Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1617/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 6.000 manat, 80 manat dövlət rüsumu və ümumilikdə 6.080 manat alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onu aldadaraq 8000 manat pul almış, 2.000 manat qaytarmış lakin, 6.000 pulunu qaytarmamışdır. Ondan almış olduğu pula görə aiddiyyəti dövlət orqanlarına şikayətimə əsasən araşdırma aparılmışdır. Binəqədi rayon Polis idarəsinin 7-ci Polis Bölməsində araşdırma zamanı Cavabdeh2 ondan almış olduğu puldan 6.000 manat pulun ona qaytarılmamasını sübuta yetirmişdir. Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı 11 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək cavabdehin ondan almış olduğu 6.000 manat maddi ziyanla bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Daha sonra iddiaçının vəsatəti əsasında Cavabdeh1 cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, o, 1-ci dəfə Aynurun özünə onun evində 3000 manat pul vermişdir. Həmin vaxt evdə o, Aynur və Azər olmuşdur. Aynur bildirmişdir ki, Azər pulu qaytarmasa pulu özü qaytaracaq.` 2-ci dəfə Aynurun evində 4000 manat pul vermişdir. Başqa bir vaxt Azər ondan 500 manat icarə pulunun ödənilməsi üçün pul istəmişdir. Qalan məbləğ isə onun faizidir. Həmçinin qeyd etmişdir ki, Azərə verdiyi pulu bankdan götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçını 15 ildir ki, tanıyır. İşində yaranmış problemlə əlaqədar Sevincdən 3000 manat pul istəmiş o, da xx.xx.2023-cü il tarixdə ona həmin məbləği vermişdir. Pulu 2-3 aya qaytarmaq şərti ilə götürmüşdür. 2023-cü ilin avqust ayında 2000 manatını qaytarsa da, iddiaçı bununla razılaşmamış hər gecikdirilmiş 15 gün üçün faiz hesablandığını bildirmişdir. Həmçinin bildirmişdir ki, ona verdiyi pulu Nicat adlı şəxsdən faizə götürmüşdür. O, heç bir polis orqanına dəvət edilməmişdir. Əlavə olaraq İddiaçı 2023-cü ilin sentyabr ayında kartına 500 manat pul göndərmişdir. Həmin pul da onun tərəfindən ödənilməmişdir. Hazırda iddiaçıya 1500 manat borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, həmin ərəfələrdə o Gəncə şəhərində xəstəxanada olmuşdur. Azərin problemi barədə və kimlərəsə borcu olmasını bilmişdir. Sevinc telefon vasitəsi ilə Azərə 3000 manat pul verməsini ona demişdir. Kartına da 500 manat icarə haqqını keçirməsini də bildirmişdir. Azər kafedə ona 2000 manat qaytarmışdır. X1 3500 manat pul vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surətindən həmçinin görünür ki, təhqiqat zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, rəfiqəsi Cavabdeh2 2023-cü ilin aprel ayında ona müraciət edərək onun tanışı Azər adlı şəxsə pul lazım olması barədə bildirib həmin şəxsə borca pul tapmasını xahiş etmişdir. Həmçinin ona məlum omluşdur ki, Aynurun tanışına təcili 3000 manat pul lazımdır. İlk əvvəl o Aynura onda o qədər məbləğdə pul omladığını bildirsə də, sonuncu ona tanışı Azərin yaxından tanıdığını, pulu qaytarmayacağı təqdirdə onun özünün pulu qaytarıb verəcəyinə söz verib onu əmin etmişdir. Bu səbəbdən də, o, 2023-cü ilin aprel ayının axırlarında Aynurun Bakı şəhəri Nərimanov rayonu ərazisində kirayədə yaşadığı ünvanda sonuncu ilə görüşüb həmin Azər adlı tanışının yanında ona 3000 manat pulu vermişdir, bundan bir az sonra Aynur ona Azər üçün əlavə 5000 manat pul tapmasını xahiş etdiyi üçün o, həmin məbləğdə də pulu tapıb ilk dəfə pulu verdiyi ünvanda Azərin iştirakı ilə Aynura vermişdir. Onlar pulu alandan həmin ümumilikdə olan 8000 manat pulu bir ay müddətində qaytaracaqlarına söz vermişlər. Lakin, həmin vaxtdan artın bir neçə ay keçsə də, həmin şəxslər onun pulunu qaytarmayıb müxtəlif bəhanələr gətirmişlər. Həmin vaxtlar da, o yenə də dəfələrlə Aynurdan ona və tanışı Azərə borc kimi verdiyi pulları geri qaytarmalarını demiş və bundan təxminən 3 ay sonra Aynur həmin məbləğdə puldan ona 2000 manat pul qaytarsa da, qalan 6000 manat pul qalıq qalmışdır. O, həmçinin izahatında göstərmişdir ki, həmin şəxslərə borc verdiyi ümumilikdə 8000 manat puldan 500 manat pulu sonuncu dəfə ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olan zaman mobil telefon tətbiqi vasitəsi ilə Azər adlı şəxsin hesab nömrəsinə göndərməklə vermişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-dən təqdim edilmiş rədd materialı nəzərdən keçirilərkən, Cavabdeh1 izahatının alınmadığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ildə iddiaçı tərəfindən Cavabdeh1 sonuncunun işlər görməsi məqsədilə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, razılaşma şifahi qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2023-cü il tarixdə pulun borc kimi verilməsinə dair şifahi qaydada bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında Cavabdeh1 iddiaçı tərəfindən ona ümumilikdə 3500 manat verilməsini, həmin məbləğdən 2000 manat qaytarılmaqla iddiaçıya 1500 manat borcu olduğunu etiraf etmiş, etirafını əks olunmuş məhkəmə iclas protokoluna imza etməklə təsdiqləmişdir. Belə olan halda Cavabdeh1 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun borca verilməsinə dair yazılı müqavilə olmasa da, Cavabdeh1 özünün şifahi izahatı ilə 3000 və 500 manat məbləğin ona verilməsini təsdiq etmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə etiraf etdiyi pul məbləğini ona qaytarmalıdır. Sözügedən əsasla da iddiaçının 8000 manat borc pul verməsi işin hər hansı halı ilə öz təsdiqini tapmamış, iddiaçı qeyd olunan məbləğin verilməsinə dair sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 İddiaçı tərəfindən pulun ona verməsini etiraf etməsi borcun Cavabdeh2 ilə müştərək deyil, yalnız Cavabdeh1 tutulmasına əsas verir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 1500 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 35 manatı Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, qalan 45 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 verilmiş borca görə 1500 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 verilmiş borca görə 1500 manat və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 80 manat dövlət rüsumunun qalan 45 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1617/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1617/2024
17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver