Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1627/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailəsi vasitəsi ilə tanış olmuşdur. İddiaçının 2017-ci ildə Naftalan istirahət mərkəzində dincəlməyi zamanı, onların evində kirayə qalmışdır. Sonradan çox yaxın dostluq əlaqəsi olub. Günelin ailəsi iddiaçıya bildirmişdir ki, qızları 3-4 ildir ki, ABŞ-da yaşayır və orada telefon mağazaları var. İddiaçı isə Azərbaycanda telefon və texnika satışı ilə məşğul olan maraqlı şəxsdir. İddiaçı 2019-cu ildə cavabdehgildə yenə də qonaq olduğu zaman söylədilər ki, bu ilin sonlarına yaxın qızları Azərbaycana gələcək, iddiaçı isə Günel ilə danışıb razılaşdı ki, gəldiyi zaman, “Apple” şirkətinin sentyabr ayında istehsal etdiyi son modellərdən gətirsin. İddiaçı pulun 10.000 (on min) ABŞ dollarını əvvəlcədən Günelin rəfiqəsi Nataşa ilə göndərdi. Cavabdeh təxmini noyabr ayının ortaları idi, iddiaçıya zəng edib, bildirmişdir ki, yaşadığı mənzilə gəlsin. Həmin vaxt evdə, onlardan başqa, Günelin anası Cəmilə xanım və qardaşı da var idi. Cavabdeh texnikadan gətirib göstərdiyi zaman söylədi ki, sərhəddə limit olduğundan yalnızca 5.000 ABŞ dollarlıq texnika gətirə bilmişdir. Qalan 5000 ABŞ dollarını iddiaçıya qaytaracağını bildirdi. Cavabdehin iddiaçıya göstərdiyi texnikalar bunlardır: “Ayfon promax” İİ 256 gb 1 ədəd - 1250 ABŞ dolları, “Ayfon İİ” 64 gb - 750 ABŞ dolları 1 ədəd, “Apple” notebook 2 ədəd hərəsi 1000 ABŞ dolları — cəmi 2000 ABŞ dolları, “Apple saat 3-cu versiya” 350 ABŞ dolları, 1 ədəd “İpad” mini — 300 ABŞ dolları, “İpad” - 350 ABŞ dolları. Texnikaları müzakirə etdikləri zaman aralarında mübahisə düşdü. Qiymətlərlə bağlı Cavabdeh və baldızı Şəfəq əvvəlcə razılaşdıqları məbləğdən daha artıq qiymətlər iddiaçıya söyləmişlər. Halbuki, o pula burada da həmin məhsulları almaq olardı. İddiaçı ödəmiş olduğu pulu cavabdehdən tələb etdikdə, cavabdeh həmin pulun 1 həftəyə qədər qaytaracağını bildirmişdir. Həmin vaxtdan 1 ildən çox müddət keçsə də, həmin pul ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən cavabdehdən 10.000 ABŞ dolları pulun (və ya 5.000 ABŞ dolları texnika və 5000 pulun) dərhal iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, bildirmişdir ki, iddianı qəbul edir. Onun iddiaçıya 10.000 ABŞ dolları məbləğində borcu olmasını etiraf edir. Maddi imkanı yaxşı olmadığına görə borcu ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 10.000 ABŞ dolları məbləğində borcu olduğunu və maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin təmin olunmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, Cavabdeh 10.000 (on min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 (on min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1627/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1627/2021
31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver