Məhkəmə qərarları › İş №2(006)-1775/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1775/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1775/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “şəxsə məxsus olan bank məlumatlarının verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “şəxsə məxsus olan bank məlumatlarının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 4169********6764 nömrəli kart hesabından səhvən 365 manat köçürdüyü 4169********6764 nömrəli kart sahibinin kimliyi barədə bank məlumatlarının verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsi qanunvericiliklə müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə görə ümumi məhkəmələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə, eləcə də xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (Mülki Prosessual Məcəllənin 25-ci maddəsi). İddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı bank əməliyyatları apardığı zaman texniki səhvə yol verib başqa karta müəyyən məbləğdə vəsait köçürmüş, məsələ ilə bağlı polis orqanına müraciət etsə də, qurumdan mübahisənin mülki xarakterli olması barədə məktub əldə edib, məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı tələbini iddia ərizəsi şəklində irəli sürmüş olsa belə, mahiyyət etibarı ilə vəsatət məzmunlu ərizə ilə müraciət etmiş, hansı ki, ayrıca icraatın aparılmasını istisna edir. Belə ki, hazırki ərizənin verilməsində məqsəd hər hansı hüquq və ya mənafeyin müdafiəsi və yaxud təsdiqi ilə bağlı deyil, məhz sübutun toplanması (kartın məxsus olduğu şəxsin müəyyən edilməsi) barədədir. Sübutların toplanması isə işdə tərəf olan şəxsin müstəqil şəkildə əldə etmək imkanı olmadığı halda artıq başlanmış və davam etməkdə olan məhkəmə icraatı çərçivəsində məhkəməyə vəsatətlə müraciət etmək hüququnu ehtiva edir. Bundan başqa, iddiaçının ərizədə qeyd etdiyi məsələ ilə bağlı banka rəsmi qaydada müraciət etməsi işdə olan sənədlərlə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. - 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. - 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. - 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.4-cü maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “şəxsə məxsus olan bank məlumatlarının verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar