Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1717/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MTK, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin giriş qapısı üzərində quraşdırılmış "xxxx" MMC-yə məxsus şit və avadanlıqların demontaj edilməsi və mənzil dəhlizinin əvvəlki vəziyyətə qaytarılması, çəkilmiş zərər və xərclərin "xxxx" MMC tərəfindən ödənilməsi, gələcəkdə onun razılığı olmadan mülkiyyətinə müdaxilə edən fəaliyyətlərin qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, məh. 964, ev 9, mənzil 15 ünvanında yerləşən binanın 1-ci blokunun 7-ci mərtəbəsində qeydiyyatda olan mənzilin sahibidir. Bu əmlak ********** qeydiyyat nömrəsi ilə rəsmi qeydiyyata alınmışdır. Mənzilinin giriş qapısı üzərində "xxxx" MMC-yə (VÖEN: **********) məxsus, "CityNet" adı ilə tanınan internet provayderi tərəfindən onun razılığı olmadan internet şiti və müxtəlif avadanlıqlar quraşdırılmışdır. Həmin avadanlıqlar aşağıdakı problemlərə səbəb olur: Yanğın təhlükəsi: Şit və avadanlıqlarda kabel birləşmələri nizamsız və xaotik vəziyyətdədir, bu da yanğın təhlükəsizliyi baxımından ciddi risk yaradır. Radiasiya təsiri: Mənzilində iki körpə (2-3 yaş arası) uşaqla birlikdə yaşayırlar. Bu avadanlıqların radiasiya təsiri sağlamlıqlarına potensial təhlükə yarada bilər. Səs-küy və maneələr: "xxxx" MMC əməkdaşları tərəfindən mütəmadi olaraq təmir işləri aparılarkən yaranan səs-küy, hündürlük nərdivanlarının mənzilinin qapısı önünə qoyulması və qapının hərəkətinə maneələr şəxsi mülkiyyətindən istifadədə ciddi problemlər yaradır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: İddia tələbinə əsasən cavabdeh tərəfindən iddiaçının mənzilinin giriş qapısı üzərində onun razılığı olmadan internet şiti və digər texniki avadanlıqlar quraşdırılmışdır və həmin avadanlıqlar yanğın təhlükəsi və radiasiya şüalanmasına səbəb olmuşdur. Sözügedən hallar səbəbindən iddiaçı mənzilinin qapısı üzərində yerləşdirilmiş Cavabdehə məxsus texniki avadanlıqların demontaj edilməsini tələb edir. Aşağıda qeyd edilən hüquqi və faktiki xüsusatlara əsasən hesab edirlər ki, iddiaçının iddiası tamamilə əsassız olmaqla təmin edilməməlidir:
1. İlk öncə qeyd edilməlidir ki, İddiaçının mülkiyyətində olan sözügedən mənzilin yerləşdiyi çoxmənzilli bina "xxxx" MTK tərəfindən inşa edilmişdir və sonuncu tərəfindən idarə edilir. Sözügedən avadanlıq İddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi İddiaçının mənzil sahəsi üzərində deyil, ümumi əmlak hesab edilən dəhliz hissəsində quraşdırılmışdır. Mənzil Məcəlləsinin (bundan sonra “Məcəllə”) 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən idarəedici təşkilat binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. İstinad edilən normadan göründüyü kimi binanın ümumi əmlakının idarə edilməsi idarəedici təşkilatın səlahiyyətindədir. Hazırkı iş üzrə İddiaçının yaşadığı binanı idarə edən təşkilat yuxarıda qeyd edildiyi kimi "xxxx" MTK (bundan sonra “Kooperativ”)-dır. Belə ki, ümumi sahənin (dəhlizin) idarə edilməsi üzrə müvafiq fəaliyyətlər həyata keçirmək Kooperativin səlahiyyətindədir. Bununla bağlı bildirirlər ki, Kooperativ tərəfindən Cavabdehə məktub ünvanlanaraq binada yaşayan sakinlərə internet xidmətlərinin təchiz edilməsi xahiş edilmiş və bu məqsədlə lazımi texniki avadanlıqların quraşdırılmasına Kooperativ tərəfindən şərait yaradılacağı qeyd edilmişdir. Cavabdeh İddiaçının sözügedən müraciəti əsasında bina sakinlərinə internet xidmətlərinin göstərilməsi məqsədilə texniki avadanlıqlarını Kooperativin səlahiyyətli əməkdaşının göstərdiyi ümumi sahədə - dəhlizdə və şaxtada yerləşdirmişdir. Yəni, ümumi sahənin idarə edilməsi barədə qərar vermək səlahiyyəti İddiaçıya məxsus deyildir və Cavabdeh sözügedən qərarın verilməsi ilə bağlı səlahiyyətli olan Kooperativdən müvafiq razılıq almaqla avadanlıqlarını ümumi sahədə quraşdırmışdır. Buna görə də İddiaçının həmin avadanlıqların demontaj edilməsi tələbi üzrə subyektiv hüququ yoxdur.
2. İddiaçının sözügedən tələblə bağlı subyektiv hüququnun olmaması ilə yanaşı, həmçinin qeyd edilməlidir ki, həmin çoxmənzilli binada yaşayan bir çox sakinlər Cavabdehin təqdim etdiyi internet xidmətindən istifadə edir və İddiaçının əsassız tələbi – texniki avadanlıqların demontaj edilməsi həmin sakinlərin hüquqlarının pozulmasına səbəb ola bilər .
3. Cavabdehə məxsus texniki avadanlıqların yanğın, radisiya şüalanması riski yaratması ilə əlaqədar təhlükə mənbəyi olması ilə bağlı irəli sürülən iddiaya münasibətdə isə qeyd edilməlidir ki, sözügedən avadanlıqlar tam saz vəziyyətdə olmaqla iddia ərizəsində qeyd edildiyi kimi İddiaçının mənzilinin qapısı üzərində deyil, dəhlizdə divarın yuxarı hissəsində quraşdırılmışdır və texniki baxımdan hər hansı yanğın təhlükəsi riski yaratmır. Şülanma ilə bağlı isə qeyd edilməlidir ki, sözügedən avadanlıq yüksək şüalanma mənbəyi deyildir və gündəlik fəaliyyətdə istifadə edilən elektronik qurğulardan daha yüksək şüa yaymır. Yəni, İddiaçının bu yöndə dəlilləri də tamamilə əsassızdır. Odur ki, məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə icasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsindəki 09 saylı evin, 15 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən: ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, məhəllə 964, ev 9, mənzil 15 ünvanında yerləşən binanın 1-ci blokunun 7-ci mərtəbəsində mənzilinin giriş qapısı üzərində sizin tərəfindən razılığı olmadan internet şiti və avadanlıqlar quraşdırılmışdır. Həmin şit və avadanlıqlarda müxtəlif kabel birləşmələrinin xaotik və nizamsız vəziyyətdə olması yanğın təhlükəsizliyi baxımından ciddi risk yaradır. Bununla yanaşı, radiasiya təsiri və əməkdaşlar tərəfindən mütəmadi aparılan təmir işləri zamanı yaranan maneələr şəxsi mülkiyyətinin istifadəsini məhdudlaşdırır və təhlükəsizlik məsələləri üzrə narahatlıq doğurduğunu, bu səbəbdən, onlardan 5 (üç) iş günü ərzində: quraşdırılmış şiti və avadanlıqları onun dəhlizindən yığışdırmağı, mənzil dəhlizini əvvəlki təmir vəziyyətinə qaytarılması xahiş olunur, əgər bu tələb yerinə yetirilməzsə, yaranmış vəziyyətlə bağlı qanunvericiliyə uyğun hüquqi addımlar atılacaq və onlara qarşı iddia qaldırılacaqdır. "xxxx" MTK-nın Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubuna əsasən Nəsimi rayonu, Feyzulla Qasımzadə 9 ünvanında inşa edilmiş yaşayış binasında yaşayan sakinlərin internet xidmətlərinə olan tələbatının qarşılanması məqsədilə binada texniki avadanlıqlarını yerləşdirməklə sakinlərin internet xidmətləri ilə təmin edilməsi, avadanlıqların yerləşdirilməsi üçün tərəfindən müvafiq şəraitin yaradılacağı bildirilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi: 1.Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, məh. 964, ev 9 ünvanında yerləşən 1-ci blok, 7-ci mərtəbədə Cavabdeh MMC tərəfindən internet şiti və müxtəlif avadanlıqların quraşdırılması tikinti-texniki norma və qaydalara uyğundurmu? Cavab: Sözügedən mərtəbədə internet şitinin və bu şitin daxilindəki avadanlıqların quraşdırılmasının, şəhərsalma və tikinti qanunvericiliyi çərçivəsində müəyyən edilmiş norma və qaydalarla ziddiyət təşkil etməməsi ehtimal olunur. Bununla yanaşı diqqətə çatdırırlar ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1-ci maddəsində dövlətin səlahiyyətləri sadalanmışdır və müvafiq Məcəllənin 5.2-ci maddəsinə uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı (əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir.
2. Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, məh. 964, ev 9 ünvanında yerləşən 1-ci blok, 7-ci mərtəbədə Cavabdeh MMC tərəfindən quraşdırılmış internet şiti və müxtəlif avadanlıqların yerinin dəyişdirilməsi mümkündürmü? Cavab: Sözügedən internet şitinin yerinin dəyişdirilməsi texniki baxımdan mümkün ola bilər. Lakin köçürülmə prosesi zamanı bir neçə saat ərzində digər abunəçilərə göstərilən xidmət müvəqqəti olaraq dayandırılacaqdır. Bundan əlavə, müvafiq şit vasitəsilə internet xidməti ilə təmin olunan abunəçilər üzrə CAT-5 kabel xətlərinin yenidən çəkilməsinə zərurət yaranacağı gözləniləndir.
3. Göstərilən ünvanda cavabdeh "xxxx" MMC tərəfindən quraşdırılmış internet şiti və müxtəlif avadanlıqlar yanğın və radiasiya təhlükəsi yaradırımı? Cavab: Qeyd olunan şitdə 1 ədəd elektrik yuvası, fiber-optik kabelin sonlanma qutusu və 1 ədəd “Zyxel” markalı “Zyxel MGS3530-28” modelli kommutator avadanlığı yerləşdirilmişdir. Fiber-optik kabelin sonlanma qutusu passiv avadanlıqdır, elektriklə qidalanmır və aktiv siqnal gücləndirmə funksiyası daşımır. ‘‘Zyxel" markalı “Zyxel MGS3530-28” modelli kommutator avadanlığı isə naqilli telekommunikasiya sistemlərində istifadə olunmaq üçün nəzərdə tutulmuşdur və heç bir radioaktiv və ya ionlaşdırıcı radiasiya mənbəyi daşımır. Eləcə də diqqətə çatdırırlar ki, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin xx.xx.2025-ci il tarixli 3- 18/2-3528/2025 saylı mütəxəssis rəyi:
1. Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, məhəllə 964, ev 9 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində quraşdırılmış internet paylayıcı şit qüvvədə olan DTN 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi normalarının tələblərinə əsasən binanın köçürmə yollarına maneə törətmir. İnternet paylayıcı şitin binaların dəhlizlərində yerləşdirilməsi ilə bağlı qüvvədə olan tikinti norma və qaydalarında hər hansı qadağa nəzərdə tutulmamışdır.
2. İnternet paylayıcı şitinin və ya ona aid avadanlıqların yerinin dəyişdirilməsi “Kapital" MTK-nın və “Uninet" MMC-nin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər.
3. Qüvvədə olan tikinti normalarında yaşayış binalarının layihələndirilməsi zamanı telekommunikasiya vasitələrinin quraşdırılması üçün xüsusi dəhlizlərin və yerlərin ayrılması məcburi tələb olaraq nəzərdə tutulmayıb. Qeyd olunan yaşayış binasına baxış keçirilən zaman sözügedən binanın layihə sənədləri təqdim edilmədiyindən müraciətdə qeyd olunan 3-cü sualın cavablandırılması mümkün olmamışdır.
4. İnternet paylayıcı şit zəif cərəyan şəbəkələrinə aid olduğundan, elektrik təsərrüfatında qısa-qapanmanın baş verməsi nəticəsində yanğın təhlükəsi yarana bilər. Müxtəlif növ telekommunikasiya vasitələrində istifadə olunan avadanlıqlarda ionlaşdırıcı şüalanma ilə əlaqədar təhlükə yoxdur. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, məhəllə 964, ev 9 ünvanında yerləşən binanın 1-ci blokunun 7-ci mərtəbəsində 15 nömrəli mənzilin mülkiyyətçisidir. Həmin mənzilin yerləşdiyi mərtəbədə "xxxx" MMC-yə məxsus "CityNet" internet provayderi tərəfindən internet paylayıcı qutusu (şiti) quraşdırılmışdır. Yuxarıda istinad olunan qanunvericilik normalarından görünür ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlər, lift şaxtası ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçı həmin binada yerləşən mənzilin mülkiyyətçisidir. Belə olan halda, qanunvericiliyin tələbinə görə o, digər mülkiyyətçilərlə birlikdə mənzillərindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdir. Hazırda çoxmənzilli binanın sakini olan İddiaçı "xxxx" MMC tərəfindən quraşdırılmış şəbəkə paylayıcı qutusunun demontaj edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, avadanlıq yanğın təhlükəsizliyi baxımından ciddi risk yaradır, radiasiya təsiri sağlamlıqlarına potensial təhlükə yarada bilər və "xxxx" MMC əməkdaşları tərəfindən mütəmadi olaraq təmir işləri aparılarkən yaranan səs-küy, hündürlük nərdivanlarının mənzilinin qapısı önünə qoyulması və qapının hərəkətinə maneələr şəxsi mülkiyyətindən istifadədə ciddi problemlər yaradır. İddiaçının qeyd edilən dəlillərinin araşdırılmasından ötrü məhkəmə tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə mütəxəssis rəylərinin təqdim edilməsi ilə əlaqədar müraciət olunmuş, Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində sözügedən mərtəbədə internet şitinin və bu şitin daxilindəki avadanlıqların quraşdırılmasının, şəhərsalma və tikinti qanunvericiliyi çərçivəsində müəyyən edilmiş norma və qaydalarla ziddiyət təşkil etməməsinin ehtimal olunduğu, sözügedən internet şitinin yerinin dəyişdirilməsinin texniki baxımdan mümkün ola bilməsi, lakin köçürülmə prosesi zamanı bir neçə saat ərzində digər abunəçilərə göstərilən xidmətin müvəqqəti olaraq dayandırılacağı, bundan əlavə, müvafiq şit vasitəsilə internet xidməti ilə təmin olunan abunəçilər üzrə CAT-5 kabel xətlərinin yenidən çəkilməsinə zərurət yaranacağı qeyd olunmuş, həmçinin qeyd olunan şitdə quraşdırılmış kommutator avadanlığının naqillinin telekommunikasiya sistemlərində istifadə olunmaq üçün nəzərdə tutulduğunu və heç bir radioaktiv və ya ionlaşdırıcı radiasiya mənbəyi daşımadığı bildirilmişdir. Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-18/2-3528/2025 saylı mütəxəssis rəyində isə göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, məhəllə 964, ev 9 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində quraşdırılmış internet paylayıcı şit qüvvədə olan DTN 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi normalarının tələblərinə əsasən binanın köçürmə yollarına maneə törətmir. İnternet paylayıcı şitin binaların dəhlizlərində yerləşdirilməsi ilə bağlı qüvvədə olan tikinti norma və qaydalarında hər hansı qadağa nəzərdə tutulmamışdır. İnternet paylayıcı şitinin və ya ona aid avadanlıqların yerinin dəyişdirilməsi “Kapital" MTKnın və “Uninet" MMC-nin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Qüvvədə olan tikinti normalarında yaşayış binalarının layihələndirilməsi zamanı telekommunikasiya vasitələrinin quraşdırılması üçün xüsusi dəhlizlərin və yerlərin ayrılması məcburi tələb olaraq nəzərdə tutulmayıb. İnternet paylayıcı şit zəif cərəyan şəbəkələrinə aid olduğundan, elektrik təsərrüfatında qısa-qapanmanın baş verməsi nəticəsində yanğın təhlükəsi yarana bilər. Müxtəlif növ telekommunikasiya vasitələrində istifadə olunan avadanlıqlarda ionlaşdırıcı şüalanma ilə əlaqədar təhlükə yoxdur. Göründüyü kimi iddiaçının quraşdırılmış avadanlığın yüksək radiasiya təsirinin olması ilə bağlı dəlilləri öz təsdiqini tapmamış, əksinə hər iki mütəxəssis rəyində internet paylayıcı şitin heç bir radioaktiv və ya ionlaşdırıcı radiasiya təsirinin olmadığı təsbit edilmişdir. İddiaçının “avadanlığın yanğın təhlükəsizliyi baxımından ciddi risk yaratması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, FHN-nin müvafiq rəyində “İnternet paylayıcı şit zəif cərəyan şəbəkələrinə aid olduğundan, elektrik təsərrüfatında qısa-qapanmanın baş verməsi nəticəsində yanğın təhlükəsi yarana bilər” kimi qeyd olunması həmin şitin yanğın təhlükəsizliyi baxımından ciddi risk yaratması kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, ilk növbədə rəydə qısa-qapanmanın baş verməsi nəticəsində yanğın təhlükəsinin ola bilmə ehtimalı vurğulanmışdır ki, bununla bağlı qeyd olunur ki, mütəxəssis rəyində qeyd olunan qısa qapanma ehtimalı (riski) bütün elektriklə işləyən cihazlarda, o cümlədən məişətdə istifadə olunan ən sadə avadanlıqlarda da mümkündür və bu riskin mövcudluğu internet şitinin təhlükəli olduğunu göstərmir və həmin internet şitinin demontaj olunması üçün əsas vermir. Əsas məqam avadalığın texniki tələblərə uyğun və təhlükəsizlik normlarına riayət edilməklə quraşdırılmasıdır ki, müvafiq sahə üzrə mütəxəssislər tərəfindən quraşdırılmada hər hansı qayda pozuntusu və ya tələblərə zidd olan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı tələbində cavabdeh tərəfindən quraşdırılmış internet paylayıcı şitin onun hüquqlarını pozduğunu bildirsə də, buna dair mötəbər sübutlar təqdim edə bilməmiş, belə halın baş verməsi işin məhkəmə araşdırılması ilə də öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC-nin internet paylayıcı şiti quraşdırması iddiaçının istər özünə məxsus, istərsə də ümumi istifadədə olan əmlakdan istifadə etmək hüquqlarının həyata keçirilməsinə maneçilik törətmir. Bunun əksi, iddiaçının əmlakından istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törədilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki həmin məbləğ 100 manat təşkil etməli idi. Belə olan halda hazırkı tələb üzrə dövlət rüsumu tam şəkildə ödənilməmiş kimi qiymətləndirilir. Beləliklə, məhkəmə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməklə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilməli olan, lakin ödənilməmiş qalan 70 manat dövlət rüsumu İddiaçı tutularaq (iddia rədd edildiyindən) dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan qalan 70 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva