Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1677/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8400 manat borcun və 104 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 15 ilə yaxındır ki, Cavabdeh və atası Namiq müəllimi tanıyırlar. 2023-cü ilin sentyabr ayının əvvəllərində Cavabdeh evə gələrək, ailə qurduğu qadının onun evində olan hər şeyini götürüb apardığından ağır vəziyyətə düşdüyünü, bu səbəbdən də Gəncə şəhərində olan marketinə mal alıb işlətmək üçün ona 4000 manat borc pul lazım olduğunu demişdir. Cavabdeh bildirmişdir ki, özünə məxsus “X3" markalı avtomaşınım DYPŞ-dədir, bir həftə içərisində çıxarıb satıb pullarını qaytaracaqdır. İddiaçılardan İddiaçı2 44 günlük Vətən Müharibəsinin qazisidir. Müharibədən qayıtdıqdan sonra dövlət ona 10000 manat sığorta pulu vermişdir. Həmin pul evdə olduğundan onlar cavabdehə inanıb ona 4000 manat borc pul vermişlər. Aradan bir həftə keçdikdiən sonra cavabdeh bir daha onlara gəlmiş, demişdir ki, avtomobilini DYPŞdən çıxarıb Bakı şəhərində avtosalona qoyub satacaqdır. Amma maşın satılana qədər Bakı şəhərinin Binə qəsəbəsində 6 sot torpaq sahəsinin əldən çıxmaması üçün ona 6000 manat borc pul lazımdır. Cavabdeh bildirmişdir ki, narahat olmasınlar, avtomobilini satan kimi əvvəl aldığı 4000 manatı da, indi aldığı 6000 manatı da ikisini bir yerdə qaytaracaqdır. Ona inanıb evdə qalan 6000 manatı da 2023-cü ilin sentyabr ayının ortalarında cavabdehə borc olaraq vermişlər. Təxminən bir aydan sonra cavabdehdən ona verdikləri pulu istəmişlər. O, evə gələrək Sədərək Ticarət Mərkəzində işə düzəldiyini bildirib yaxın vaxtlarda aldığı borcu qaytaracağını vəd verərək getmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində cavabdeh İddiaçı2 “Leo Bank” kartına 600 manat pul göndərmişdir. Daha sonra 2024-cü ilin avqust ayında borcundan hissə-hissə bir neçə dəfəyə cəmi 1000 manat göndərmişdir. Beləliklə, cavabdeh ondan aldığı 10000 manat puldan cəmi 1600 manatını ödəmiş, 8400 manat borcu qalmışdır. Lakin o, aldığı borcu qaytarmaqdan imtina edir. Hətta sonuncu dəfə onlara hədə-qorxu gələrək, onların başa düşmədikləri kriminal sözlər işlədərək onlarla danışmağa kimlərisə gətirəcəyini söyləmişdir. Cavabdeh onlardan borc alması barədə öz xətti ilə 4 ədəd qəbz yazıb vermişdir. Onu da bildirmişdir ki, cavabdehin etibarından sui-istifadə edərək borc olaraq aldığı pulu qaytarmadığı üçün Gəncə şəhər Baş Polis İdarəsinə etdiyi şikayət üzrə aparılan araşdırma zamanı Cavabdeh bildirmişdir ki, guya onlara daha sonra da 1300 manat pul vermişdir. Bu barədə o, kartdan çıxarışlar göstərmişdir. Lakin, istintaq orqanı həmin kartın onlara aid olub-olmamasını araşdırmadan, cavabdehin sözlərini mötəbər sübut kimi qəbul edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh onlardan aldığı 10000 manat borc puldan 2900 manatını qaytarmış, onlara cəmi 7100 manat borcu qalmışdır. Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cavabdehlə aralarında olan borc məsələsinə görə məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə olunmuşdur. İddiaçı2 44 günlük müharibədə xx.xx.2020-ci il tarixdə Şuşa uğrunda aparılan döyüş əməliyyatlarında yanında baş vermiş düşmən tərəfindən atılmış mərmi partlayışından aldığı ağır travmadan sonra “qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə partlayış travması. Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensar ağıreşitmə, piçilti nitqinin sel qulaqda 4,5 metr, sağ qulaqda 5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi rəylə 2-ci qrup əlildir. Döyüş əməliyyatlarında göstərdiyi şücaətlərə görə “Şüşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", “Şücaətə görə" "Hərbi xidmətlərə görə”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Hazırda cavabdehin bu cürə qanunsuz hərəkətləri üzündən keçirdiyi stres onun xəstəliyinin daha da şiddətlənməsinə səbəb olur. Məhkəmə iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf edərək, 8400 manat borcun və ödənilmiş 104 manat dövlət rüsumunun ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilməklə X1 Cavabdeh ilə aralarında olan borc məsələsinə görə məhkəməyə müraciət edilməsi izah edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, həmin qəbzlərlə Cavabdeh tərəfindən cəmi 10 000 manat alınması öz tədiqini tapır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 10 000 manat borc almış, lakin borc məbləğini razılaşdırılmış müddətdə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etiraz etmədiyini protokola qeyd edilməklə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8400 manat tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8400 manat və ödənilmiş dövlət rüsumuna görə 104 manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1677/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1677/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver