Məhkəmə qərarları › İş №2(006)-1729/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1729/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1729/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “xxxx” ASC-nin müştərisidir. İddiaçı pensiyasını bu bankdan alır. İddiaçı 2019-cu ilin may ayında pensiya kartından çıxarış almaq üçün bankın “Lənkəran” filialına müraciət etdi. İddiaçıdan 10 (on) manat ödəniş tələb etdilər. Bundan əvvəl bu arayış pulsuz verilirdi. İddiaçının etirazına bildirdilər ki, baş bankdan belə göstəriş verilib, ödənişsiz arayış verilmir. İddiaçı məcbur qalıb pulu ödədi. İddiaçı cavabdeh bankın əməlinə hüquqi qiymət verilməsi üçün X3 palatasına müraciət etdi və göstərdi ki, bank özbaşınalıq edir, bu çıxarışa görə bank 15-20 saniyə vaxt və bir vərəq kağız sərf edir ki, bunun da haqqı 5-10 qəpiklə ölçülür. Onun müqabilində həmin pulun 100-150 mislini tələb etmək özbaşınalıqdır və xahiş etdi ki, səlahiyyətli dövlət orqanı kimi buna hüquqi qiymət verib iddiaçıya cavab versin. Bir müddətdən sonra iddiaçıya Cavabdeh ASC-dən cavab gəldi. İddiaçı ikinci dəfə Palataya müraciət etdi. İddiaçı göstərdi ki, bankın özbaşınalığına hüquqi qiymət verib müraciəti özləri cavablandırsın. Lakin bu müraciətə də, yenə bankdan əvvəlki cavabın təkrarını aldı. İddiaçı üçüncü dəfə Palatanın ofisinə özü getdi orada məlum oldu ki, Palata ləğv olunur. Odur ki, MM-nın qəbul şöbəsində Dövlət Quruculuğu və Hüquq siyasəti Komissiyasına müraciət etməlidir, lakin tezliklə deputatlar da istefaya getdilər. Nəhayət Palatanın səlahiyyətləri Mərkəzi Banka verildikdə ora müraciət edib, bankın qanunsuz əməlinə hüquqi qiymət verilməsini xahiş etdi. Mərkəzi Bank “xxxx” ASC-nin əməlini onunla əsaslandırır ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank kredit təşkilatı kimi müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini və digər ödənişləri müəyyən etməkdə sərbəstdir. Deməli, “xxxx” ASC müştəridən o halda xidmət haqqı tələb edə bilər ki, onun öz müştərisi ilə kredit və ya digər müqaviləsi olsun və həmin şərtlər orada göstərilsin. İddiaçının isə bank ilə heç bir kredit və ya digər müqaviləsi yoxdur. İddiaçının pensiyası dövlət tərəfindən banka köçürülür. Bank da yəqin ki, müəyyən ödəniş müqabilində pensiyanı verir. İddiaçının bankla hər hansı müqaviləsi olmadığı üçün Mərkəzi Bankın göstərdiyi əsaslar bank tərəfindən iddiaçıdan alınan xidmət haqqına şamil oluna bilməz və bankın iddiaçıdan aldığı pul qanunazidd olan özbaşınalıq sayılır. Bank bu qanunsuz əməli ilə iddiaçıya həm maddi, həm də mənəvi zərər yetirmişdir ki, bunun əvəzini ödəməlidir. Belə ki,ərizə şikayətlərin və iddia ərizəsinin tərtib edilməsi və göndərilməsi xərcləri 200 manat, banka ödəniş-10 manat, Bakı şəhərinə şikayətə və məhkəməyə gedib-gəlmə xərcləri 300 manat, məhkəmə rüsumu- 30+10=40 manat, cəmi 550 manat maddi ziyan, iddiaçının keçirtdiyi əsəb və iztirablara görə 2000 manat mənəvi ziyan kimi bank iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən “xxxx” ASC-nin qanunsuz əməli nəticəsində iddiaçıya vurulmuş 550 (beş yüz əlli) manat maddi ziyan və 2000 (iki min ) manat mənəvi ziyan, cəmi 2550 manat pulun “xxxx” ASC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, bildirdi ki, "Cavabdeh" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tarif cədvəli müəyyən olunmuşdur. Həmin tarif cədvəlinə əsasən hesab üzrə təsdiqli çıxarışların verilməsinə görə 10 manat məbləğində xidmət haqqı müəyyən olunmuşdur. Bankın rəsmi saytına yerləşdirilmiş həmin tarif cədvəlindən də görünür ki, yalnız təsdiqli çıxarışların verilməsinə görə xidmət haqqı müəyyən olunmuşdur. Yəni müştəri əməliyyatlarla tanış olmaq istəyirsə, xidmət haqqı ödənilmədən təsdiqlənməmiş çıxarış verilə bilər. İddiaçı qeyd olunan tariflə tanış olmuş və həmin xidmətin göstərilməsi üçün könüllü şəkildə ödəniş etmiş, bununla da xidmətə görə ödənilməli olan haqqın məbləği ilə razılaşmışdır. Xidmət aldıqdan sonra həmin əməliyyatın bu cür qaydada mübahisələndirilməsi sadəcə hüquqdan sui-istifadədir. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiklərindən də görünür ki, X3 orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankı da bank tərəfindən bu cür xidmət haqqının alınmasına etiraz etməmişdir. Həmçinin, müştərilərə göstərilən xidmətin yaxşılaşdırılması, müştərilər tərəfindən bank hesablarının məsafədən istifadə olunması və banka gəlmədən bir çox bank xidmətlərindən yararlanması üçün “Birbank” mobil tətbiqi də mövcuddur. Həmin tətbiq vasitəsilə müştərilər həmçinin hesablar üzrə çıxarışlar ilə tanış ola bilərlər. Bank kommersiya şirkəti kimi müştərilərə göstərdiyi xidmətin dəyərini sərbəst olaraq müəyyən etmək hüququna malikdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, X6 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 17 №-li protokolla təsdiq edilmiş və xx xxxxx 2019-cu il tarixdə qüvvəyə minmiş "Cavabdeh” ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tarif cədvəlinə əsasən hesab üzrə təsdiqedici sənədlərin verilməsi üzrə 10 (on) manat xidmət haqqı müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar