Məhkəmə qərarları › İş №2(006)-172/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-172/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-172/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə ödənilmiş 1.243 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.273 manatın Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 12 saylı mənzilini 04.10.2016-cı ildən 03.10.2041-ci ilədək "xxxx" ASC-də əmlak sığorta növündə sığortalamışdır. Sığortalıya PRM100117117 nömrəli əmlak sığortası şəhadətnaməsi verilmişdir. 08 noyabr 2018-ci il tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 16 saylı mənzilindən sığortalı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir. Bakı şəhəri Nəsimi rayonu 13 saylı MKİS-in 08.11.2018-ci il tarixli aktına əsasən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 16 saylı mənzilindən sığoralı olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 12 saylı mənzilinə suyun axması faktı öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən verilmiş 05.12.2018-ci il tarixli AZSB-073/18 nömrəli qiymətləndirmə hesabatına əsasən hadisə nəticəsində sığortalı mənzilə 1.243 manat məbləğində zərər dəymişdir. İddiaçı həmin məbləği 08.01.2019-cu il tarixdə 020 nömrəli ödəniş tapşırığı ilə həmin məbləği X6 ödəmişdir. Sığortalı PRM 42923 nömrəli sığorta aktının V bəndində cavabdehə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya verildiyini təsdiq etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçının nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli 2(006)-172/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 14.09.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 12 saylı sığortalanmış mənzili X1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1973 saylı reyestr kitabının 182207 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 03.10.2016-cı il tarixli PRM 10011711 saylı Əmlak Sığortası Müqaviləsindən görünür ki, X1 mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 12 saylı mənzili 04.10.2016-cı il tarixdən 03.10.2041-ci il tarixədək "xxxx" ASC-də əmlak sığortası növündə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 13 saylı MKİS tərəfindən tərtib olunmuş 08.11.2018-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 16 saylı mənzilindən sığortalanmış Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 12 saylı mənzilinə su sızması nəticəsində maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC-nin 05.12.2018-ci il tarixli AZSB-073/18 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 82 saylı evin 12 saylı sığortalanmış mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1.243 manat pul vəsaiti tələb olunur. İş materiallarında olan 07 yanvar 2019-cu il tarixli PRM42923 saylı sığorta aktından görünür ki, yuxarıda qeyd olunan sığorta hadisəsi ilə bağlı sığorta aktı tərtib edilərək, müvafiq rəsmiləşdirilmə aparılmışdır. İş materiallarında olan 08 yanvar 2019-cu il tarixli 020 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən mənzilə vurulmuş zərərə görə 1.243 manat pul vəsaiti X5 hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanunun 35.2-ci maddəsinə əsasən bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Qanunun 35.4-ci maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Qanunun 36.1, 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı mənzilə vurulmuş zərər həcmində subroqasiya qaydasında tələb etmə hüququ yaranmışdır. Cavabdeh mənzilin daha az vəsait hesabına keyfiyyətli təmir edilə biləcəyinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, göndərməmişdir. Məhkəmə işə tam, hərtərəfli və obyektiv baxılması üçün müvafiq məhkəmə ekspertizası təyin etmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoymuşdur. Lakin, sığortalı mənzilin sahibi həmin mənzilə ekspertin baxış keçirməsinə maneə yaratmasa da, cavabdeh özünə məxsus mənzilində ekspertizanın keçirilməsi üçün şərait yaratmadığından ekspertizanın keçirilməsi mümkün olmamış və ekspertizanın keçirilməsindən imtina edilmişdir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərə görə ödənilmiş 1.243 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.273 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş zərərə görə ödənilmiş 1.243 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.273 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar