Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1730/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun xeyrinə 300 manat pulunu və ödədiyi 20 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək ərizədə göstərilənləri bir daha təsdiq etdi və bildirdi ki, xx.xx.2019-cu il tarixində saat 09²⁹-da Xırdalan şəhərində yerləşən "Kapitalbank"ın filialında bankomatdan təqaüd pulunu almaq üçün 2 dəfə əməliyyat etmişdir. 3-cü dəfə əməliyyat etdikdə isə ekranda imtina: "əməliyyatın məbləği limitini aşmışdır" sözü yazılmış və kart qaytarılmışdır. O, da növbə olduğuna görə kartı götürüb uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra ona mesaj gəldi ki, kartdan 300 manat pul çıxarılıb. Həmin gün 196 qaynar xəttə zəng etmişdir. Bir həftəyə ona cavab verəcəklərini dedilər. Həftə tamamında yenidən zəng etmiş və ona görüntüləri əldə etmək üçün Polis şöbəsinə müraciət etməyini bildirdilər. xx.xx.2019-cu il tarixində Abşeron Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Abşeron Rayon Polis şöbəsi ərizəsinə cavab olaraq bildirdi ki, ona dəymiş ziyanın ödənilməsi üçün Cavabdeha və ya Nəsimi rayon Məhkəməsinə müraciət etməlidir. Cavabdeha dəfələrlə yazılı ərizə ilə müraciət etməyinə baxmayaraq Bank onun ərizələrinə cavab vermir. Zənglərinə isə ümumiyyətlə cavab vermirlər. Axırıncı dəfə oktyabr ayında ərizə ilə müraciət etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Cavabdeh" ASC-yə məxsus bankomat vasitəsi ilə kartdan vəsaiti nağdlaşdırmaq üçün bankomata yaxınlaşdığını, iki dəfə əməliyyat etdiyini, üçüncü dəfə əməliyyat edərkən "əməliyyat məbləği limiti aşılmışdır" yazısının qeyd olunması ilə əlaqədar kartın qaytarıldığını bildirmişdir. Lakin bir neçə dəqiqədən sonra 300 manat vəsaitin bankomat tərəfindən ona təqdim edilməməsinə baxmayaraq 300 manat vəsaitin məxaric edilməsi ilə bağlı SMS aldığını qeyd etmişdir. Bildirir ki, iddia tam əsassızdır və buna görə rədd edilməlidir. Belə ki, məsələ ilə bağlı araşdırılma aparılmış, bankomatdan nağdlaşdırmaya dair görüntülərə baxış keçirilmiş və məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus plastik kart saat 09:24:33-də yuxarıda qeyd olunan ünvanda yerləşən bankomata daxil edilməklə əməliyyat başlanılmış, lakin birinci cəhddə yanlış məlumat daxil edildiyi üçün əməliyyat uğursuz olmuşdur. İkinci dəfə kartı 09:25:37-də bankomata daxil edilməklə əməliyyat başlanılmış və aşağıdakı ardıcıllıqla əməliyyat aparılmışdır: Saat 09:25:43-də PİN daxil edilmiş; Saat 09:26:52-də kart məxaric olunmuş; Saat 09:26:59-da pul bankomatdan təqdim olunmuş; Saat 09:27:01-də vəsait götürülmüşdür. İddiaçı üçüncü dəfə kartı 09:27:26-da bankomata daxil etməklə əməliyyata başlamış və aşağıdakl ardıcıllıqla əməliyyat aparılmışdır: Saat 09:27:34-də PİN daxil edilmiş; Saat 09:28:07-də kart məxaric olunmuş; Saat 09:28:14-də pul bankomatdan təqdim olunmuş; Saat 09:28:16-da vəsait götürülmüşdür. Göründüyü kimi iddiaçıya məxsus plastik kartdan məxaric olunmuş vəsait Bank tərəfindən mənimsənilməmiş, bankomata daxil olmuş əmrlər ardıcıllıqla icra edilmiş və vəsait məxaric olunmuşdur. Vəsait kənar şəxs tərəfindən məxaric olunduğu halda şəxsin kimliyinin müəyyənləşdirilməsi və barəsində müvafiq tədbirlər görülməsi üçün iddiaçı tərəfindən polis orqanlarına müraciət olunmalıdır. Sonda cavabdehin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, Qanunla müəyyən edilmiş əsasların mövcudluğunu iddiaçı məhkəmə iclasında sübuta yetirə bilmədi. Hal bu ki, həmin halları sübut etmə vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi barədə” iddia ərizəsi rədd edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi barədə” iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1730/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1730/2021
23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver