Məhkəmə qərarları › İş №2(006)-1650/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1650/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1650/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hər gecidirilən ilə görə 5% olmaqla 23 ay ərzində 958 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh MMC-yə və X1 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 10000 manat pulun və ödədiyi 120 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində iddia qismən təmin edilmişdir. Cavabdeh MMC-dən 10000 manat pul və ödənilmiş 120 manat düvlət rüsumunun əvəzi xx.xx.2023-cü ildə İddiaçı ödənilmişdir. Bildirmişdir ki, həmin borc 2021-ci ilin yanvar ayında yarandığına və xx.xx.2023-cü il tarixində ona ödənildiyinə görə cavabdeh borclu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hər gecikən ilə görə 5% ödəməlidir. Yəni, 2021-ci ilin yanvar ayından xx.xx.2023-cü ilədək 23 ay ərzində Cavabdeh MMC-dən 10000 manatın 9,58% (5:12*23=9,58) məbləğində 958 manat pul ona ödənilməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hər gecidirilən ilə görə 5% olmaqla 35 ay ərzində 1458 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayınadək olan müddət 23 ay deyil 35 ay təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 559/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh MMC-dən 10 000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, həmin qətnamə qanuni qüvvəyə minməklə xx.xx.2023-cü il tarixdə icra edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən 10 000 manat məbləğində borc alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmiş, həmin qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Tələb edilən məbləğ xx.xx.2023-cü il tarixdə iddiaçıya ödənilmişdir. İddiaçı hazırda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunan mülki qanunvericiliyin müddəalarından görünür ki, borclu vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda borclu tərəfindən pul məbləğinin ödənilməsini gecikdirilməsi halında, əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, kreditorun borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, həmin məbləğ iddiada tələb edilən miqdarda tutulmamalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsində qeyd edilmişdir ki, 10000 manat pul X2 vasitəsi Cavabdeh MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə mədaxil edilmişdir. İddiaçı məhkəmə iclasında qeyd etmişdir ki, verdiyi pulun müqabilində mal ala bilməyəcəyini və verdiyi pulun Abdulla adlı şəxsin borcuna silindiyini bildikdən sonra Cavabdeh MMC ilə aralarında baş tutmuş razılaşmanın elə həmin gün pozulmasını nəzərə alaraq öz pulunu sonuncudan tələb etmişdir. Bu hal qətnamədə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, gecikdirilmiş vaxt üçün müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixindək müəyyən edilməklə gecikdirilmiş vaxt üçün (2 il 09 ay 21 gün=33 ay) illik 5% hesabı ilə 1375 manat (5%:12(ay))*33(ay)=13,75(faiz)*10000(manat):100%=1375) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC 1375 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1375 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar