Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1644/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Eldar oğluna qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Eldar oğluna qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş 2.500 manat miqdarında ziyan və Çexiyada istehsal edilmiş büllur çilçırağın dəyəri olan 750 manatın tam olaraq Cavabdeh Eldar oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qonşusu – Cavabdeh Eldar oğlu xx.xx.2021-ci il tarixdə mənzilini təmir etdirən zaman beton qarışığını birbaşa onun tavanı hesab edilən yerin üzərində qarışdırmışdır. Bu səbəbdən, onun mənzilinin təmirinə xeyli zərər dəymişdir. Bundan başqa, axan su nəticəsində Çexiya istehsalı olan büllur çilçıraq sıradan çıxmış və yararsız vəziyyətə düşmüşdür. O, bununla bağlı olaraq, cavabdehə bir neçə dəfə müraciət etmiş və yaranmış vəziyyəti aradan qaldırmasını xahiş etmişdir. Lakin sonuncu dəfə cavabdehə müraciət edərkən, ona «adam olsaydın nəsə edərdim» deyə cavab vermişdir. Mənzilə dəymiş zərərlə bağlı o, MİS-ə də müraciət etmişdir və buna uyğun olaraq müvafiq akt tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və ilk keçirilən məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. Əvvəlcə məhkəmənin diqqətinə çatdırır ki, dəfələrlə qeyd edilən ünvanın 6 saylı mənzilinə su sızmaları baş vermiş və əvvəlki mülkiyyətçi tərəfindən dəymiş ziyan ödənilmişdir. Lakin iddiaçı tərəfindən mənzilin təmir edilib-edilməməsi öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin mülkiyyətində olan mənzilin təmiri zamanı mənzilin döşəməsi polietilen qoruyucu ilə örtülmüş və beton hazırlanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə su axıdılması iddiası ilə 23 saylı MKİS-ə şifahi müraciət etmişdir. Qeyd edir ki, iddiaçıya dəfələrlə suyun axması ilə əlaqədar mənzilə gəlməsi barədə cavabdehin müraciətlərinə iddiaçı tərəfindən icazə verilməmişdir. Qeyd edilənlərlə əlaqədar səs yazıları da mövcuddur. Hesab edir ki, cavabdeh, mənzilin sahibi və mülkiyyətçisi olmadığı müddətdə yaranmış məsələ olduğundan, mənzilə iddiaçı tərəfindən buraxılmamışdır. Əvvəlki mülkiyyətçinin dövründə su axıdılması ilə bağlı mülkiyyətçi tərəfindən dəymiş ziyan ödənilmişdir, lakin təmir işlərinin aparılması qeyri-müəyyəndir. Həmçinin məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar mənzilə baxış keçirilməsinin vaxtı barədə məlumatlı olmamış və cavabdeh tərəfindən ekspertlərə qapının qərəzli olaraq açılmaması kimi bir fakt mövcud deyildir. İddiaçı öz iddiasında guya elektrik çilçırağının su axması nəticəsində yararsız hala düşdüyünü qeyd etsə də, cavabdeh tərəfindən dəfələrlə elektrik təmirçisi ilə mənzilə gələrək çilçırağa baxış keçirilməsi və ya sökülməsi barədə müraciətə müsbət cavab verilməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçı çilçırağı sökdürmək istəyərkən çilçırağın bəzi hissələri qopmuş və yararsız hala düşmüşdür. Məhkəmə tikinti-texniki ekspertizası üzrə mənzilə baxış keçirilərkən vizual baxış keçirilmiş, lakin su axıntısının hansı vaxta uyğun olub-olmaması, həmçinin beton qarışığından iddiaçının mənzilinin bir neçə otağına suyun necə sıza biləcəyi müəyyən edilməmişdir. Əlavə olaraq izahatında qeyd etdi ki, iddia ərizəsində və ekspert rəyində göstərilən məbləğlər şişirdilmiş məbləğlərdir. İddia ərizəsində göstərilən zərəri 30 % hissədə ödəməyə razıdırlar. İddia ərizəsini qismən qəbul edirlər. İddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrorayon Moksva prospekti 74 saylı evin 6 saylı mənzili İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nin verdiyi 02 iyun 2022-ci il tarixli **********30 saylı və 09 iyun 2022-ci il tarixli **********27 saylı sorğuya cavab məktubları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrorayon Moksva prospekti 74 saylı evin 10 saylı mənzili Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiqlənmiş 4Ə-767 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində Cavabdeh Eldar oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 23 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, həmin MKİS-in rəisi Y.Əliquliyev, mühəndisi Ə.Qasımov, sahə nəzarətçisi Ə.Quliyeva yoldaşların iştirakı ilə 1-ci mikrorayon Moskva prospekti ev 74 mənzil 6 ünvanda yaşayan X1 xx.xx.2021-ci il tarixli şifahi müraciəti əsasında onun mənzilində olub mənzilə baxış keçirilmişdir. Baxış zamanı şikayətçi İddiaçı bildirmişdir ki, həmin binanın 10-cu mənzilinin yeni sakini Cavabdeh xx.xx.2021-ci il tarixdə mənzilin daxilində təmir aparan zaman mənzilin döşəməsində beton qarışdırmış və bunun nəticəsində mənzilinə su axıdılmışdır. Baxış keçirilən zaman şikayətçinin mənzilinin uşaq otağı, zal və mətbəxinin tavanında suyun qurumuş ləkə izləri və çat aşkar olunmuşdur. Şikayətçinin deməsinə görə, su onun mənzilinin sanitar qovşağına da axmışdır. Həmin binanın onuncu mənzilinin sahibi Cavabdeh etiraf etmişdir ki, o, mənzilində təmir edərkən mənzilin daxilində beton məhlulunu ancaq zal otağının döşəməsinə çəkilmiş polietilen qoruyucunun üzərində qarışdırıb polietilen qoruyucu çəkilmiş digər otaqların döşəməsinə tökmüşdür. Şikayətçi əlavə olaraq bildirmişdir ki, onun mənzilində zalın çilçırağı su axması nəticəsində qismən sıradan çıxmışdır. X5 tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən çilçıraq və əl-üz yuyan dəstinə yuxarı mərtəbədə aparılmış təmir işləri zamanı dəymiş zərərin məbləği 13 iyul 2022-ci il tarixə 1.000 manat təşkil edir (çilçıraq 650 manat, əl-üz yuyan 350 manat). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4623 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 6 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 10 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 6 saylı mənzilin yaşayış otağı, sanitar qovşağı və mətbəx tikililərinin divar və tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma nəticəsində yarandığını, eləcə də 23 saylı MKİS-in əməkdaşları tərəfindən, 11 iyun 2021-ci il tarixdə tərtib etdiyi aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Moskva prospektində yerləşən 74 saylı evin 6 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzildə aparılan təmir işləri zamanı döşəmənin üzərində beton məhlulu qarışdırılan zaman su axıdılması nəticəsində 6 saylı mənzilin yaşayış otaqları, sanitar-qovşağı və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi rayonu Moskva prospektində yerləşən 74 saylı evin 6 saylı mənzilində su sızması nəticəsinda yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3110,0 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4534 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Moskva prospektində yerləşən 74 saylı evin 6 saylı mənzil təmir olunduğundan İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 74 saylı evin 6 saylı mənzilinə hər hansı bir ziyan dəyib-dəyməməsini və hansı səbəblərdən ziyan dəyməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin ilkin ekspertiza rəyində göstərilənləri və eləcə də, 23 saylı MKİS-in əməkdaşları tərəfindən, 11 iyun 2021-ci il tarixində tərtib etdiyi aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Moskva prospektində yerləşən 74 saylı evin 6 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzildə aparılan təmir işləri zamanı döşəmənin üzərində beton məhlulu qarışdırılan zaman su axıdıldılması nəticəsində 6 saylı mənzilin yaşayış otaqları, sanitar-qovşağı və mətbəx tikililərinə ziyan vurulduğu və 6 saylı mənzil üzrə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-tikinti işlərinin dəyəri təqribən 3.110 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 74 saylı evin 6 saylı mənzilinə ziyan dəymişdir. Ziyan məhz 10 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə su sızması nəticəsində vurulmuş 2.500 manat maddi ziyan, çilçırağın yararsız hala düşməsi nəticəsində vurulmuş 650 manat ziyan 10 saylı mənzilin mülkiyyətçisi - Cavabdeh Eldar oğlundan tutularaq İddiaçı ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə su sızması nəticəsində vurulmuş 2.500 manat maddi ziyan, çilçırağın yararsız hala düşməsi nəticəsində vurulmuş 650 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu 10 saylı mənzilin mülkiyyətçisi - Cavabdeh Eldar oğlundan tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 100 manat olmaqla, cəmi 150 manat Cavabdeh Eldar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, mənzilə vurulmuş real zərər ekspert rəyinə əsasən 3.110 manat təşkil etsə də, məhkəmə mənzilə vurulmuş zərərin tutulmasına dair hissədə iddia tələbindən kənara çıxa bilməz. Çilçırağa vurulmuş zərərin həcmi ilə bağlı məhkəmə hesab edir ki, çilçırağın dəyəri ilə bağlı məhkəməyə fərqli rəqəmlər bildirilmişdir. İddia ərizəsində çilçırağın qiyməti 750 manat, təqdim olunmuş rəydə isə dəyəri 650 manat qeyd edilir. Məhkəmə hesab edir ki, çilçırağın real qiyməti öz durumuna görə 650 manat təşkil etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənzilə su sızması nəticəsində vurulmuş 2.500 manat maddi ziyan, çilçırağın yararsız hala düşməsi nəticəsində vurulmuş 650 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu 10 saylı mənzilin mülkiyyətçisi - Cavabdeh Eldar oğlundan tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 100 manat olmaqla, cəmi 150 manat Cavabdeh Eldar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1644/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1644/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver