Məhkəmə qərarları › İş №2(006)-1760/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1760/2025

01.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1760/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7-ni almışdır. Mənzildə qeydiyyatda olan şəxslərdən biri qızı Cavabdeh1 2000-ci ildə ailə həyatı qurmuşdur. Onun qızı-2001-ci il təvəllüdlü Cavabdeh2, oğlu-2002-ci il təvəllüdlü Cavabdeh3 ona məxsus olan 7 saylı mənzildə 2000-ci ildən bu günə kimi yaşamasalar da, onun mənzilində qeydiyyatdadırlar. Güney adlı qızı öz örnək olan həyat yoldaşı X1 heç bir səbəb olmadan boşanmış, bu günə kimi övladları ilə hansısa ünvanda yaşayırlar. İndi mənə məlum olub ki, yarım milyon dəyərində olan o mənzildə uşaqları və bir sürü itlə birlikdə yaşayırlar. Məndə olan məlumata görə onlar Bakı şəhəri, Tbilisi prospekti 10-58, bina 36, mənzil 52-də yaşayırlar. Bu mənzil qızı olan Günəyə məxsusdur. Cavabdeh4 kiçik qızı X2 həyat yoldaşı idi. 2008-ci ildə boşanmışlar. Orxan 2 azyaşlı qızını ataraq getmişdir. Lakin, buna baxmayaraq hələ bu günə kimi ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7-də qeydiyyatdan çıxmamışdır. Bu şəxslərin onun evində qeydiyyatda olmaları onu maddi cəhətdən lazımsız xərclərə salır, kommunal ödənişlərin həcmini artırır. Həm də bu şəxslərə məxsus cərimələr də onun evinə gəlir. Bildirmək istəmişdir ki, o, cavabdehlərin ona məxsus ünvandan qeydiyyatdan çıxmaları barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, oradan verilən xx.xx.2025-ci il tarixli, 3-13-51/2-M-821/11 saylı məktubla bildirilmişdir ki, bu şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müracət etsin. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan espublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.1998-ci il tarixdə verilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 157635 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 62 saylı evin 7 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 22212 nömrəli vqeydiyyata alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X3 arasında olan nikah qeydi xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 62 saylı evin 7 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdehlər xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 iddiaçının qızı, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3-nəvələri, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh4 isə keçmiş kürəkənidir. Məhkəmə araşdırılması zamanı işin tərəflər arasında mübahisələndirilməyən halları ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 ailə həyatı qurmaqla evi tərk etmiş, Cavabdeh2 və Cavabdeh3 onun övladlarıdır. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamamaları səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, Cavabdeh1 ailə qurduqdan sonra mübahisəli mənzildən köçmüş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqələrini kəsmişdir. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və bu müddət ərzində mübahisəli mənzilə gəlməmələri, yalnız onların başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsindən hüququ itirilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Cavabdeh1 mülkiyətində Bakı şəhəri, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 36a, 52 saylı mənzil vardır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mübahisəli mənzildən istifadə etmələrini zəruri edən əsas aradan qalxdığından, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinin Cavabdeh4 mənzildən istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdeh4 iddiaçının keçmiş kürəkəni olmaqla onun ailə üzvü deyildir və hazırda mənzildə formal olaraq qeydiyyatda qalması mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də Cavabdeh4 mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən iddiaçının ona qarşı da istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilə bilməz. Məhkəmədə iddiaçı tərəf Cavabdeh4 münasibətdə istifadə hüququnun itirilməsi barədə tələb irəli sürməsini onun həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7-dən istifadə hüquqları itirilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar