsində İddiaçı2 xəsarət yetirilməməsi, səhhətində müşahidə edilən digər halların isə əvvəllər keçirilmiş hər hansı bir iltihabi prosesin əlamətləri olması və qəza ilə səbəbli əlaqəsinin olmaması; İddiaçı1 bədən səthində aşkar olunan xəsarətlərin isə xx.xx.2023-cü il hərəkətdə olan minik avtomobilinin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilməsi, lakin sağlamlığa zərər vurmayan xəsarətlər olmaqla dərəcələrinin təyin edilməməsi müəyyən edilmişdir. Hadisə ilə bağlı aidiyyəti qurum tərəfindən aparılan araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla Cavabdeh2 və İddiaçı1 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd olunmuş, lakin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" Sığorta Şirkəti tərəfindən İddiaçı1 məxsus maşına dəymiş ziyana görə 5000 manat məbləğində sığorta məbləği ödənilmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək, maşına dəyən maddi zərərə görə 14566 manat, özlərinə vurulmuş mənəvi zərərə görə 5000 manat və vəkilə ödənilmiş 500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, lakin məhkəmə araşdırmaları zamanı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən ona 2750 manat məbləğində pul ödənildiyini etiraf edərək, onlara qarşı olan iddia tələbindən yazılı şəkildə imtina etmişdir. Onun həmin cavabdehlərə qarşı olan iddia tələbindən imtinası məhkəmə tərəfindən tədqiq edilərək, qanunazidd və ya üçüncü şəxslərin mənafeyinə toxunan hər hansı hal müəyyən edilmədiyindən, imtinanın nəticələri barədə məlumat verilərək, həmin imtina məhkəmə tərəfindən qəbul edilmiş və göstərilən hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda İddiaçı1 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsinə dair” iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini; digər İddiaçı2 hər üç cavabdehə qarşı “maddi və mənəvi zərərin ödənilməsinə dair” iddiasının təmin edilməsini; Cavabdeh2 maşına maddi zərər dəydiyini mübahisələndirmədiyini, lakin zərərin iddia edilən məbləğdə deyil, daha az məbləğdə olmasını bildirərək, iddianı maddi zərər hissəsində qismən qəbul etdiyini, lakin mənəvi zərər hissəsində qəbul etmədiyini qeyd edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə ilk öncə İddiaçı1 Cavabdeh2; digər İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” barədə olan iddia tələbinə qiymət verərək qeyd edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli olması, hadisə nəticəsində İddiaçı1 mülkiyyətində olan və onun tərəfindən idarə edilən nəqliyyat vasitəsinə maddi zərər dəyməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 sağlamlığına heç bir ziyan dəyməməsi, maşına vurulmuş zərərlə bağlı isə müvafiq sığorta şirkəti tərəfindən İddiaçı1 5000 manat, cavabdehlər – maşının mülkiyyətçisi Cavabdeh1 və etibar edilmişi etibar edən - Cavabdeh3 MMC tərəfindən isə 2750 manat məbləğində pul verilməsi hazırki iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. İddiaçılar "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına istinad edərək, maşına 14566 manat məbləğində maddi ziyan dəydiyini iddia etdiyindən, lakin cavabdeh bu məbləği mübahisələndirdiyindən, iş materiallarında mütəxəssis tərəfindən verilmiş başqa bir rəy aktında ziyanın məbləğinin 9526 manat olması göstərildiyindən, obyektiv araşdırma aparmaq və həqiqətə nail olmaq məqsədilə məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində İddiaçı1 məxsus avtomobilin yol-nəqliyyat hadisəsindən sonra təmir olunmasının rentabelli hesab edilməsi müəyyən edilmiş, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə avtomobilin təmir-bərpa xərcinin təxminən 11005 manat məbləğində olması qənaətinə gəlinmişdir. Ekspert rəyi Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi zəruri olduğundan, məhkəmə tərəfindən təyin edilmiş əlavə ekspertiza nəticəsində yuxarıda qeyd edilmiş ekspert rəyinin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə maşına vurulmuş zərərlə bağlı 5000 manat məbləğində sığorta ödənişinin sığorta şirkəti tərəfindən, həmçinin, 2750 manat məbləğində pulun isə digər cavabdehlər tərəfindən İddiaçı1 verilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı1 məhz 3255 manat məbləğində maddi ziyanın əvəzinin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin 3255 manatdan artıq məbləğdə təmin edilməsi onun əsassız varlanmasına gətirib çıxaracaqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” barədə iddiası qismən təmin edilməli, ona dəymiş maddi zərərin əvəzi olaraq 3255 manat məbləğində pul Cavabdeh2 tutulmalıdır. Digər İddiaçı2 və ya onun sağlamlığına isə real maddi ziyan dəyməsi müəyyən edilmədiyindən (əsassız tələbdir), Cavabdeh2 törətdiyi delikt nəticəsində ziyan dəyməsi müəyyən edilən maşının isə onun oğlunun – İddiaçı1 mülkiyyətində və istifadəsində olması mübahisəsiz olduğundan (tələbə subyektiv hüququ yoxdur), eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC əsl cavabdehlər olmadığından məhkəmə hesab edir ki, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” barədə olan iddia tələbi təmin edilməməlidir. Məhkəmə İddiaçı1 Cavabdeh2; digər İddiaçı2 isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” barədə olan iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı orada olan iddiaçıların (İddiaçı1 sükan arxasında, anası – digər İddiaçı2 isə sərnişin kimi) stress keçirməsi, baş vermiş hadisənin onların şüurunda mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Lakin məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılara onların iddia etdiyi məbləğdə mənəvi zərər dəyməsi ağlabatan deyildir. Belə ki, məhkəmə mənəvi zərərin hər bir halda məhkəmə tərəfindən sərbəst qiymətləndirilməli olmasına əsaslanaraq, dəymiş mənəvi zərərin 1000 manat məbləğində olması qənaətini ədalətli və ağlabatan hesab edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh2; digər İddiaçı2 isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” barədə olan iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdeh2 tutulmalı, iddiaçıların Cavabdeh2 qarşı olan iddiası qalan hissədə ağlabatan olmadığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə münasibətdə isə iddiaçılara mənəvi zərər vurulmasında onların hər hansı təqsiri müəyyən edilmədiyindən, yəni onlar əsl cavabdehlər olmadığından, digər İddiaçı2 isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” barədə olan iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi qənaəti aşağıda göstərilən hüquq normaları ilə əsaslandırmağı zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 926-cı maddəsində qeyd olunur ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 1096 və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, icbari sığorta qanunvericilik əsasında həyata keçirilməklə, cəmiyyətin mənafelərinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta maraqlarının məcburi qaydada sığorta edilməsidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Qanunun: 10-cu maddəsinə əsasən, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 13.1-13.2-ci maddələrində qeyd edilmişdir ki, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsi ilə sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5 000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu «“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarında xüsusi olaraq qeyd etmişdir ki, bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının bir sığorta hadisəsinin nəticəsi kimi qiymətləndirilməsi üçün baş vermiş yol-nəqliyyat hadisəsinin faktiki halları araşdırılmalı və müvafiq nəticəyə gəlinməlidir. Məzmunu açıqlanan normalardan göründüyü kimi, bir yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxslərə zərər vurulması ilə hər bir üçüncü şəxsə münasibətdə ayrı-ayrılıqda sığorta hadisəsi baş vermiş hesab edilmir və bu hal bir sığorta hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxsə zərərin vurulması kimi çıxış edir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, mövcud qanunvericiliyə görə icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilməli, İddiaçı1 dəymiş maddi zərərin əvəzi olaraq 3255 (üç min iki yüz əlli beş) manat məbləğində pul Cavabdeh2 tutulmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdeh2 tutulmalı, İddiaçı1 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qalan hissədə təmin edilməməli, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, İddiaçı1 tərəfindən vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının 110 (bir yüz on) manat hissəsi ağlabatan hesab edildiyindən; 151 (bir yüz əlli bir) manat dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı1 verilməli, vəkilə ödənilmiş xidmət haqqının qalan 390 (üç yüz doxsan) manat və dövlət rüsumunun qalan 118 (bir yüz on səkkiz) manat hissələri isə İddiaçı1 aid edilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pulun 33 (otuz üç) manat hissəsi Cavabdeh2, qalan 117 (bir yüz on yeddi) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilsin. İddiaçı1 dəymiş maddi zərərin əvəzi olaraq 3255 (üç min iki yüz əlli beş) manat məbləğində pul Cavabdeh2 tutulsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdeh2 tutulsun. İddiaçı1 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qalan hissədə təmin edilməsin. İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qalan hissədə təmin edilməsin. Vəkilə ödənilmiş xidmət haqqının 110 (bir yüz on) manat hissəsi və dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı1 verilsin, məhkəmə xərclərinin qalan hissəsi İddiaçı1 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pulun 33 (otuz üç) manat hissəsi Cavabdeh2, qalan 117 (bir yüz on yeddi) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar