Məhkəmə qərarları › İş №2(006)-1635/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1635/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1635/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulmüş maddi, mənəvi və fiziki ziyanın ödənilməsi üçün 9.000.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən ABB-nin müştərisidir, 24 ildir, ondan ABB faydalanır, lakin onun insan və konstitusion hüquqlarını çox kobud şəkildə pozmuşdur, baxmayaraq ki, dəfələrlə ərizə və pretenziya formasında müraciət etmişdir. ABB ASC-nin sədri Abbas İbrahimov çox təəssüflər olsun ki, onun 4 ay ac-susuz, dərmansız və xəstə halında olmağına heç diqqət yetirməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, AR müharibə veteranlarına dövlət və kommersiya idarələrində dərin hörmətlə qəbul olunmalıdırlar və onların xahişləri böyük diqqətlə araşdırılmalıdır. Ölkə prezidentinin göstərişi ABB-nin rəhbərliyi tərəfindən icra olunmayıb. ABB ASC tərəfindən nəzərə alınmamışdır ki, o, 1-ci Qarabağ müharibəsində ərazi bütövlüyü uğrunda aparılan şiddətli döyüşlərdə (könüllü) və əməliyyatlarda iştirak etmişdir, veteran kimi 80 manat təqaüd alır, İİ qrup əlildir, ayrı qazanc yeri yoxdur, ABB tərəfindən qanunsuz hərəkətlər nəticəsində o, 4 aydır çörəksiz, susuz və dərmansız qalmışdır. Bu da onun sağlamlığına çox ciddi ziyan vurub və davam edir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia qaldırmaq istədiyi barədə Banka xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sədri Abbas İbrahimova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı 19 dekabr 2024-cü il tarixli qərarın surətini göndərmiş və “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hüquq şöbəsinə icra üçün göstəriş verməsini xahiş etmişdir. Bundan başqa məlumatlandırmışdır ki, ona dəymiş maddi və mənəvi ziyana görə Bakı İnzibati Məhkəməsinə iddia qaldırmaq niyyətindədir. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 628/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin olunması, Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları Zaur Əlizadə və İmran Cəfərquliyevin hərəkətləri qanunsuz hesab edilməsi və 268790/2024-15-23/1 saylı, xx.xx.2024-cü il tarixli, 186340/2021-15-28/1 saylı, xx.xx.2024-cü il tarixli, 56208/2019-15- 28/1 saylı, xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarının ləğv edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan İddiaçı məxsus sosial arayışın çıxarışından görünür ki, 3 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli müayinə ilə İddiaçı 5 il müddətinə əlillik təyin edilmişdir, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Mülki işin materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankı İstehlakçılarla iş departamentinin direktoru cənab Murad Məmmədova ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müştərinin ******************** saylı hesabından Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 06 dekabr 2024-cü il tarixli № e268790/2024-15-23/1 saylı, 02 dekabr 2024-cü il tarixli № e56208/2019-15-28/1 saylı, 02 dekabr 2024-cü il tarixli № e186340/2021-15-28/1 saylı İnkasso Sərəncamlarına əsasən tutulmalar icra edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən 06 yanvar 2025-ci il tarixli № e268790/2024-15-23/1 saylı, 07 yanvar 2025-ci il tarixli № e186340/2021-15-28/1 saylı və 07 yanvar 2025-ci il tarixli № e56208/2019-15-28/1 saylı 3 sərəncam daxil olmuşdur. Banka daxil olan sərəncamlardan ikisi ləğv olunmuş və 06 yanvar 2025-ci il tarixli № e268790/2024-15-23/1 saylı sərəncam icra olunacaqdır. Mülki işin materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin müştəri müraciətlərinin idarə olunması departamentinin direktoru Səbuhi Əkbərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, onun ******************** saylı hesabından Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 4 noyabr 2024-cü il tarixli, № e268790/2024-15-23/1 saylı İnkasso Sərəncamına əsasən tutulma icra edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır və məktubunda qeyd etdiyi məsələ ilə bağlı aidiyyatı üzrə müraciət etməyi tövsiyyə olunur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-399/2025-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarına “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İddiaçı məxsus hesabdan çıxarışlar, İddiaçı müharibə veteranı vəsiqəsi, İddiaçı məxsus sahə həkimi xəbərdarlıq vərəqələri və transtorakal exokardioqrafiya analiz nəticələri əlavə olunmuşdur. Məhkəmə ilk öncə iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehlərin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 9.000.000 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı maddi zərər kimi yeganə gəlir mənbəyinin 80 manat pensiyası olduğunu, 4 aydır ki həmin pulun 100% həcminə cavabdeh tərəfindən mənimsəndiyini əsas gətirsədə bu iddianın təmin edilməsi üçün əsas hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Beləliklə, qərarlarının icrası ədalət mühakiməsinin bir mərhələsi olmaqla, mütləq şəkildə icra edilməli olsa da, nəzərə alınmalıdır ki, bu icra, tərəflərdən hər hansı birinin hüquqlarının həddən artıq məhdudlaşdırılmasına və onun konstitusion hüquqlarının pozulmasına, yaşayış minimumundan da az məbləğdə olan yeganə gəlirindən məhrum edilməsinə gətirib çıxara bilməz. Beləliklə, İddiaçı tək gəliri olan 80 manat məbləğində pensiyasına tam şəkildə tutmanın yönəldilməsi ilə bağlı hərəkətlər qanunsuz olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-628/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə də təsdiq edilsə də, iddiaçıya “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən hər hansı maddi ziyan vurulmamışdır və tələb qanunvericilik normalarının tələblərinə zidd olan inkasso sərəncamlarını verən orqana yönəlməlidir. Yuxarıdakılara əsasən İddiaçı hazırda maddi tələblə cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi və fiziki zərəri iş materiallarına əlavə etdiyini sahə həkimi xəbərdarlıq vərəqələri ilə əsaslandırsa da, keçirdiyi mənəvi sarsıntının qeyd elədiyi kimi 4 ay ondan qanunsuz şəkildə yeganə gəlirinin tutulması ilə bağlı olduğuna dair hər hansı sübut tqədim etmədiyindən, həmçinin iddia maddi ziyan hissəsində təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi və fiziki ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar