Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-174/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat məbləğində maddi ziyanın, 5000 (beş) min manat məbləğində mənəvi zərərin ümumilikdə isə 10000 (on min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı ’’Lifttəmir” İstehsalat Birliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 9-cu martəbəsində yerləşən 72 saylı mənzildə yaşayır. Belə ki, 2 noyabr 2020-ci il tarixdə gündəlik ərzaq məhsulları almaq məqsədi ilə yaşadığı mənzildən çıxaraq liftə mindi. Liftə minərək aşağı düşmək üçün liftin düyməsini basan zaman liftin trosu qəflətən qırıldı. Nəticədə lift 9-cu mərtəbədən surətlə aşağı enməyə başladı. Bu zaman, o, qorxudan və ciddi ruhi həyacan keçirdiyi üçün bərkdən qışqırmış. Qorxudan və həyacandan huşunu itirmişdir. Onun qışqırıq səsinə bütün qonşular bloka çıxmışdır. Ayılanda isə başının üstündə qonşularını görmüşdür. Anasının və qonşularının köməyi ilə onu ayıldaraq evə gətirmişdirlər. Hadisə ilə bağlı anası Liftə nəzarət edən şəxsə zəng vuraraq qızının ağır yaralandığını bildirməklə yanaşı hadisə yerinə gəlməsini tələb etdi. 2 gün sonra yəni 4 noyabr 2020-ci il tarixdə ərazi üzrə Xətai rayon 7 saylı Polikilinikaya müraciət etmişdir. Həkimlər ona məsləhət bildirdi ki, travmatologiya və nevrologiyadan həkim müainəsindən keçdikdən sonra UZİ və başı KAT-e olunmalıdır. Həkim müayinəsindən keçdikdən sonra məlum oldu ki, qarın boşluğu ciddi zədələnmiş, hər iki ayağı catlamış və yerindən çıxmışdır. Oradan evə qayıtdıqdan sonra qonşuluqda olan sınıqçı ayaqlarını gipsə qoymuşdur. Bir aya yaxın müddətdə ayaqları gipsdə qaldı. Anasının köməkliyi ilə tələbatlarını ödəyirdi. Bu müddətdə dəfələrlə Lift İdarsinə zəng edərək onun vəziyyətilə maraqlanmağı bildirmişdir. Onlar iddiaçıya bildirmişlər ki, gəlib onun səhhətilə maraqlanacaqlar. Lakin bu günə kimi onunla ümumiyyətlə maraqlanan yoxdur. 12 gündən sonra cəmi bir dəfə lift idarəsinin mühəndisi Qulu adlı şəxs ona bildirdi ki, "necə ola bilər ki, 9-cu mərtəbədən lifdən düşəsən və sağ qalasan ölməmisən ki, ona görə biz sənə heç bir köməklik göstərə bilmərik. Kimə istəyirsən get şikayət et. Lift köhnə olduğu üçün biz heç bir cavabdehlik daşımırıq. Bizim elə bir maddi vəsaitimiz yoxdur ki, sizə köməklik göstərək. Sən şükür et ki, sağ və salamatsan." Sonradan iddiaçıya məlum oldu ki, lift idarəsinin işçiləri FHN- nə zəng edərək hadisə yerinə dəvət ediblər. Bundan sonra nə baş verdiyindən ümumiyyətlə xəbəri olmamışdır. Həmin gündən etibarən 3 gün lift işləməmişdir. Lift 3 gündən sonra təmir edilib və işə salınıb. Sonradan ona dəymiş maddi ziyanın ödənilməsini onlardan tələb etdikdə ona bildirildi ki, hadisə liftdə yox kənar bir yerdə baş verib. Hadisə harada baş veribsə ora müraciət et. Bir aydan artıqdır ki, lift idarəsi tərəfindən onunla heç kim maraqlanmır. Halbuki, iddiaçı 10 min manata yaxın maddi və mənəvi ziyan dəymişdir. Ailə vəziyyəti həddindən artıq ağır və acınacaqlıdır. Anası da xəstəlikdən ciddi əziyyət çəkir. Heç bir yerdə işləmir. Heç bir yerdən maddi gəlir yerləri yoxdur. Atası isə onları uzun illərdir ki, ataraq getmişdir. Onlara küllü miqdarda maddi ziyan dəymişdir. Onlara dəymiş maddi ziyan tələb edən zaman cavabdeh Lift İdarəsinin məsul şəxsi qətiyyətlə ona bildirir ki, hara istəyirsən şikayət et onlara heç kim göstəriş verə bilməz. Bundan sonra aidiyyətı üzrə Azərbaycan Respublikası Prezidentinə, Baş Nazirə və digər səlahiyyətli orqanlara rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti rəsmi dövlət qrumları tərəfindən icraata qəbul edildikdən sonra cavabdeh tərəfindən məsul şəxslər gələrək liftin düyməciklərini və liftin zədələnmiş detallarını dəyişdirdilər. Sonra qonşulardan xahiş etdilər ki, rəsmi qaydada ərizə ilə müraciət edək ki, lift həmişə işlək vəziyytdə olub. Xüsusi ilə aidiyyəti üzrə rəsmi şikayət ərizəsindən sonra Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı "LiftTəmir" İstehsalat Birliyi tərəfindən göndərilən rəsmi məktubda göstərilib ki, guya onun anası Mahirə xanımdan soruşduqda anası deyib ki, "qızım liftdən çıxdı və heç bir zədə almayıb." Halbuki, onun anasına heç kim yaxınlaşmayıb və heç bir məlumat almayıb. Bütün qonşuları təsdiq edir ki, onu huşsuz vəziyyətdə liftdən çıxardıblar. O, litdən çıxdıqdan təxminən 13 gündən sonra FHN-nin əməkdaşı və Lift İdarəsindən nümayəndə gələrək lifti 4 gün müddətinə saxlayıblar. Belə ki, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə rəsmi şikayət etdikdən sonra Lift İdarəsindən nümayəndə gələrək onunla maraqlanmaq istəyib. O, isə həmin günü bacısına məxsus ünvanda olduğu üçün onunla görüşə bilməyiblər. Hətta onu da bildirir ki, rəsmi şikayət ərizələrindən sonra cavabdeh tərəfindən məsul şəxsi onlara gələrək anasından xahiş ediblər ki, məsələni böyütmək lazım deyil və onsuzda qızının şikayəti əsassız olacaq. Siz tərtib edilmiş akta imza atın ki, liftdə heç bir nasazlıq olmayıb. Anasıda bildirmişdir ki, necə ola bilər ki, qızı 9-cu mərtəbədən liftdən düşsün qonşuların köməyi ilə onu huşsuz vəziyyətdə liftdən çıxartsınlar o isə sizin əsassız tərtib etdiyiniz akta imza atsın.Yaşadıqlraı binanın 4-cü blokunun bütün sakinləri tərəfindən aidiyyatı qrumlardan xahiş olunub ki, lifti yüksək səviyyədə təmir etsinlər. Çünki tez-tez liftdə nasazlıqlar yaranır və sakinlər liftdən istifadə edə bilmir. Bütün qonşular səlahiyyətli orqanlara rəsmi ərizə ilə müraciət edərək öz ərizələrindən göstəriblər ki, həqiqətən də o 9-cu mərtəbədən liftdən düşmüşdür. Huşsuz vəziyyətdə onlar tərəfindən liftdən çıxarılmağa köməklik göstəriblər və öz imzaları ilə bu faktı təsdiq ediblər. Lakin bütün bunlara baxmayaraq Lift İdarəsinin rəhbərliyi səlahiyyətli orqanlara düzgün olmayan yalan məlumat vermişlər. Onu da bildirir ki, müalicəsi hələ də ev şəraitində davam edir. Belə bir vəziyyətdə işləyə bilmir. Müalicə olunmağı üçün maddi imkanı yoxdur. Həddindən artıq ağır və acınacaqlı bir şəraitdə yaşayır. Həkimlərin göstərişi ilə başı KATE, hər iki ayaqları isə rentgen olunmalıdır. Buna isə onların maddi imkanları yoxdur. Səhhəti isə günü-gündən ağırlaşmaqda davam edir. Aidiyyətı qrumlar isə onunla ümumiyyətlə maraqlanmır və ona dəymiş maddi ziyanı könüllü şəkildə ödəməkdən imtina edir. Göründüyü kimi cavabdehin səhlənkarlığı səbəbindən iddiaçının həyatı ciddi təhlükə qarşısında qalmışdır. Lift idarəsinin əməkdaşlarının səhlənkarlığı səbəbindən ona vurulmuş 10.000 manat maddi ziyan ödənilmir. Hətta qəti olaraq bildirir ki, onlara heç kim göstəriş verə bilməz. Belə hüquqlarının kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir və kompesasiya edilir. Mənəvi zərər ödənilirkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi .eləcə də cavaddehinin təqsiri ,əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər halda belə zərərin ödənilməsi ilə bağlı xüsüsuatlar məhkəmənin mülahizəsinə görə müəyyən olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İştirak etdiyi iclasda FHN nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, iddiaçı yaşayan binada liftlə bağlı hadisə olub. Lakin orada kanatın qırılması kimi ciddi nöqsan baş verməmişdir. Kabinə aşağı düşən zaman bərk düşüb, yəni qəfil tormozlanma olub deyə silkələnmə baş verib. Tormoz sistemi işıq kəsilib deyə işə düşüb. İşığın kəsilməsinin səbəbi xırda boşluqdan yarana bilir. Boşluğun yaranması köhnə liftlərdə olur və səbəbi adətən yaxın ərazidə təmir işlərinin aparılmasında olur. Liftlər daimi yoxlanılır, nəzarət edilir. Lakin liftlərin yoxlanılması üçün xüsusi qrafik nəzərdə tutulmamışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bədəlov Vidadi, Əliyev Elnur, “Bakılift-3” İİİ-nin baş mühəndisi Əliyev Fərhad, sahə rəisi Qulu Quliyev, lift üzrə elektromexanik Mehdiyev Eldar və 98 saylı MKİS-in lift bələdçisi İsmayılova Dönər tərəfindən tərtib edilərək, adları çəkilən şəxslər tərəfindən imzaları ilə təsdiq edilmiş 23.12.2020-ci il tarixli aktın surətindən görünür ki, lift bələdçisinin verdiyi məlumata əsasən 02.11.2020-ci il tarixində liftin idarəetmə şkafında yaranan nasazlıq səbəbindən (binaya gələn elektrik enerjisində artma-azalmaya görə A10E elektrik açarı dayanmışdır) kabina 2-ci və 3-cü mərtəbə arasında dayanmışdır. İddiaçı liftə qalmış və o anası tərəfindən təxliyyə edilmişdir. 98 saylı MKİS-in lift bələdçisi X1 04.11.2020-ci il tarixli izahatından görünür ki, o, 02.11.2020-ci il tarixndə saat təxminən 18:00-19:00 radələrində ona zəng gəlmişdir ki, İ.İsmayılov küçəsi, ev 04, mənzil 4, giriş 4-də liftə kimsə qalıbdır. Dərhal o binaya getmiş, pilləkənləri qalxdıqda liftin işə düşmə səsini eşitmiş və əvvəl lift bələdçisi işləmiş Bahirə xanım ona bildirmişdir ki, liftən adam çıxartmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bədəlov Vidadi, Əliyev Elnur, “Bakılift-3” İİİ-nin baş mühəndisi Əliyev Fərhad, 3.5 saylı sahə rəisi Qulu Quliyev, 98 saylı MKİS-in mühəndisi Ş.Əşrəfov və lift bələdçisi İsmayılova Dönənə tərəfində tərtib edilərək adları çəkilən şəxslər tərəfindən imzaları ilə təstiq edilmiş 10.12.2020-ci il tarixli aktın surətindən görünür ki, İ.İsmayılov küçəsi, ev 4, mənzil 4 ünvanında liftə texniki baxış keçirilməsi zamanı liftin işlək olması, 10,5 mm - əsas, 7,8 mmlik surət məhdudlaşdırıcının qoruyucu burazlarının, əks yük yaylarının, bucurqadın qasnağının texniki saz vəziyyətdə olduğu aşkar edilmişdir. “Bakılift-3” İİİ-nin baş mühəndisi Əliyev Fərhad, liftə texniki xidmət göstərən elektromexanik Cəmil Babayev və 98 saylı MKİS-in mühəndisi Ş.Əşrəfov tərəfində tərtib edilərək adları çəkilən şəxslər tərəfindən imzaları ilə təstiq edilmiş 04.11.2020-ci il tarixli aktın surətindən görünür ki, 03.11.2021-ci il tarixidə liftin ikinci dəfə təkrar dayandığı səbəbdən lifyin dayanma səbəbini araşdırmaq məqsədilə görünür ki, İ.İsmayılov küçəsi, ev 4, mənzil 4 ünvanında liftə texniki baxış keçirilmiş və qida xəttində boşluq yaranması səbəbdən bir fazanın itməsi olmuşdur. Aşkar edilmiş problem aradan qaldrılmış və liftin istismarı bərpa edilmişdir. Bundan başqa nöqsan aşkar edilməmişdir. FHN-nin baş mühəndisi V.Bədəlov, “Bakılift-3” İİİ-nin baş mühəndisi F.Əliyev, 3.5 saylı sahə rəisi Q.Quliyev, 98 saylı MKİS-in mühəndisi Ş.Əşrəfov, lift bələdçisi D.İsmayılova tərəfindən tərtib edilərək adları çəkilən şəxslər tərəfindən imzaları ilə təstiq edilmiş 10.12.2020-ci il tarixli aktın surətindən görünür ki, tərəfindən İ.İsmayılov küçəsi, ev 4 giriş 4 ünvanında liftə texniki baxış keçirilmişdir. Baxış zamanı liftin işlək, 10,5 mm əsas, 7,8 mm-lik surət məhdudlaşdırıcının qoruyucu burazlarının, əks yükün yaylarının, bucurqadın qasnağının texniki saz vəziyyətdə olduğu aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahat verərək bildirmişdir ki, o, lift üzrə mütəxəssisdir. İddiaçı yaşayan binada liftlə bağlı hadisə olub, lakin hadisənin dəqiq nədən olduğunu bilmir. Liftin qida xəttində, yəni gərginliyində problem baş verib. X8 Nazirliyi tərəfindən ildə bir dəfə liftin növbəti ilə yararlılığı yoxlanılır. Liftlə bağlı hadisə olduqda, liftin bələdçisindən Mənzil İstismar Hissəsinə məlumat verilib, lift işçisi binaya getdikdə görüb ki, liftin düyməsi işləmir. 6-cı mərtəbəyə qalxıb, orada məlumat veriblər ki, liftdə qalan şəxsi çıxarıblar. Liftin bələdçisi 1-ci mərtəbəyə düşəndə artıq lift işlək vəziyyətə qayıtmışdır. İddiaçının qeyd etdiyi hallar əsassızdır. Belə ki, bir faza itəndə motorun hərəkəti dayanır, işləmir, “lovuşka” deyilən mexanizm işə başlayır. Belə olan halda liftin yerində silkələnməsi baş verir, lakin liftin bu səbəbdən surətlə enməsi mümkün deyildir. Liftin surəti 10-15 dərəcə artarsa lift lavetelə düşər. Belə olan halda, yəqin ki faza itib, avtomat atıb, lift dayanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahat verərək bildirdi ki, iddiaçı yaşayan binada o, lift nəzarətçisi işləyir. 02.11.2020-ci il tarixdə ona liftdə adam qalması barədə zəng gəldi. O, təcili qeyd olunan ünvanda liftdə baxış keçirməyə getmişdir. Ünvana çatdığı zaman binanın 9-cu mərtəbəsindən iddiaçının anası tərəfindən liftdən çıxarıldığını öyrənmiş, lakin iddiaçını görməmişdir. Həmin günün səhərki günü lifti yoxlamaq üçün mübahisəli liftin yerləşdiyi binaya gəlmiş və liftin işləmədiyini müəyyən etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçı yaşayan binada o 1-ci mərtəbədə yaşayır. 02.11.2020-ci il tarixdə iddiaçının anası Bahirə ona zəng etdi ki, liftə nəzarət edən şəxsə zəng etsin. O, zəng etsə də liftə nəzarət edən şəxs gəlmədi. O, həmin vaxt liftdən səs-küy eşitdi, lakin liftdə qalan şəxsi görmədi. Sonradan Bahirə bildirdi ki, liftdə qalan qızı Kamilə imiş, qızını liftdən özü çıxartdı, qızının 2 ayağı sınmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddiaçı yaşayan binada o 6-cı mərtəbədə yaşayır. 02.11.2020-ci il tarixdə iddiaçı Kamilənin liftdə qalması ilə bağlı qonşu Nailə liftə nəzarət edən şəxsə zəng edib, lakin gələn olmayıb. Hadisə günü o liftdən gələn səsə çıxmışdır. Kamiləni liftdən anası Bahirə çıxarmışdı. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı onun qızıdır. 02.11.2020-ci il tarixdə o mətbəxdə imiş, səs-küy eşidib səsə çıxanda bilib ki, lift işləmir, liftdə adam qalıb. Elə həmin vaxt qızı zəng etdi ki, lift işləmir, liftdə qalıbdır. Qonşusu Gərəkməzlə köməkləşib, liftin qapısını açmışlar, qızını çəkib oradan çıxarmışdır. Digər qonşusu Nailə liftə nəzarət edən şəxsə zəng etsə də gələn olmamışdı. Hadisə nəticəsində qızının ayaqları sınmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçı onun qonşusudur. 02.11.2020-ci il tarixdə o öz mənzilində olarkən qəflətən səs eşitmiş və dərhal binanın blokuna çıxmışdır. Həmin vaxt liftin trosunun qırılması nəticəsində hadisə baş verdiyini anlamış və liftdən səs gəldiyini eşitmişdir. İddiaçının anası və digər qonşularda səs-küyə bloka çıxmışdılar. Sonra iddiaçının liftdə olduğunu müəyyət etmişlər və iddiaçının anası qızını lifti çəkərək oradan çıxarmışdır. Hadisə nəticəsində iddiaçı ayağı əzilmişdi və huşsuz vəziyyətdə idi. Sonrakı günlərdə oxşar hadisə onun oğlunun və digər qonşuların da başına gəlmişdir. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İddia ərizəsindən göründüyü kimi iddiaçı trosun qırılması (boşalması) və bununla da liftin sürətlə enməsi nəticəsində sağlamlığına zərər dəyməsinə istinad etmişdir. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən sağlamlığına zərərin dəyməsi (hər iki ayağının sınması), zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, İddiaçı liftdə qalmasının səbəbi kimi liftin nasaz vəziyyətdə olmasını, lifti tutan troslardan birinin qırılmasını göstərsə də, işdə olan materiallara əsasən liftin dayanmasına səbəbin qida xəttində boşluğun yaranması nəticəsində bir fazanın itməsi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Halbuki fazanın itməsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinin məsuliyyət daşıdığı halların dairəsinə aid deyildir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi mülki qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da müəyyən edilmişdir. Belə ki, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquq məsuliyyətindən daha ciddidir və bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Liftin yüksək təhlükə mənbəyi olduğunu, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinin yüksək təhlükə mənbəyinin qanuni sahibi olduğunu və bələliklə də iddiaçıya vurulması ehtimal edilən zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti təqsirindən asılı olmayaraq cavabdehin daşıdığını nəzərə alsaq belə, hazırkı işdə zərərin mövcud olması halının müəyyən edilmədiyi qeyd edilməlidir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları (ayaqlarının sınması ilə əlaqədar həkimə müraciət etməsi, rentgen şəkilləri və s.) məhkəməyə təqdim etməmişdr. Məhkəmənin gəldiyi qənaətə görə, sağlamlığa dəymiş zərərin mövcudluğunu təsdiq edən müvafiq tibbi sənədlər məhkəməyə təqdim edilmədiyindən, məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxır. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına zərərin dəyməsinə dair irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün məhkəmə tərəfindən iddianın “maddi zərərin ödənilməsi” hissəsində əsassız sayılmaqla rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-174/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-174/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver