Məhkəmə qərarları › İş №2(006)-1613/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1613/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1613/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinin verilməsi və zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Binəqədi rayonu, "Motodrom yaşayış massivindəki" fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsini "xxxx" ASC-nin üzərinə qoyulması, əsassız və qərəzli olaraq evinin elektrik şəbəkəsinə qoşulmasının qarşısını almaqla ona maddi və mənəvi ziyan vurulduğuna görə "xxxx" ASC- nin bu vaxta qədər olan dövr üçün 5100 manat, evə elektrik enerjisi verilən vaxta qədər hər ay üçün əlavə 300 manat təzminat ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1955-ci ildə keçmiş Ermənistan SSR-in Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Ailəlidir, iki övladı vardır. İkili ali təhsillidir. İndiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat və X8 Texniki Universitetinin "Meşə sənayesinin və meşə təsərrüfatının iqtisadiyyatı və təşkili" fakültəsini bitirmişdir. 10 il müəllim, 35 il meşə və yaşıllıqlar sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 1988-ci ildə baş vermiş milli münaqişədən sonra Bakı şəhərində məskunlaşmış və halhazıra qədər də Bakı şəhərində yaşayır. Ermənistan SSR-də yaşadığı zaman 7 ilə tikdirdiyi və içində cəmi iki ay yaşadığı 2 mərtəbəli 160 kv.m-dən artıq olan evi və atasından qalan yaşadıqları 80 kv.m-dən artıq olan evlərin hər ikisi ermənilərə qalmış, nə sata, nə də dəyişə bilməmişdir. Papanin deyilən ərazidə üç tərəfdən divarları qonşularla eyni olan, tək daşla tikilmiş, hətta hamamı belə olmayan, cəmi 0,7 kv.m bir pəncərəsi olan özbaşına tikinti olan evi, erməni milliyətindən olan vətəndaşdan pulla alaraq uzun müddət orada yaşamışdır. Aydındır ki, belə bir şəraitdə yaşamaqdan qurtulmaq üçün yollar axtarmışdır. Bunun nəticələrindən biri olaraq indiki Avtovağzal ətrafında bu gün "Motodrom yaşayış massivi" kimi tanınan ərazidə digər çoxsaylı vətəndaşlar kimi o, da yer götürmüşdür. Həmin ərazilər vaxtilə Bakı şəhərinin yaşıllaşdırma ərazisinə daxil olub, meşə və yaşıllıqlar altında olmuşdur. İmkanı olmadığından o, digər çoxsaylı insanlardan (minlərlə) çox sonra kiçik bir ev tikmişdir. Yaşamaq üçün tam şərait yarada bilmədiyindən köçə bilməmişdir. Sonra evinin ətrafındakı yaşıllıq zonasında çay, pivə və digər yeməklər verməklə kafe açıldı və ondan həmin evdən mal-materialların saxlanması, geçələr oxrananın qalması üçün ondan istifadə etmələrini xahiş etdilər və bildirdilər ki, komunal məsələləri həll edəcəklər, illik vergiləri ödəyəcəklər, kanalizasiya sistemini çəkəcəklər. O, da müvəqqəti istifadələri üçün təmənnasız olaraq vermişdir. Həmin evə işıq çəkdirmişlər, hətta evin ətrafındakı bütün ağaclar da işıqlara qərq olunmuş, kafe səhərə qədər işləmişdir, bütün ətraf işıqlandırılmışdır. "Avtovağzal" metrosu açılan zaman aparılan abadlıq işlərinə aid olan ərazinin yaşıllaşdırılması işləri o aparmışdır. Metro stansiyası açılanda ətrafdakı qeyri-qanuni obyektlər ləğv edilmiş, o cümlədən də onun evinin ətrafındakı kafe. Evə gələn işıq xətlərini, su xəttini də kəsib aparmışlar. Kafeni işlədənlər nə ona verdikləri sözü tutmamışdılar, eşitdiyinə görə işığa baxan işçilərə də aralarında razılaşdıqları məbləği ödəməkdən imtina etmişdilər. Yaşıllaşma işlərinə başladığı vaxt həmin evi təmənnasız olaraq abadlıq işlərində işləyən fəhlələrin istifadəsinə vermiş, ərazinin işıqlandırılmasını təmin edən transformatordan elektrik xətti çəkilmişdir. Sonra da təmənnasız olaraq orada yaşıllıq işlərində daimi işləyən işçilərin istifadəsinə vermişdir. Lakin, sonralar həmin elektrik kabeli oğurlanmış və ev elektrik enerjisiz qalmışdır. İndi həmin evdən istifadə etmək istəyir. Buna görə də elektrik enerjisinin verilməsi üçün 28 avqust 2023-cü il tarixdə (indiki elektrik verilməsi şərtlərini tənzimləyən Qərardan əvvəl) "Asan Xidmət"ə müraciət etmişdir. Məlumat üçün "Asan Xidmət"in təyin etdiyi vaxt bitən kimi təkrar müraciət etmişdir. Bu zaman ona şifahi bildirdilər ki, onun qonşusunun elektrik enerjisinə böyük məbləğdə borcu var, ona da enerji həmin xəttdən verilməlidir. O borc ödənilməsə elektrik enerjisinin verilməsi mümkün deyildir. O, izah etmişdir ki, qonşunun borcunun ona aidiyyəti yoxdur və yaxud o, başqasının borcunu niyə ödəməlidir, çox böyük məbləğ deyilsə onun əvəzinə ödəyə bilər. Lakin, ona heç bir məbləğ deyilməmişdir. O, məcbur olub Energetika Nazirliyinin Enerji Məsələlərini tənzimləmə Agentliyinə zəng vurmuş və məsələni olduğu kimi izah etmiş və onların tələbi ilə evin eskizlərinin, bələdiyyə Arayışının, rüsum ödənilməsinə aid qəbzlərin bir neçəsinin və s. surətlərini Vatsap vasitəsi ilə göndərmişdir. Ona bildirmişlər ki, hər şey qaydasındadır, elektrik enerjisi verməyə borcludurlar. O, sonra daha bir neçə dəfə əlaqə saxlamış və ona bildirilmişdir ki, onlar Azərişıq ASC-yə məktub yazıblar, ancaq hələ cavab gəlməyib və ən sonda bildirdilər ki, qonşunun elektrik enerjisinə borcuna görə birləşdirmirlər, onlar göstəriş veriblər, birləşmə aparılmalıdır, ona görə o, təkrarən "Asan Xidmət"ə müraciət etmişdir. Lakin, bu dəfə müraciət etdikdə bildirdilər ki, bu sahə üzrə kurator olan Elçin Rüstəmov adlı əməkdaş bildirmişdir ki, o evə oxşamır, evin ətrafı yaşıllıqdır, yolun digər tərəfində 4 m-dən başlayaraq qonşuları olsa da, yan qonşusu yoxdur, ola bilər tikilidən başqa məqsəd üçün istifadə ediləcək və s. cəfəng fikirlər söyləmişlər. O, məcbur olub Azərişıq ASC-nin sədri Vüqar Əhmədova və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova müraciət etmiş. Energetika Nazirliyinin Enerji X1 Bakı Filialından əvvəlki müraciətlərinə cavab olaraq rəis Xəyyam Aydınovun imzası ilə xx.xx.2023-cü il tarixli 3-15/1-Ə-4405- 5/2023 N-li məktub almışdır. Məktubda bildirilir ki, "xxxx" ASC-nin "Asan Xidmət"lə İş İdarəetmə Departamenti rəsmi cavab verməmiş, şifahi bildirib ki, guya onun bu evi əvvəllər qonşudan qidalanıb (indi bəhanəni belə əsaslandırırlar) və qonşunun borcu yaranıb, bu borc ödənilməlidir. Yəni bunun digər mənası odur ki, o, qonşunun borcunu ödəməlidir. Heç borcun məbləğini də bildirmirlər, bəlkə imkanı çatarsa, kömək məqsədi ilə edə bilər. Yalnız deyilib ki, böyük borc yaranmışdır. Sual olunur, əgər qanunsuzdursa, qeyd edilən sənədlərin olması vacibdirsə, onda qonşunun xəttinə hansı əsasla birləşmə aparılmışdır. Digər bir tərəfdən qonşuların dediyinə görə onun evinə heç vaxt qonşudan elektrik enerjisi birləşməsi olmayıb, evin 4 m məsafəsindən keçən elektrik xəttindən olub, hətta sayğac olub. Digər tərəfdən məktubda da bildirilir ki, Nazirlər Kabinetinin xx.xx.2018-cı il tarixli 326 saylı və xx.xx.2018-ci il tarixli 327 saylı qərarlarına görə enerji şəbəkəsinə qoşulma "Məişət obonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği"nə əsasən həyata keçirilir. Qaydanın 2.6-cı bəndinə əsasən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz". Energetika naziri Pərviz Şahbazova ünvanladığı məktuba cavab olaraq yenə Enerji X1 Bakı Filialından, bu dəfə rəis vəzifəsini icra edən, rəis müavini Seymur Hacıyevin imzası ilə xx.xx.2023-cü il tarixli 3-15-2-1/2-Ə-51375- 1941/2023 saylı məktub almışdır. Həmin məktub da demək olar ki, əvvəlkinin eynidir. Onun "xxxx" ASC-yə ünvanladığı məktuba cavab olaraq isə "xxxx" ASC-nin "Müştəri xidmətləri İdarəsi"nin rəisi Mahir Abdullayevin imzası ilə xx.xx.2023-cü il tarixli 13-13/2- 2/18-Ə-9539-5/2023 N-li məktub almışdı. Məktubda bildirilir ki, "ünvanın mübahisəli ərazi olduğu və Sizin tərəfinizdən mülkiyyəti təsdiq edən müvafiq sənəd təqdim olunmadığı məlum olmuşdur. Bu səbəbdən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı mövcud qaydalara uyğun olaraq tərəfinizdən sözügedən ünvana dair mülkiyyəti təsdiq edən sənəd "Asan Kommunal" mərkəzlərinə təqdim etdikdən sonra baxılacaqdır". Birincisi "Müştəri Xidməti İdarəsi"nə heç bir əsas olmadan ərazinin mübahisələndirilməsi səlahiyyətini kim verib. Bələdiyyə rəsmi sənəd verib bildirir ki, bura onun fərdi yaşayış evidir. Digər tərəfdən əgər mübahisəli ərazi olsa idi çox yəqin ki, tikinti aparılarkən Binəqədi rayon İcra Hakimiyyəti bunun qarşısını alardı, tikili uzun illərdi orada qalmazdı. Onlar buranın guya iaşə obyekti kimi işlədəcəyimi təxmin edərək, daha böyük məbləğ tələb etmək istəyirlər. Bütün bunlardan sonra o təkrarən "Asan Xidmətdə" olmuş, evə aidiyyəiı olan sənədləri təkrarən təqdim etmişdir. Lakin, bildirmişlər ki, evin kupçası olmasa elektrik enerjisi verilməsi mümkün deyil. Hətta izah etmişdir ki, hal-hazırda beş yüz mindən çox sənədsiz evlər var, məgər bunların işıqları yoxdurmu. Son qərarları bu oldu ki, kupça alınmasa bu mümkün olmayacaq. Özləri də yaxşı bilir ki, həmin ərazidəki minlərlə evlərin heç birinin sənədi yoxdur və verilmir, ancaq onminlərlə insan həmin ərazidə yaşayır. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunamüvafiq olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bir neçə iclaslar keçirilməklə aparılmışdır. Axırıncı iclas zamanı Hakimin sorğusuna Energetika Nazirliyi Enerji X1 hansısa cavab gəldiyini bildirdi və həmin məktub ona təqdim edilmədi, mənası haqda heç nə bilmədi. Hakimin diktəsi ilə onların iş prosesində istifadə etdikləri kompüterdə katib tərəfindən "İddianin dəqiqləşdirilməsi" adı ilə onun adından ərizə yazıldı ki, ona elektrik şəbəkəsinə qoşulmaq üçün texniki şərt verilsin. O, bunun nə üçün olduğunu başa düşməmiş, elə bilmişdir ki, texniki şərt də tələb olunmalıdır. Ona görə də imza etmişdir. İmza edən kimi əsas iddiası bir tərəfdə qalmış, həmin texniki şərtin verilməməsi barədə qərar vermişdir. Hakimin qərarına inana bilməmişdir. Ancaq ona elə özü apellyasiya şikayəti verməsini məsləhət bilmişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsinə müraciət etməli olmuşdur. Apellyasiya Məhkəməsinin Hakimi bildirmişdir ki, qanunvericiliklərdə edilmiş dəyişikliklərə görə bu məsələlərə inzibati məhkəmələrdən götürülüb, yerli rayon məhkəmələrinə verilib və o, Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Apellyasiya məhkəməsi iddiasını qismən təmin etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin Qərarını ləğv etmişdir. O, ərizə ilə müraciət edib bəzi sənədlərin surətini həmin sənədlərin içindən götürmüşdür. Bu zaman diqqətini çəkən, X6 çətin vəziyyətə salan X4 Agentliyi Bakı Filialının yeni rəisi Ceyhun Nağızadənin 23 may 2024-cü il tarixli, 3-15--2-1/2-938/2024 saylı məktubu olmuşdur. Həmin idarənin əvvəlki iki rəisi demək olar ki, eyni mövqedədir və elektrik şəbəkəsinə birləşmənin qonşunun borcunu ödəməklə mümkün olduğunu bildirir. Ancaq bu rəis yeni bir sahənin uzaq məsafədən qoşulma yollarını göstərməklə cəfəng iddia irəli sürür ki, bu zaman 800 pm kabel, elektrik dirəkləri, xidmət haqqı v.s hesablarla küllü miqdarda vəsait tələb edir. Hakim bu sahə üzrə mütəxəssis olmadığından, çıxış yolunu ona əlavə ərizə yazdırmaqla vəziyyətdən çıxmağa çalışdı, onu isə pis vəziyyətdə qoymuşdur. 0,4 kvt lıq transformatordan hər ev üçün ayrıca elektrik xətti çəkilməyib ki, o, da çəksin. Digər tərəfdən abadlıq işləri aparılarkən bir neçə ev sökülüb, kompensasiyası ödənib, elektrik xətti boşalıb, bir ev elektrik xəttindən yanıb, bərpa olunmayıb, yəni güçün aşağı düşməsi bəhanəsi də ola bilməz. O, evinə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Lakin, tələbi qanunsuz olaraq həll edilməmişdir. Keçən bu 17 ay ərzində evindən istifadə edə bilməmişdir. Nəzarət olmadığından hasarı dağıdılmışdır. O, orada yaşamaq istəmişdir, ancaq həmin evi ən azından kirayəyə verib, müəyyən qədər ehtiyaclarını ödəyə bilərdi və bu onun Konstitusion haqqıdır. Həmin ərazidə aylıq kirayə haqqı ən azı 300 manatdır. Nəticədə ona bilərəkdən 5100 manat (17 ay x 300 manat) ziyan vurmuşlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçının torpağın ona məxsusluğu barədə təsdiq edən heç bir sənəd mövcud deyildir. Mülkiyyət sənədi olmayan əmlaka, tikiliyə elektrik enerjisi və abunəliyi verilmir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə mövcud qaydalara uyğun yenidən baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi məqsədilə "xxxx" ASC-yə müvafiq məktub ünvanlanmışdır. Cavab olaraq tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti təqdim edilmədiyi üçün ETŞ-yə qoşulmanın mümkün olmayacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı ünvana mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən Elektrik enerjisi bazarı subyektləri tərəfindən onların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektrik qurğularının quraşdırılması qaydalarının tələbləri yerinə yetirildikdən və ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərini elektrik şəbəkəsinə qoşmalıdır. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Göründüyü kimi qanunverici elektrik enerjisinin verilməsini torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədlə şərtləndirmişdir. Odur ki, iddia qeyd edilən hissədə əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə iddia tələbinin qalan hissədə də təmin edilməməli olması qənaətinə gəlir. Belə ki, iddianın əsas hissəsi təmin edilmədiyindən, iddianın vurulmuş maddi və mənəvi zərərin ödənilməsi hissəsi də təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinin verilməsi və zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar