Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1687/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlərdən Cavabdeh2 ilə bir müddətdir ki, tanışlığı olub. Onun vasitəsi ilə iddiaçı digər cavabdehlərlə tanış olmuşdur. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 ç ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi, təmiri, istilik sisteminin quraşdırılması, kanalizasiya sistemi xətlərinin çəkilməsi, obyektin iddiaçının adına keçirilməklə orada yüksək səviyyədə xidmətin təşkil edilməsi adı ilə iddiaçıdan bir neçə dəfəyə, hissə-hissə 64350 manat və 300 ABŞ dolları pulu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, onlar iddiaçını aldadaraq həmin obyekti cavabdehlədən Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 adına rəsmiləşdirmişlər. İddiaçı bu mübahisənin məhkəmədənkənar qaydada həllinə nail olmaq üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, onlar müxtəlif bəhanələrlə nə pulun qaytarılmasını, nə də ki, razılaşmaya uyğun olaraq obyektin iddiaçının adına rəsmiləşdirilməsini təmin etməmiş, müxtəlif bəhanələrlə boyun qaçırmışlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 64 350 manat pulun, məzənnəyə uyğun olaraq 300 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 160.827,12 manat pulun, məzənnəyə uyğun olaraq 775 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının yeganə təqdim edə bildiyi sübut audio, video yazılardı ki, həmin yazılar da qeyri-qanuni yolla əldə olunmuş sübutlardır. Hətta sübut kimi qəbul oluna biləcəyi halda həmin audio, video yazılarda cavabdehlərin iddiaçı qarşısında konkret olaraq hansı məbləğdə borc öhdəliklərinin olması barədə məlumat yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1687/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1687/2021
02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver