Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1660/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan aldığı külli miqdarda pulu könüllü surtdə qaytarmaq istəmədiyindən onun barəsində «pul» tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, Cavabdeh etibarından sui-istifadə edərək 2017-ci ilin iyul ayından etibarən. 4 ay ərzində müxtəlif hissələrdə və müxtəlif vaxtlarda cəmi 126720 manat pul almışdır. Cavabdeh götürdüyü borcu ən geci 8 ay ərzində geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh bu günə qədər iddiaçıya ödəniş etməmişdir. Cavabdeh uzun illər iddiaçıya ilə birg işləmişdir. İddiaçı onu xeyli müddətdir tanıyır və aralarında şəxsi münasibətlər olmuşdur. Cavabdeh qeyd edilən məbləğdə pulu biznes qurmaq üçün iddiaçıdan istəmişdir vəəldə edəcəyi gəlir hesabına 8 ay ərzində qaytaracağını bildirmişdir. Aralarında yaxın münasibətlər olduğundan iddiaçı ona etibar edərək pul vermişdir. Buna baxmayaraq bu müddət ərzində cavabdeh iddiaçıya olan borcunu qaytarmaq istiqamətdə hər hansı tədbir görməmişdir. Dəfələrlə tələb etdiyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirmiş və ödənişin vaxtını hər dəfə təxirə salmışdır. Son günlərdə isə cavabdeh ümumiyətlə iddiaçının zənglərinə cavab verməkdən imtina etmişdir. Beləliklə, artıq iddiaçı başa düşmüşdür ki, cavabdeh onun etibarından sui-istifadə etmiş və ona məxsus külli mişdarda pulu mənimsəmişdir. Bu səbəbdən də Cavabdeh 126720 manat məbləğində pulun məhkəmə qaydasında tutulmalı və iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməməyə görə məsuliyyət daşıdığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən cərimənin məbləği Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Odur ki, cavabdehin 3 ilə yaxın müddət ərzində öz borc öhdəliklərini yerinə yetirməməsini nəzərə alaraq ondan illik 5% olmaqla, 3 il üçün ümumilikdə 19008 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 126720 manat əsas borc, 19008 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 145758 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyənləşdirilmiş qaydada bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayndəsi və vəkilinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, o, iddiaçının dostudur. Cavabdeh Elçinin etibarından sui-istifadə etmişdir. Elçin onunla bir dəfə maşınla bir yeə getməli olduqlarını bildirmiş, o, da getmişdir. Yolda gedərkən əlində bir paket görmüşdür. Paketin nə olduğunu yol boyu soruşduqda isə ona bəlkə cavabdeh qəzənfərlə iş görə biləcəklərini bildirmişdir. O, Qəzənfəri görməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, iddiaçı ona bir neçə dəfə Qəzənfərə çatdırmaq üçün pul vermişdir. O, özü də Elçinin işçisidir. Bir dəfə Qəzənfərə 10.000 manata yaxın, axırıncı dəfə Suraxanıda 5.000 manat pul vermişdir. Bir neçə dəfə də çatdırmaq üçün aparmışdır. Cavabdeh iş görmək adı ilə onun da 15.000 manat pulunu götürmüşdür. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, o, iddiaçının xalası oğludur. Elçin şəxsən onun yanında Qəzənfərə 2 dəfə 15.000 manat məbləğində pul vermişdir. Cavabdeh ondan da işə düzəltmək adı ilə 35.000 manat pulunu almış və geri qaytamamışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tərəflər arasında borc münasibətlərinin mövcud olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçının cavabdehdən pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlər iddiaçı tərəfindən cavabdehə pul verilməsini iddia etsələr də, bu ifadələr sübut növü kimi qəbul edilə bilməz. Prosessual qanunvericiliyin göstərilən tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin mövcud olması yalnız onlar arasında bağlanılmış yazılı müqavilə ilə təsdiq oluna bilər. Qanunun tələbinə əsasən 126720 manat məbləğində borc pulun verilməsinə dair müqavilə yazılı formada bağlanılmalı olduğundan, lakin bu müqavilə şifahi formada bağlanıldığından, iddiaçının şahidlər ifadələrinə istinad etməsi əsassızdır və bu səbəbdən də həmin ifadə sübut növü kimi qiymətləndirilə və qəbul edilə bilməz. Eyni zamanda məhkəmə iclasında iddiaçı cavabdehə borc pulun verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbi 126720 manatın tutulması hissəsində əsassız hesab edildiyindən, iddia tələbi 19008 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması hissəsində də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan əsassız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1660/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1660/2021
13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver