Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-166/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən iddiaçıya məxus olan ******************** nömrəli hesabdan çıxılmış 1500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, məhkəmə tərəfindən qərar çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə gecikdirilmiş hər gün üçün qanunsuz tutulmuş 1500 manat məbləğində pula faiz hesablanaraq bank tərəfindən iddiaçıya ödənilməsi, həmçinin, bankın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 1500 manat maddi və mənəvi ziyanın, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun bankdan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək haqqı kartı verildikdə İddiaçı ******************** nömrəli hesaba bağlı olan 2 (iki) kart verilmiş və bildirilmişdir ki, kartın biri əmək haqqı, digəri isə hədiyyə olaraq əlavə əməliyyatlar həyata keçirmək üçün bank tərəfindən təqdim edilir. İddiaçı başqa karta pul köçürməli olduğu üçün xx.xx.2023-cü il tarixdə 1500 manat məbləğində pulu terminal vasitəsilə əmək haqqı kartına köçürmüşdür. İddiaçının hesabında 97 qəpik pul olduğundan məbləğ 1500 manat 97 qəpik təşkil etmişdir. İddiaçı köçürməni həyata keçirmiş, lakin sistemdə xəta baş verdiyi və köçürmə mümkün olmadığı qeyd edilmişdir. Daha sonra iddiaçı 100 manat başqa hesaba köçürdükdə hesabındakı məbləğ 1400 manat 97 qəpik təşkil etmiş, əlavə olaraq 100 manat hesabına köçürdüyü məbləğ 1500 manat 97 qəpik olmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı “Bravo” ATM-də yenidən köçürmə etmək istəmiş, lakin bu baş tutmamışdır. Bu səbəbdən ilkin olaraq 1000 manat, ardınca isə 500 manat məbləğində pulu hesabından çıxartmışdır. Sonra iddiaçı əmək haqqı kartındakı pulu ona hədiyyə edilmiş karta köçürmüş və köçürməni təkrar etdikdə bu baş tutmamışdır. İddiaçı 1500 manat məbləğində pulu kart hesabına yerləşdirərkən hesabında pul olmamış və heç vaxt həmin kartdan istifadə etməmişdir. İddiaçı hədiyyə edilmiş karta yüklədiyi 1500 manat məbləğində pulu xx.xx.2023-cü il tarixdə Əhmədlidəki “APLUS” marketində yerləşən terminal vasitəsilə ilkin olaraq 500 manat, sonra isə 1000 manat olmaqla hesabından çıxartmışdır. Hesabında 1500 manat 97 qəpik olmasına baxmayaraq iddiaçı 1500 manat məbləğində pulu çıxardıqdan sonra onun hesabında mənfi 1499 manat 03 qəpik borc yazıldığını görmüş və bankla əlaqə saxladığı zaman bildirilmişdir ki, “bu sistem xətasıdır, hədiyyə verilən kartı bağlayın, 15 gün ərzində isə hesabda göstərilən 1500 manat borc özü ləğv ediləcək”. İddiaçı hədiyyə verilən kartı ləğv etdirmiş, borc isə göstərilməkdə davam etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə terminal vasitəsilə 165 manat məbləğində pulu hesaba yatırdıqda həmin pul borcdan çıxılmış və 1134 manat 03 qəpik borc göstərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə isə 114 manat və 51 manat hesabında olan puldan xərcləmiş, həmin məbləğlər də borca yazılmaqla ümumilikdə 1499.03 manat borc göstərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının hesabına 1957 manat 60 qəpik əmək haqqı mədaxil olmuş, lakin iddiaçının sözügedən istifadə etmədiyi, əsassız və qanunsuz göstərilən 1499.03 manat borc avtomatik olaraq onun hesabından silinmiş və balansında 458.57 manat məbləğində pul qalmışdır. Hesaba mədaxil, məxariclər, yekun qalıq hamısı aşkar şəkildə görünməkdədir. Lakin, iddiaçının ******************** nömrəli hesabına bağlı hədiyyə olaraq verilmiş kartına mədaxil etdiyi 1500 manat məbləğində pul, həmçinin əmək haqqı köçdükdən sonra avtomatik silinmiş 1499.03 manat borc müvafiq olaraq Cr_armt və Dr_armt sütunlarında görünmür. İddiaçı dərhal bankla əlaqə saxlayaraq 1500 manat məbləğində pulun onun özü tərəfindən hesaba qoyulduğunu və çıxarıldığını, texniki səhv olduğunu və borc göstərdiyini, bank tərəfindən silinməli olduğunu bildirməsinə baxmayaraq iddiaçıya deyilmişdir ki, belə bir şey mümkün deyil, göstərilən borc overdraft borcudur, ona görə də əmək haqqı köçürülən zaman hesabından silinib. İddiaçı hesabdan çıxarışlara baxılmağını, ona bank tərəfindən borc verilmədiyini, pulun onun tərəfindən hesabına yüklənildiyini və çıxarıldığını bildirsə də, heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı bununla bağlı Bakı şəhəri Səbail rayon prokurorluğuna müraciət etmişdir. Prokurorluq tərəfindən araşdırma aparılması üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli edilmiş müraciətə əsasən bank tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda qeyd edilmişdir ki, iddiaçının ******************** nömrəli kart hesabında xx.xx.2023-cü il tarixdə overdraft borcu yaranmış, xx.xx.2023-cü il tarixdə isə hesaba daxil olmuş əmək haqqı hesabına həmin borc bərpa olunmuşdur. Lakin, heç bir əmək haqqı kartı ilə hesabda pul olmasa pulun çıxarılması mümkün deyil. Bu pul hədiyyə olan karta iddiaçının özü tərəfindən yerləşdirilmiş, lakin hesabda karta daxil olma göstərilməmiş, məxaric isə göstərilərək mənfiyə hesablanma getmişdir. Beləliklə, bank tərəfindən hər hansı əməliyyatın, hesablaşma sənədlərinin ödənilməsi üçün iddiaçının hesablaşma hesabının kreditləşdirilməsi həyata keçirilməmiş, yəni overdraft borcu yaranmamışdır. "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan da görünür ki, iddiaçının kredit tarixçəsində "xxxx" ASC tərəfindən 1500 manat kredit verilməsi ilə bağlı hər hansı bənd yoxdur. İddiaçı bank tərəfindən aldadılmış və hüququnun bərpa edilməsi üçün banka müraciət etmiş, prokurorluq orqanları ilə əlaqə saxlamış, iddia ərizəsinin yazılması üçün hüquqi yardımdan istifadə etmiş, ən əsası da dəyərli olan vaxt itkisinə məruz qalmışdır. Bu hərəkətlər nəticəsində ona 1500 manat maddi və mənəvi ziyan dəymişdir. Həmçinin, iddiaçıya məxsus vəsaiti bank qanunsuz saxlamaqla ondan faydalandığına görə məhkəmə tərəfindən qərar çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə gecikdirilmiş hər gün üçün qanunsuz tutulmuş 1500 manat məbləğində pula faiz hesablanaraq bank tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi bankdan alınaraq iddiaçıya ödənilməlidir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirdi. İddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. “ABB” tərəfindən verilmiş debit kartın surətindən görünür ki, 5167 5133 4303 9004 nömrəli kart İddiaçı məxsusdur, ona verilən tam kartın nömrəsi isə 5490 2641 0525 0912-dir.
7. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 40 (qırx) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
8. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının ******************** saylı cari hesabında xx.xx.2023-cü il tarixində 1499,03 manat məbləğdə texniki overdraftın yarandığı barədə rəy verilmişdir.
9. İş materiallarına İddiaçı məxsus (hesab nömrəsi: ********************) hesabdan çıxarışlar da əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh "xxxx" ASC ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin X5 Donanması (iddiaçının işlədiyi müəssisə) arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə olunma haqqında” müqaviləyə əsasən iddiaçıya əmək haqqı kartı verilmişdir.
11. İddiaçının iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçının hesabında 1500,97 manat pul vəsaiti olduğu halda həmin hesabdan 1500 manat məxaric etmiş, lakin onun 1499,03 manat məbləğində banka borcu yaranmışdır. Məsələni aydınlaşdırmaq üçün banka müraciət etmiş və texniki overdraft olduğu üçün həmin məbləğin borc kimi qeyd edildiyi barədə məlumat verilmişdir.
12. İş üzrə məhkəmə araşdırmaları zamanı məhkəməyə hesabdan çıxarışlar təqdim edilmişdir. Xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında “1. İş materiallarında olan hesabdan çıxarışlara əsasən İddiaçı məxsus **********039004 nömrəli əmək haqqı kartı üzrə “overdraft” yaranması halı müəyyən edilirmi? Kart üzrə “overdraft” yarandığı təqdirdə, onun yaranma əsası nə olmuşdur və məbləği nə qədər təşkil edir? 2. İş materiallarında olan hesabdan çıxarışlara əsasən İddiaçı məxsus kartlardan (**********595695 nömrəli plastik kart və **********039004 nömrəli əmək haqqı kartı) bank tərəfindən əsassız tutulma halı müəyyən edilirmi? Əsassız tutulma müəyyən edildiyi təqdirdə, məbləği nə qədər təşkil edir?” məzmununda suallar qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli məlumatları ilə ekspertizanın aparılmasından imtina edilərək, iş materialları icrasız geri qaytarılmışdır.
13. Xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğu üçün və Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə qərardadını icrasız geri qaytardığı üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-166/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" ASC-də olan **********595695 və **********039004 nömrəli kartları üzrə “overdraft” (hesabda vəsait olmadıqda, silinmə) yaranıb-yaranmaması, yarandığı təqdirdə, əsası və məbləği, iş materiallarında olan hesabdan çıxarışlar əsasında **********595695 və **********039004 nömrəli kartlardan ümumilikdə 1500 manat məbləğində pul vəsaitinin silinməsinin əsasının nə olması barədə əsaslandırılmış mütəxəssis rəyinin Azərbaycan Respublikası Mərkəzi Bankından tələb edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Mərkəzi Bankına və Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
14. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar müəyyən edilmişdir: - iş materiallarında olan sənədlərə əsasən İddiaçı qeyd edir ki, xx.xx.2023-cü il tarixində 5167.5133.4303.9004 nömrəli əmək haqqı kart hesabından 1500 manat məbləğində vəsaiti bankomat vasitəsilə nağd çıxartmış və həmin gün digər 5167.5133.4859.5695 nömrəli kart hesabına Bravo market ərazisində yerləşən Emanat və Milliön ödəniş terminallarından biri (dəqiq hansının olması qeyd olunmur) vasitəsilə mədaxil etmiş və 1 gün sonra xx.xx.2023-cü il tarixində həmin kart hesabdan bankomat vasitəsilə məxaric etmişdir. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesablarından çıxarışlara əsasən xx.xx.2023-cü il tarixində 5167.5133.4303.9004 nömrəli kart hesabından 1500 manat və xx.xx.2023-cü il tarixində 5167.5133.4859.5695 nömrəli kart hesabından 1500 manat məbləğində vəsaitlərin bankomat vasitəsilə nağd çıxarılması həmin kartların bağlı olduğu ******************** nömrəli cari hesabda əks olunsa da, iddiaçının qeyd etdiyi xx.xx.2023-cü il tarixində 5167.5133.4859.5695 nömrəli kart hesabına ödəniş terminalları vasitəsilə 1500 manat məbləğində vəsaitin mədaxil olunması öz əksini tapmır. Nəticədə iddiaçının ******************** nömrəli cari hesabında xx.xx.2023-cü il tarixində 1499,03 manat məbləğdə texniki overdraft yaranmışdır. Adi bank praktikasına görə plastik kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosessinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında overdrafta yol verilə bilməsi halları istisna olunmur. Əgər texniki səbəbdən overdraft yaranarsa, bu müştəri ilə bank arasında bağlanmış müqavilənin müvafiq bəndləri ilə tənzimlənməlidir. Qeyd olunan halda, overdrafta yol verilməsi halları iddiaçının əmək haqqı aldığı əsas iş yeri ilə (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin X5 Donanması) cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə olunma haqqında” müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, həmin müqavilənin 1.1.5-ci (“texniki overdraft” – kart sahibinə overdraftın təqdim edilməsi barədə Bank ilə kart sahibi arasında razılaşma olmadığı halda kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması), 3.3.13-cü (kart sahibinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə, o cümlədən əsas məbləğlər, faizlər, Bank tərəfindən tətbiq edilən cərimə (dəbbə) sanksiyalarını, texniki overdraft məbləğlərini və digər pul öhdəlikləri üzrə pul vəsaitlərini kart hesabından akseptsiz qaydada (kart sahibinin sərəncamı olmadan) silmək və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün hesabda olan pul vəsaitlərini bloklamaq), 3.3.15-ci (Bank tərəfindən kart hesabına səhv olaraq daxil edilmiş və ya silinmiş pul vəsaitini kart sahibinə xəbər vermədən silmək və ya bərpa etmək), 3.3.16-cı (texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın tariflərində və, və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini kart sahiblərindən tələb etmək), 3.3.17-ci (bank tərəfindən hesaba səhv daxil edilmiş pul vəsaitinin kart sahibi tərəfindən geri qaytarılmasını tələb etmək) və 3.2.7-ci (adına kart buraxılmış işçilərini bu müqavilənin şərtləri, Bankın tarifləri və onlara ediləcək dəyişikliklərlə tanış etmək) bəndlərinin tələblərinə texniki overdrafta yol verilməsi və onun tənzimlənməsi mexanizmləri aydın təsbit olunmuşdur.
15. Hazırda iddiaçı ona məxus olan ******************** nömrəli hesabdan çıxılmış 1500 manat məbləğində pulun, məhkəmə tərəfindən qərar çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə gecikdirilmiş hər gün üçün qanunsuz tutulmuş 1500 manat məbləğində pula faiz hesablanmaqla pulun və ona dəymiş 1500 manat maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə iddianın təmin, cavabdeh isə iddianın əsassız olmasını nəzərə alıb rədd edilməsini məhkəmədən xahiş edir.
c) Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia tələbinin “iddiaçıya məxus ******************** nömrəli hesabdan çıxılmış 1500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli məbləğin cavabdeh bankın qanunsuz hərəkətləri nəticəsində onun hesabından 1500 manat məbləğində pulun silindiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə prosesində hər bir tərəf öz tələbini əsaslandırdığı halları sübut etməyə borcludur.
17. Hazırkı mübahisə ilə bağlı overdraftın yaranıb-yaranmaması məsələsi xüsusi bilik tələb olunan mütəxəssislər tərəfindən hesabdan çıxarışlara əsasən müəyyən edilməlidir. Buna görə də məhkəmə əsaslandırılmış mütəxəssis rəyinin təqdim edilməsi barədə qərardad elan etmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankı iş materiallarına əsasən əsaslandırılmış mütəxəssis rəyi təqdim etmişdir. Məhkəmə mütəxəssis rəyini nəzərdən keçirərək müəyyən edir ki, mütəxəssis rəyi tam dolğun və ətraflı izah edilmiş və qanunverciliyə zidd olan hər hansı mövqe nümayiş etdirilməmişdir. Məhkəmə mütəxəssis rəyini xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış ilə birlikdə qarşılıqlı nəzərdən keçirməklə müəyyən edir ki, həqiqətən də iddiaçı xx.xx.2023-cü il tarixdə hesabda 0,97 manat pul vəsaiti olan halda 1500 manat hesaba mədaxil etmiş, 100 manat məxaric etmiş, sonra isə 100 manat mədaxil etmişdir. Bundan sonra hesabda 1500,97 manat pul vəsaiti olmuşdur. xx.xx.2023-cü il tarixdə 1,000 manat hesabdan məxaric edilmiş, 500 manat məxaric edilmiş və hesabda 0,97 manat pul vəsaiti qalmışdır. xx.xx.2023-cü il tarixdə hesabda 0,97 manat pul vəsaiti olduğu halda 500 manat, sonra isə 1,000 manat məxaric edilmiş, son əməliyyatdan sonra hesabda mənfi 1499,03 manat pul vəsaiti borc yaranmışdır. Yəni, mütəxəssis rəyində də qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə ümumi hesaba bağlı olan ayrı-ayrı kartların hərəsindən 1500 manat məbləğində pul vəsaiti məxaric edilsə də, iddiaçının iddia etdiyi xx.xx.2023-cü il tarixdə 5167.5133.4859.5695 nömrəli kart hesabına ödəniş terminalları vasitəsilə 1500 manat məbləğində vəsaitin mədaxil olunması öz əksini tapmır.
18. Qeyd olunanaları nəzərə alaraq məhkəmə izah edir ki, iddiaçı ümumi hesaba bir dəfə 1,500 manat mədaxil etsə də, texniki overdraft nəticəsində 2 dəfə 1500 manat məxaric etmişdir. Buna görə də banka borcu yaranmış və nəticədə həmin borc hesaba mədaxil edilən əmək haqqından və digər vəsaitlərdən tutulmuşdur. Həmin prosedurlar da qanunvericiliyə və müvafiq əmək haqqı kartından istifadəyə dair müqaviləyə zidd olmamış, iddiaçıya bank tərəfindən maddi ziyan vurulmamış və cavabdeh iddiaçı hesabına əsassız varlanmamışdır.
19. Məhkəmə mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
20. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
21. Məhkəmə araşdırmaları zamanı iddiaçıya cavabdeh tərəfindən maddi ziyan vurulması müəyyən edilmədiyindən digər halların (təqsirin və s.) araşdırılmasına heç bir zərurət yoxdur. Bundan əlavə iddia tələbinin “1500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi iddia tələbinin əsas hissəsini təşkil etdiyinə görə və tələbin digər hissəsinin əsas tələbə bağlı olduğuna görə (yəni, onun təmin edilibedilməməsindən aslı olduğuna görə) məhkəmə, iddia tələbinin qalan hissədə də (faizin, maddi və mənəvi ziyanın ödənilməsi hissəsində) təmin edilməməsini məqsədəmüvafiq hesab edir.
22. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
24. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.
25. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091 və 1092.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
27. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: - Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Maddə 193.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.
31. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova