Məhkəmə qərarları › İş №2(006)-1611/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1611/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1611/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatda 1994-cü ildən 30 iyul 2018-ci il tarixədək ixtisası üzrə müxtəlif vəzifələrdə, qeyri-qanuni olaraq işdən azad edildiyi zaman isə mühəndis vəzifəsində işləmiş, aldığı əmək haqqı əmək müqaviləsinə uyğun, ştat vahidi nəzərə alınmaqla vəzifə maaşı qaydasında ödənilmişdir. Cavabdeh ilə aralarında işdən azad edilməyə dair yaranmış mübahisələr məhkəmə müstəvisində həll edilmişdir. Belə ki, Nəsimi rayon məhkəməsinin 2(006)-5536/2018 saylı, 17 sentyabr 2018ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “30 iyul 2018-ci il tarixli, k/18-04043 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”nə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13020/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon nməhkəməsinin 2(006)-5536/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının cavabdeh "xxxx" ASC-nin “30 iyul 2018-ci il tarixli, k/18-04043 saylı əmri ləğv olunmaqla, iddiaçı X1 məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3361/2019 saylı, 08 may 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13020/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qərarı qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəldilmişdir. Lakin cavabdeh məhkəmə qərarına məhəl qoymayaraq, icradan yayınmaqda davam etməkdədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı real olaraq 30 iyul 2018-ci il tarixdən hal-hazıradək olan müddət nəzərə alınmaqla hər ay aldığı vəzifə maaşı qədər maddi ziyan çəkmişdir. Bu müddət ərzində dolanacaq mənbəyi zəifləmiş, nəticədə yaranmış borcların müəyyən hissəsini ödəmək üçün banklardan (kredit təşkilatı) müəyyən faizlər ödənilməklə pul vəsaitləri götürmüşdür (ödəniş qəbzləri məhkəmə araşdırılıması zamanı təqdim ediləcəkdir). Ailədə yeganə işləyən şəxs kimi cavabdehin hərəkətlərinin nəticəsi olaraq güclü sarsıntılar, stress keçirmiş, əsəb və şəkər xəstəliyinə düçar olmuş, müəyyən dərman preparatlarından istifadə etməklə fiziki durumunu tənzimləmək baxımından mənəvi zərər çəkmişdir. Səhhətində yaranmış problemlərin həlli ilə əlaqədar ərazi üzrə Şirvan ŞMX-nə müayinə və müalicə olunmaq üçün müraciətlər etmiş, daimi xarakter daşıyan İİ tip şəkərli diabet xəstəliyi tapmışdır. Cavabdeh tərəfin haqsız hərəkətləri bugün də işsiz qalmağına səbəb olmuşdur. İddiaçı məcbur olub ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Onun başqa çıxış yolu yoxdur. 1 il 4 ay müddətində aylıq əmək haqqından məhrum olmağı, dolanacaq üçün bank təşkilatlarından kredit pul vəsaiti almağı 20.000 manat məbləğində maddi zərərlə, bu müddət ərzində keçirdiyi əsəb, güclü stress, həyəcan, səhhətində yaranmış sağalmaz xəstəliklər yaranması isə 30.000 manat mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Cavabdeh təşkilatdan vurulmuş zərərin məhkəə qaydasında tutularaq ona ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən qanunsuz əməllərinin nəticəsi olaraq ona vurulmuş 20.000 manat, 30.000 manat mənəvi zərərin və dövlət rüsumu qaydasında ödədiyi 30 manatın, ümumilikdə 50.030 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı öz seçimi əsasında hazırki vəzifəyə keçirilmişdir. Ona məcburi işburaxma ilə bağlı pul ödənilmişdir. İddiaçı işindən narazı olması ilə bağlı indiyədək heç bir narazılığını bildirməmişdir. Hesab edir ki, iddia tələbi tam əsassızdır və rədd edilməlidir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı oğlunun əmək müqaviləsinə cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli, K/18- 04043 nömrəli əmrlə xitam verilmiş, bundan sonra iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iddiaçının əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmə qərarının icra olunmadığı dövr üçün ona cavabdeh tərəfindən həm maddi, həm də mənəvi ziyanın vurulmasını iddia edərək, ona vurulmuş ziyanın əvəzini tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(103)-13020/2018 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5536/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilmiş, cavabdeh "xxxx" ASCnin 30 iyul 2018-ci il tarixli, k/18-04043 saylı əmri ləğv olunmaqla, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə o, əvvəlki yerinə və vəzifəsinə bərpa olunmuşdur.

8. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli, 2(102)-3361/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, K/18-04043 nömrəli Əmrin surətindən görünür ki, İddiaçı Şirvan RETSİ-nin (Şirvan EŞ) Enerji Satış sahəsinin aparıcı mühəndisinin əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2018ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi, ƏM-nin 83-cü maddəsin in 2-ci hissəsinə əsasən son haqq-hesabın (xx.xx.2017xx.xx.2018-ci il üçün istifadə olunmamış məzuniyyət günləri üçün 24 t/g. Pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

10. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən 11 dekabr 2019-cu il tarixli, K/19-07326 nömrəli Əmrin surətindən görünür ki, İddiaçı oğlunun xx.xx.2019-cu il tarixindən Şirvan RETSİ-nin (Şirvan EŞ) Paylayıcı Şəbəkə sahəsində mühəndis vəzifəsinə təyin olunması, əmək haqqının 520 manat ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, K/18-04043 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqının ödənilməsi əmr edilmiş, əsas kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli, 2(102)-3361/2019 saylı qərarı göstərilmişdir.

11. Mülki işin materiallarında olan Şirvan ŞMX Poliklinika Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilən Arayışdan görünür ki, X2i İİ tip şəkərli diabet xəstəsidir.

12. Mülki işin materiallarında olan Şirvan RETSİ-nin ESŞ-nin aparıcı mühəndisi İddiaçı məhkəmə qərarına əsasən məcburi iş buraxmağa görə hesablanan əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı 2018-ci il tarix üzrə işdən çıxana qədərki dövr üçün 2489.16 manat məbləğində pulun, 2019-cu il üzrə isə işə bərpadan sonrakı dövr üçün 8144.05 manat məbləğində pulun ödənilməsi nəzərdə tutulmuşdur.

13. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-2474/2019 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5.000 (beş min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Hazırki iş üzrə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq işdən çıxarıldıqdan 1 ilə yaxın müddət keçdikdən sonra əvvəlki vəzifəsinə yox, başqa vəzifəyə keçirilməsi işin mübahisəsiz halıdır. Lakin İddiaçı işləmədiyi dövrdə ona cavabdeh tərəfindən 20.000 (iyirmi min) manat məbləğində maddi ziyanın vurulduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir.

22. Belə ki, o maddi zərərinin əsasını banklardan götürmüş olduğu kreditə və yola xərclərinə əsaslansada bununla bağlı səbəbli əlaqəni əsaslandıra bilməmiş və sırf səbəbli əlaqə ilə bağlı sübutları təqdim edə bilməmişdir. Bundan başqa o şəkərli xəstə olmasını cavabdehin təqsiri üzündən baş verməsinə əsaslansada iş materiallarına əlavə edilmiş sənəddən görünür ki,2016-cı ildən həmin xəstəliyə məruz qalmışdır.

23. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. stinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

25. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

26. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

27. İddiaçı həmçinin cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 30.000 manat pulun tutulmasını xahiş etmişdir.

28. Məhkəmə, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçdikdən sonra əvvəlki vəzifəsinə yox, başqa vəzifəyə təyin edilməsini, əvvəlki məhkəmə qətnaməsi ilə mənəvi ziyan ilə müraciətin olmamasını və bütün bu halları nəzərə alaraq mənəvi ziyanın tutulmasını əsaslı hesab edir edir.

29. Lakin, iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur.

31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm dəmənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında izah olunmuşdur ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 2.000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.

35. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Hazırda iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır.

37. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş mənəvi zərərin əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş mənəvi zərərin əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar