Məhkəmə qərarları › İş №2(006)-1755/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1755/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1755/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı “dəymiş maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı “dəymiş maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 İddiaçı1 avtomobilinə vurulmuş 11.552 manat maddi zərər, vəkilə ödənmiş 110 manat və 149 manat dövlət rüsumu, İddiaçı2 sağlamlığına vurulmuş xəsarətə görə 1.000 manat, əldən çıxmış faydaya görə 5.300 manat və mənəvi zərərə görə 2.000 manatın tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə uyğun iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 İddiaçı1 avtomobilinə vurulmuş 6.802 manat maddi zərər, vəkilə ödənmiş 110 manat və 149 manat dövlət rüsumu, İddiaçı2 sağlamlığına vurulmuş xəsarətə görə 1.000 manat, əldən çıxmış faydaya görə 5.300 manat və mənəvi zərərə görə 2.000 manatın tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 məxsus **-RY-*** dövlət nömrə nişanlı, Toyota Prius markalı nəqliyyat vasitəsini xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı2 vermişdir. Həmin etibarnamənin müddəti xx.xx.2025-ci ilə qədər olduğundan avtomobili onun istifadəsinə verilmişdir. İddiaçı2 taksi fəaliyyəti ilə (VÖEN **********) məşğul olaraq **-RY-*** dövlət nömrə nişanlı Toyota Prius markalı nəqliyyat vasitəsi ilə qazanc əldə edir. xx.xx.2021-ci il tarixdə Nəsimi rayon, S.Əsgərova küçəsi ilə hərəkət edən zaman Mirəli Qaşqay küçəsinin kəsişməsinə çatarkən cavabdeh X3 mülkiyyətində olan Range Rover markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobil stop yol nişanının tələbini pozmuş və nəticədə idarə etdiyi avtomobili yararsız hala salmaqla İddiaçı2 sağlamlığına xəsarət yetirmişdir. Artıq hadisədən 2 aya yaxın bir müddət keçməsinə baxmayaraq dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamış, nə İddiaçı1 avtomobilinə dəymiş maddi zərər, nə də İddiaçı2 dəymiş xəsarət və əldən çıxmış fayda ilə bağlı heç bir qanuni tədbir görülməmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 barəsində olan inzibati işə baxılmış və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsiylə təqsiri təsdiq olunmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsinin törənməsində Cavabdeh1 təqsirli olduğu sübuta yetirildiyindən, o, həmin hadisə nəticəsində İddiaçı1 vurulmuş maddi ziyana görə mülki hüquq pozuntusu törətmiş olmaqla mülki hüquq məsuliyyəti daşıyır. Cavabdeh İddiaçı1 və İddiaçı2 bugünə kimi maddi zərərin əvəzi kimi heç bir vəsait ödəməmişdir. Cavabdehin günahı və səhlənkarlığı ucbatından baş verən hadisə nəticəsində ona dəyən maddi ziyan 11.552 manatdır. Bu, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür. Həmçinin, İddiaçı2 xəsarətə və əldən çıxmış faydaya görə heç bir zərəri ödəməmişdir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur, bu yolla hər gün ən azı 100 manat qazanc əldə edirdi ki, avtomobilin yararsız vəziyyətə düşməsi və xx.xx.2021-ci il tarixdən işləyə bilməməyi səbəbindən 53 gündür ki, işləmir və 5.300 manat faydadan məhrum olmuşdur. Dəfələrlə maşına dəymiş ziyanın, səhhətinə dəymiş zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, cavabdehlər hər dəfə bir bəhanə gətirərək ona dəymiş ziyanı ödəməkdən yayınmışlar. Hadisəni törətməkdə təqsirli olmasına baxmayaraq cavabdehlər onlara vurulmuş ziyandan bugünə kimi heç bir məbləğ ödəməmişlər. Buna görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addımı atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün xidmət müqaviləsi bağlamış və bu xidmətə görə 110 manat ödəniş etməli olmuşlar. Bundan əlavə İddiaçı2 döş qəfəsinin küt travması bədən xəsarətləri almışdır ki, həmin xəsarət nəticəsində müalicə almış, hadisə nəticəsində psixoloji travma almış, güclü stress keçirmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 baş vermiş qəza ilə bağlı təqsirli olduğunu bildirmiş, lakin maddi imkanının olmadığına görə vurulmuş ziyanı ödəyə bilməyəcəyi üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 və Cavabdeh2 Vüqar qızı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə məkhəməyə ərizə göndərərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 iddia tələbi qismən təmin edilməli, digər iddiaçının iddia ərizəsi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-RY-*** dövlət nömrə nişanlı, Toyota Prius markalı nəqliyyat vasitəsi İddiaçı1 mülkiyyətindədir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən, həmin nəqliyyat vasitəsi İddiaçı2 etibar edilmişdir. Mülki işin materiallarında olan TP ******* seriyalı İnzibati tənbehvermə haqqında Qərardan görünür ki, **-ZZ-*** dövlət qeydiyyat nişanlı, X6 Minik markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Mülki işin materiallarında olan AP № ******* seriyalı İnzibati Xəta haqqında protokoldan görünür ki, **-ZZ-*** dövlət qeydiyyat nişanlı, X6 Minik markalı avtomobillə **- RY-*** dövlət nömrə nişanlı, Toyota Prius markalı avtomobil toqquşmuşdur. Mülki işin materiallarında olan 11 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 04 radələrində idarə etdiyi X6 markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə hərəkət edən zaman S.Ələsgərova küçəsi ilə kəsişməyə gəlib çatmış və bu zaman yolda olan STOP yol nişanını görmədiyi üçün S.Ələsgərova küçəsi ilə hərəkət edən İddiaçı2 Toyota Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin hadisə nəticəsində İddiaçı2 avtomobilinə maddi ziyan dəymişdir. Bundan başqa Cavabdeh1 idarə etdiyi X6 markalı, **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan Cavabdeh2 və Vuqar Əliyevin hadisə ilə heç bir şikayətinin olmadığını qeyd etmişlər. Cavabdeh1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan 12 sentyabr 2022-ci il tarixli, 9/4488 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 2007-ci il buraxılışlı Toyota Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8.400 (12000,0 m – 30%) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 tərəfindən törədilən avtonəqliyyat hadisəsi nəticəsində İddiaçı1 mülkiyyətində olan və qəza anında İddiaçı2 idarə etdiyi Toyota Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8.400 manat məbləğində ziyan dəymişdir. Hazırda iddiaçılar cavabdehlərdən maddi və mənəvi ziyanın, həmçinin vəkil xərcinin, dövlət rüsumunun və əldən çıxmış faydanın əvəzini tələb edir. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinə hazırki iş üzrə iddiaçıların tələb etdiyi həddə deyil, 8.400 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinə dəqiqləşmədən göründüyü kimi, baş verən hadisə ilə bağlı sığorta şirkəti tərəfindən iddiaçılara 4.750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən İddiaçı1 xeyrinə vurulmuş maddi ziyana görə 3.600 (üç min altı yüz) manat (yəni, ekspert rəyində müəyyən edilmiş məbləğdən ödənilmiş sığorta məbləği çıxılmaqla) pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkmələrini göstərsələr də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, 2.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə həmçinin, iddia tələbinin vəkilə ödənmiş 110 manat, İddiaçı2 sağlamlığına vurulmuş xəsarətə görə 1.000 manat, habelə əldən çıxmış faydaya görə 5.300 manat məbləğində pul vəsaitinin tutulması hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçılar bu faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 149 (yüz qırx doqquz) manat pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı1 xeyrinə avtomobilinə vurulmuş 3.600 (üç min altı yüz) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 149 (yüz qırx doqquz) manat məbləğində pul vəsaiti tutulmalı, ekpsertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı1 xeyrinə avtomobilinə vurulmuş 3.600 (üç min altı yüz) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 149 (yüz qırx doqquz) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar