Məhkəmə qərarları › İş №2(006)-1780/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1780/2025

18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1780/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000 manat məbləğində dəyən maddi və mənəvi ziyan tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. Sonradan İddiaçı nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia 4500 manat maddi ziyan və 500 manat mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: 17 noyabr 2024-cü il tarixində qızı Sunay Məmmədova ilə evdə tək idi. Gecə saat 02:00 radələrində güclü səs oldu. Sonra gecə saat 03:30-da evdə su səsinə yuxudan ayılmışdır. Otağa daxil olmuş və elektriki yandırdığı zaman lampa partlamış və çilçıraqdan suyun axdığını görmüşdür. X5 həmin tarixdə oğluyla birgə Kürdəmir rayonunda olub. O, dərhal yoldaşıyla əlaqə saxlayıb evə su axdığını bildirmişdir. İlk öncə suyun qarşısını almaq üçün tədbir görmüş və qonşuya xəbər etmək üçün qonşuya qalxmışdır. X9 Nazimovnanın adına olan evdə yaşayan xanım anası Gülarə Əliyeva qapıya yaxınlaşdı və ona nə baş verdiyi haqda məlumat verməyinə baxmayaraq qapını açmadı və heç bir məlumat vermədi. Yenidən yoldaşıyla əlaqə saxlamışdır, qonşusu Gülarə xanımın evdə yalnız yaşadığını, şəxsi şoferinin olduğunu və komendatın onunla əlaqə saxladığını bildirmişdir. Sürücü gəlib suyu ümumidən bağlayacaq. Daha sonra, o, mənzilə qayıtmışdır. Su daha şiddətlə axmağa başlamışdır. Qonaq otağında TV-nin üstündə tavandan, mətbəxdə tavandan və qızının otağında artıq bir neçə divardan suyun axdığını görmüşdür. Dərhal qızını otaqdan çıxarmışdır. O, yenidən yuxarı qonşuya qalxmış və sürücü ilə (Səbuhi məllim) qarşılaşmışdır. Hadisəni ona bildirmiş və video görüntüləri ona təqdim etmişdir. Səbuhi müəllim ilk öncə evə göz gəzdirmişdi və onu evə dəvət edərək evdə heç bir yerdə suyun olmadığını qeyd etmişdir. Lakin o, bir daha baxmasını rica etmişdir. Sürücü yenidən evə daxil olduğu zaman onun həyəcanla kombini qırılıb düşməsini dediyini eşitmişdir. O, dərhal suyu ümümidən bağlamışdır və ona nə baş verdiyini bildirmişdir. Gecə saat 02:00-da güclü səs gəlmiş, nə baş verdiyini anlamamışdı. Gələn səsin onunla bağlı olduğunu anlamış və xanıma bildirmişdir. O isə cavabında yatdığını, heç bir səs eşitmədiyini bildirmişdir. Sürücü qeyd etmişdir ki, səhər usta gətirəcək və təmir edəcək. Həmçinin onların evinə dəyən zərəri qarşılayacaq. O, yenidən mənzilə qayıtmış, bütün dəyən zərəri telefonu ilə videoya çəkmiş və yoldaşına göndərmişdir. Elektrik xəttini ümumidən bağlayaraq yatmışdır. Saat 08:00-da qızı yuxudan ayılmışdı və otağına getmək istəmişdir. Ayıq davranaraq onu otağına getməyinə icazə verməmişdir. Düşünmüşdür ki, ev su olar və ya elektrik vurar. Saat 10:00-da otaqdakı vəziyyətə baxmaq istəmişdir ki, otaqdan güclü səs gəlmişdir. Qızı və o, otağa qacmış və dəhşətli mənzərə ilə rastlaşdımşıdır. Evin tavanı (alçepan) qoparaq övladının yatağının üzərinə düşmüşdü. Tavandan axan su daha şiddətlənmişdi və hətta hadisənin olduğu gün sonuna və 19 noyabr günorta saatlarına kimi davam etmişdi. Eyni zamanda qonaq otağında işığın (spotun) içindən, çilçıraqdan sular axmağa başlamışdır. Səhər yaranan mənzərəni video görüntüsünü yoldaşına göndərmişdir. Dərhal binanın komendantı Azad məllim və sürücü Səbuhi müəllim evə daxil olaraq yaşanan hadisəyə şahid oldular. Hətta Azad müəllim yuxarıda suyun bağlanmadığını düşünərək yenidən dəqiqləşdirmək üçün sürücü birgə Gülarə xanımın evinə qaxdılar. 18 noyabr 2024-cü ildə Səbuhi müəllim usta gətirərək evin tavanını sökdürmüş və ortalıqda olan dağınıqlığı aradan qaldırmışdır. Həmin hadisədə su olan bütün əşyalar (xalça, döşək, yastıq və s) quru təmizləməyə verilmişdir və maddi zərəri qarşılanmışdır. Bu yaşanan hadisələr zamanı, ev sahibi Gülarə xanım bir dəfə belə olsun evə baxış keçirməmişdir, bütün işlərini sürücü Səbuhi müəllimə həvalə etmişdir. Səbuhi müəllimdən ev sahibin övladları ilə əlaqə saxlamasını xahiş etsələr də, Səbuhi müəllim ev sahibinin həm oğlu, həm qızı kimi özünün məsuliyyət daşıdığını bildirmişdir. Hadisə olan gün Gülarə xanımın yanına qalxaraq maraqlanmadığı üçün videoları təqdim etmişdir. Sürücü ona hər şeyi bildirdiyini qeyd etmişdir. Sürücü bütün zərəri qarşılayacağını deməyinə baxmayaraq, müəyyən vaxtdan sonra “bəzilərini edə bilmir, imkanı çatmır və s” kimi bəhanələr gətirməyə başlamışdı. Yoldaşı onunla danışmış və usta gətirib dəyən zərəri hesablatmışdı. Lakin Səbuhi müəllim onun dediyilə razılaşmayaraq deyilən məbləğin 50 faizini ödəyə biləcəyini və ya evin yalnız tavanını düzəldə biləcəyini bildirmişdi. Yoldaşıyla qərara almışdı ki, qalxıb ev sahibi xanım ilə özü danışsın. 14 dekabr 2024-cü il tarixndə təxminən 20:00-da Gülarə xanımın evinə qalxmış və onunla danışıb razılığa gəlməyə çalışmışdı. Xanım onları çox aqressiv qarşılamışdı. Hər şeyi sürücüsü ilə həll etdiyini bildirmişdi. Hadisənin qəsdən baş vermədiyini bildirərək qeyd etmişdi ki, təsəvvür edin ki, zəlzələ baş verib və evləri uçub. Dəyən zərəri ödəməli olması ilə bağlı xanım etiraz edərək yalnız 500 dollar ödeyəcəyini və bununla işini həll edəcəyini demişdir. Onun yaşadığı hadisə kiçik bir hadisə deyil. Düşünsə ki, gecə o, yuxudan ayılıb tədbir görə bilməsəydi, suyun axmasından xəbərdar olmasaydı tavan suyu özünə çəkərək səhər açılmadan övladının üzərinə düşə bilərdi. Həmçinin, o, otağa bir neçə dəqiqə öncə daxil olsaydı onun üzərinə düşə bilərdi. Bu ehtimalları nəzərə alaraq, ona və övladına dəyən mənəvi zərəri nəzərə alaraq, xahiş etmişdir ki, evə dəyən zərəri tam ödəsinlər. Çünki evdə yalnız bir otaq deyil, qonaq otağı və mətbəx, həmçinin nəzərə alsa ki, evdə iki gün su dayanmadan axıb, bu səbəbdən döşəmə də zərər görmüşdür. Həmin otaqda tavan qırılmış, divar kağızları cırılaraq yaş olmuşdur, eyni zamanda övladının mebelləri (yatağı və geyi dolabı) qırılmışdır. Bundan əlavə suyun qarşısını alarkən istifadə etdiyi məişət əşyaları istifadə edilməz hala düşmüşdür. Düşünür ki, otaqlara və mebələ dəyən zərər Gülarə xanımın dediyi məbləğdən artıqdır və bu məbləğ dəyən zərəri ödəmir. Yuxarıda qeyd edilənləri və dəyən maddi və mənəvi zərəri nəzərə alaraq evə və əşyalara dəyən zərərin 5000 manat olduğunu hesab edir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, həmin gün qapı döyülənə gecə olduğu üçün qapını açmamışlar. Kombinin qırıldığını bilməmişdir. Ev təmizləyən işçisinə zəng ediblər. Gəlib, baxıb yığışdırıblar. 1.100 manat pul verirmiş və razılaşmışdır. Bir neçə gün sonra həyat yoldaşı ilə gəlmişlər. Çox kobud davrandılar, razılaşmadılar. 11 ildir, o kombi oradadır. Gəlib dedilər ki, «siz bizə 3-4 min manat pul verməlisiniz". Niyə bir otağa görə 4 min manat pul verməlidir? Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsindəki, 07 nömrəli evin 41 nömrəli mənzilinin mülkiyyətçisi İddiaçıdır. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsindəki, 07 nömrəli evin 47 nömrəli mənzilinin mülkiyyətçisi Cavabdehdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1780/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2519 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 3 saylı evin 41 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini nəzərə alaraq, 41 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 47 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, su sızma nəticəsində tədqiq olunan 41 saylı mənzilinin sahəsi 23,6m2 olan yaşayış otağının (tavanı,döşəməsi, divarları və s.) istifadəyə yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Ekspertiza xərlərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1780/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş rəy alınması üçün "xxxx" MMC-yə həvalə edilmiş və mülki işin icraatı dayandırılmışdır. "xxxx" MMC-nin 492/E nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 3 saylı evin 41 nömrəli mənzilində (sahəsi 23.6 kv.m olan yaşayış otağı ayrılıqda göstərilməklə) əmələ gəlmiş qüsurların aradan qaldırılması 4500 (dörd min beş yüz) azn məbləğdə təmir işləri aparılmalıdır. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 3 saylı evin 41 nömrəli mənzili yararsız hala düşməmişdir və təmirə tələb olunan ümumi xərcin məbləği 1-ci suala verilmiş cavabda öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 80 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İddiaçının dəlili və tələbi onun mənzilinə cavabdehin mülkiyyətində olan mənzildən su axıntısı nəticəsində ona maddi və mənəvi zərər dəyməsindən və həmin zərərin cavabdehdən onun xeyrinə tutulmasından ibarətdir. İddiaçı dəymiş maddi zərəri 5000 manat qiymətləndirmiş və həmin məbləğdə pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaçının tələb etdiyi məbləğin dəymiş faktiki zərərə görə yüksək olduğunu hesab edib, yalnız 1100 manat ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçının mənzilinə məhz cavabdehə məxsus mənzildən su axıdılması və su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyan vurulması işdə olan sübutlarla tam təsdiqini tapmışdır və işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal dəymiş zərərin məbləği ilə bağlıdır. Vurulmuş zərərin məbləğinin müəyyən olunmasından üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, "xxxx" MMC-nin mütəxəssis rəyində qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği 4500 manat müəyyən edilmişdir. Müvafiq rəydən sonra iddiaçı maddi ziyan hissəsində tələbin həcmini azaldaraq maddi ziyana görə 4500 manatın, mənəvi zərərə görə isə 500 manatın ödənilməsini tələb etmişdir. Müəyyən edildiyi kimi cavabdehin hüquqazidd əməlləri (mülkiyyətində və idarəetməsində olan mənzilin başqalarının mənzilinə ziyan vurmanı istisna edən şəkildə saxlanmasına məsul olduğu halda zəruri tədbirlərin görülməməsindən irəli gələn hərəkətsizlik) nəticəsində iddiaçının mənzilinə ziyan vurulmuşdur. Məhkəmə iş materiallarında olan fotoşəkilləri, həmin fotoşəkillərdə əks olunan qüsurların aradan qaldırılması üçün kifayət qədər yüksək məbləğdə xərc tələb edilməsini və hazırkı dövrdə mövcud olan bazar qiymətlərini nəzərə almaqla maddi zərərin məbləğini "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatında göstərilmiş həddə - 4500 (dörd min beş yüz) manat həddində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi ziyana görə 4500 manat Cavabdeh Namazovnandan İddiaçınun xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 80 manat dövlət rüsumunun 72 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərc Cavabdeh Namazovnadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatlar üzrə tələb olunan xərcə münasibətdə qeyd edilir ki, MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 300 manat xərcin əsl olmayan iddiaçı X4 tərəfindən ödənildiyi müəyyən edildiyindən və həmin şəxs hazırkı iş üzrə tərəf olmadığından, çəklimiş xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun 72 (yetmiş iki) manat hissəsi, cəmi 4572 (dörd min beş yüz yetmiş iki) manat Cavabdeh Namazovnadan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat xərc Cavabdeh Namazovnadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar