Məhkəmə qərarları › İş №2(006)-16/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-16/2022

23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-16/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, vurduğu zərərə görə Cavabdeh 66.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsini onunla əsaslandırdı ki, o, xx.xx.2006-cı il tarixdə vətəndaş X1 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanında yerləşən, ümumi sahəsi 42.8 kv.metr olan mənzili notariat orqanında alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmış və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona RX seriyalı, ******* saylı Çıxarış verilmişdir. Həmin evdə bir müddət yaşamışdır, lakin ərazidə yaşayış binalarının tikintisi aparıldığından və o evdə yaşamağın təhlükəli olduğunu nəzərə alaraq evdən çıxmışdır. Bundan sonra ərazidə yaşayış binaları tikən şirkətlərin onun evini nə zaman alacaqlarını gözləməyə başlamışdır. Təxminən bir il öncə, yəni 2017-ci ilin yay aylarında onun xəbəri olmadan fərdi sahibkarlıqla məşğul olan Cavabdeh onun evini özbaşına sökərək, yerində yüksəkmərtəbəli bina inşa etdirməyə başlamış və hazırda orada tikinti işləri aparılır. O, evinin söküldüyünü bildikdən sonra cavabdehlə bir neçə dəfə görüşüb qarşılıqlı razılaşma yolu ilə ona vurduqları ziyanı ödəmələrini təklif etmişdir, lakin nəticə əldə olunmamışdır. Nəhayət, xx.xx.2018-ci il tarixdə o, Cavabdeh vurduğu ziyanı kompensasiya etməsi ilə bağlı yazılı təklif göndərmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanında yerləşən mənzilə heç bir aidiyyəti yoxdur və həmin ünvanda onun tərəfindən söküntü-tikinti işləri aparılmayıb. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Teniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən verilən ÖM seriyalı, 084878 №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 36 saylı ev X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, AN-İ № ******* seriyalı Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcı X3 ilə alıcı İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı 1 otaqlı, ümumi sahəsi 42,8 kv.m., yaşayış sahəsi 20,0 kv.m. ibarət olan və Bakı şəhəri, Q.Quluyev küçəsi, ev 36-da yerləşən mənzilini alıcının mülkiyyətinə verir. Satıcı evi 66.525 manat satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində 2613 nömrəli reyestr kitabının 243492 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli məktublardan görünür ki, İddiaçı fərdi sahibkar Cavabdeh məktub ünvanlayaraq bildirmişdir ki, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanında yerləşən 42,8 kv.metr ümumi sahəsi olan mənzil fərdi sahibkar tərəfindən özbaşına sökülmüş və yerində yüksəkmərtəbəli yaşayış binası tikilməkdədir. Cavab məktubunda isə bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanında yerləşən mənzilə fərdi sahibkarın heç bir aidiyyəti yoxdur və həmin ünvanda onun tərəfindən heç bir söküntü və tikinti işləri aparılmayıb. Aparılan tikinti fərdi sahibkara məxsus ərazidə Qulu Quluyev 60-62 ünvanında aparılır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində 293 nömrəli reyestr kitabının 27309 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il, 33 №-li məktubdan görünür ki, "xxxx" MTKnın rəhbərliyi Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quluyev, Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsində "xxxx" MTK-ya ayrılmış 0.8466 hektar torpaq sahəsindən, Cavabdeh məxsus tikililərin yerləşdiyi 0.05 ha torpaq sahəsinin ayrıc aktından çıxarılmasına və həmin sahədə vətəndaş İbrahimov.Ü.İ tərəfindən tikinti işlərinin aparılmasına etiraz edilmədiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 29336 №-li Ekspert rəyindən görünür ki, iş üzrə Cavabdeh tərəfindən görülən söküntü və tikinti işlərinin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 18/03- 8/2385 saylı məktubuna əlavə edilmiş ayrıc aktına (cizgiyə) əsasən, ünvan 2 ünvanda aparıldığı müəyyən olunmuşdur. Lakin, Nəsim rayonu, Q.Quluyev küçəsi 36 saylı ünvanda İddiaçı məxsus olmuş mənzilin və mənzilin yerləşdiyi torpaq sahəsinin planlı yerləşməsinə dair ayrıc aktı, situasiya planı və hər hansı cizgi və plan-sxem olmadığından həmin mənzilin konkret olaraq hansı sahədə yerləşməsini müəyyən etmək olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01 №-li Arayışdan görünür ki, ünvan 3 ünvan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305№-li, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilib. xx.xx.2006-cı ildə isə "xxxx" MMC ilə "xxxx" LTD MMC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanıb, həmin dövrdən indiki vaxta kimi qeyd olunan ünvanda (Qulu Quluyev 36) "xxxx" LTD MMC şirkəti tərəfindən inşa olunan yüksəkmərtəbəli binada son tamamlama işləri aparılır. Vətəndaş İddiaçı məxsus sahədə həmin şirtkətin ərazisinə düşür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, H/02- PLS №-li Hesab-Fakturadan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanında yerləşən 42.8 kv.metr olan sahədə söküntü işləri aparılmış və həmin ərazidə 10 mərtəbəli bina (yeni tikili) inşa edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanında yerləşən 42.8 kv.metr olan sahənin hazırki bazar qiyməti 43.000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı daha əvvəl cavabdeh "xxxx" LTD MMC-yə qarşı “evlərin bərpa edilməsi, binanın sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanda cavabdeh "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli, çoxmənzilli binanın cavabdehin öz vəsaiti hesabına sökülməsi və s., həmçinin, iddiaçıya dəymiş 604522,03 (altı yüz dörd min beş yüz iyirmi iki manat, üç qəpik) manat maddi ziyan və 600000 (altı yüz min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2606/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsilə İddiaçı cavabdeh Troya” LTD MMC-yə qarşı “evlərin bərpa edilməsi, binanın sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanda yerləşən mənzilləri mülkiyyət hüququ əsasında əldə etmiş və mülkiyyətində olduğu mənzillərdə təmir-bərpa işləri aparmaq niyyətində olmuşdur. Həmin vaxt "xxxx" MMC-nin rəhbərliyi tərəfindən həmin ərazidə hündürmərtəbəli binanın tikilməsi təklif olunmuş və "xxxx" MMC ilə İddiaçı arasında razılaşma olmuşdur. Sonradan isə məlum olmuşdur ki, əslində İddiaçı birgə şərikçi kimi heç bir pay hüququ olmamışdır, belə ki İddiaçı sərmayədar kimi heç bir pul vəsaiti qoymamışdır. Bu səbəbdən də İddiaçı iddiası əsassız olduğu üçün rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21(103)-8312/2017 saylı qətnaməsinə əsasən isə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2606/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 36 ünvanda yerləşən və onun mülkiyyətində olan mənzilin sökülməsinə görə cavabdeh fərdi sahibkar Cavabdeh 66000 manat məbləğində pulun tutulmasını tələb edir. Lakin, iddiaçı mübahisəli mənzılin məhz Cavabdeh tərəfindən sökülməsi, yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi barədə təsdiq edən sübut məhkəməyə təqdim edə bilməməmişdir. Belə olan halda iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar