Məhkəmə qərarları › İş №2(006)-1698/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1698/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1698/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin 28 avqust 2007-ci il tarixli sərəncamı ilə Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudları daxilində 250 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi ilə bağlı iddiaçıya ayrılmışdır. Əvvəllər tanıdığı Cavabdeh torpaq sahəsini sənədləşdirə biləcəyini və bununla bağlı rüsum ödənilməsinə 4500 manat pul lazım olduğunu bildirmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə iddiaçıdan 4500 manat məbləğində pul almışdır və pulu alması barədə xx.xx.2023-cü il tarixdə iltizam yazaraq imza etmişdir və 4500 manat pulu xx.xx.2023-cü il tarixdə alması, xx.xx.2023-cü il tarixdə ya rüsum, ya da 4500 manatı geri qaytaracağını göstərmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq verdiyi vədləri yerinə yetirməmişdir və iddiaçı sonda cavabdeh tərəfindən aldadıldığını anlamışdır və cavabdehdən pulu qaytarmasını tələb etmişdir, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır və sonda qaytarmaqdan imtina etmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələr gətirərək ona məxsus pulları qaytarmaqdan yenə də boyun qaçırmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır, dəfələrlə götürdüyü borcu qaytarmasını tələb etsə də, qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdehdən 4500 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. Qeyd olunmalıdır ki, cavabdehin onu aldatması nəticəsində iddiaçı xeyli miqdarda maddi ziyana məruz qalmışdır. İddiaçı cavabdehi dəfələrlə axtarmış, nəticədə pulun ödənilməməsi maddi zərərə məruz qalmağına, dəfələrlə stress keçirməyinə səbəb olmuşdur və bu səbəblərdən də mənəvi zərərə məruz qalmışdır, belə ki, pul vəsaitindən məhrum olmağı, sonda pulun qaytarılmaması psixikasına ciddi şəkildə təsir etmişdir, sağlamlığı pozulmuşdur. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən Cavabdeh 4500 manat məbləğində pulun, dəymiş zərərə görə 1000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsinə və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 85 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı iltizam əsasında 4.500 manat məbləğində pulu xx.xx.2023-cü il tarixdə İddiaçı aldığını bildirmiş və həmin pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüş, lakin indiyədək qaytarmamışdır. Hazırda iddiaçı həmin pulun, eyni zamanda ona vurulmuş mənəvi zərərin əvəzinin və həmçinin, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən yazılan xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı torpaq sənədlərinə görə 4500 manat məbləğində rüsum haqqı almışdır. Həmin pulu xx.xx.2023cü il tarixdə geri qaytaracağını öhdəsinə götürmüşdür.

8. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında sərəncamın surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 250 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması nəzərdə tutulmuşdur.

9. Mülki işin materiallarında olan ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

13. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

15. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

18. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Hazırki iş üzrə tərəflər arasında borc münasibətləri yaranmış, məbləğ üç min manatdan çox olduğundan iddiaçı tərəfindən cavabdehə borc pulun verilməsi yazılı müqavilə ilə rəsmiləşdirilmiş, cavabdeh aldığı pulu müqavilədə qeyd edilən tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, indiyədək öhdəliyini icra etməmiş və nəticədə müqavilənin və qanunvericiliyin tələblərini pozmuşdur. Bunun da nəticəsində iddiaçı haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.

20. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 4.500 manat məbləğində pulun tutularaq iddiaçıya qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.

21. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçıya vurulmuş 1.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

23. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

24. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

25. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

26. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə rədd edilməlidir.

28. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilən 85 manat məbləğində dövlət rüsumunun əvəzi də iddia tələbi qismən təmin edildiyindən Cavabdeh yalnız 65 manat pul (dövlət rüsumu kimi) İddiaçı xeyrinə tutulmalıdır.

30. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4.500 (dörd min beş yüz) manat məbləğində borc pul və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4.500 (dörd min beş yüz) manat məbləğində borc üzrə pul və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar