Məhkəmə qərarları › İş №2(006)-1614/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1614/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1614/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda barəsində bəraət hökmü çıxarıldığından cinayət məsuliyyətinə qanunsuz cəlb edilərək qətimkan tədbiri kimi 1 il 16 gün müddətində həbsdə saxlandığına görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən ona dəymiş maddi ziyan kimi 30.000 manat, səhhəti ilə bağlı mənəvi ziyan kimi isə 50.000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Xətai RPİnin polis əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq saxlanılmış, xx.xx.2021-cı il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Rauf Əsədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Xətai RPİ-nin İŞ-nin müstəntiqi Rövşən Xanbabayev tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə də barəsində Xətai rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-131/2022 saylı hökmü ilə onun Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tərsirliliyi sübuta yetirilməməsi və əməlində cinayət tərkibi müəyyən edilməməsi əsası ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-1097/2022 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-333/2023 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə də, o, heç bir əsas olmadan öz işlərindəki statistikanın xətrinə hüquq-mühafizə orqanlarının, yəni konkret olaraq Xətai RPİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulub psixi və fiziki təzyiqlərə məruz qalmışdır. Habelə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək, yəni 1 il 16 gün müddətində heç bir qanuni əsas olmadan insanın ən ali arzusu, ən ülvi istəklərindən olan azadlıqdan məhrum olub həbs yerlərində saxlanılmışdır. Daha sonra prokurorluq orqanın apellyasiya və kassasiya protestlərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə yekun qərar qəbul etdiyi xx.xx.2023-cü il tarixədək əsəb, stres, gərginlik yaşamış, bütün bu müddət ərzində səhhətində ciddi problemlər yaranmışdır. Bununla bağlı uzun müddət müalicə olunmuşdur. Bundan başqa, tutulduğu ana qədər gündəlik 70-80 manat qazanc əldə etməklə qeyri-rəsmi olaraq bərbər kimi fəaliyyət göstərərək əldə etdiyi pulla dolanmışdır. Təbii ki, həbsdə saxlandığı bütün müddət ərzində həm qazancından məhrum olmuşdur. Beləliklə, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmış və hazırda müalicəyə ehtiyacı vardır. Həmçinin hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 il 16 gün həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməsi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməsinə, streslər, əzab və əziyyətlər yaşamasına, xəstəlik tapmasına bilavasitə qaçılmaz səbəb olmuşdur. Bu hərəkətlər onun, həmçinin fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Hazırda barəsində cinayət təqibi üzrə icraat qurtardığından cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Sonradan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.İddiaçı ona dəymiş maddi ziyanı həbs olunana qədər taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etməsi ilə əsaslandırmış, lakin ona dəymiş maddi ziyana dair hər hansı sübutunun olmadığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci (Oğurluq) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrinə əsasən onun barəsində tətbiq olunmuş hökmü və buna müvafiq olaraq tətbiq olunmuş cəzanı qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 50.000 manat, maddi ziyana görə 30.000 manat, ümumilikdə 80.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-131/2022 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş; İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş; maddi sübutlar və ekspertiza xərcləri ilə bağlı göstərişlər verilmiş, eləcə də, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)- 1097/2022 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi xx.xx.2022-ci il tarixli 1(101)- 131/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-333/2023 saylı qərarından görünür ki, dövlət ittihamçısının kassasiya protestinə əsasən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-1097/2022 saylı qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində həbsdə saxlanılması işin mübahisəsiz halıdır.Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə həbsdə saxlanılması nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 12.500 (on iki min beş yüz) manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş məhkəmə aktlarından aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməllərdə təqsirləndirilərək, azadlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, ailəsindən, rahatlığından məhrum olmuş, heç bir təqsiri olmadan çox keşməkeşli və təlatümlü dönəmdən keçmişdir. Məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi tələbi bağlı vurğulayır ki, iddiaçı maddi ziyanın vurulması tələbini onunla əsaslandırmışdır ki, o, həbs olunmamışdan əvvəl əmək fəaliyyəti ilə məşğul olaraq qazanca sahib olmuşdur, belə ki, taksi kimi fəaliyyət göstərərək qazanc əldə etmişdir. Məhkəmə tərəfindən iddiaçıya məhrum olduğu qazancı barədə sübutlar təqdim etməsi təklif olunsa da, iddiaçı itirilmiş gəlir hesab etdiyi qazancı ilə bağlı tələblərini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən vurulmuş maddi ziyana görə 30.000 manat pulun tutulmasına dair hissədə iddia əsaslı hesab edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 12.500 (on iki min beş yüz) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 12.500 (on iki min beş yüz) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar