Məhkəmə qərarları › İş №2(006)-1781/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1781/2020

01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1781/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 X3 nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsini əsas tutaraq xx xxxxxxx 2019-cu il tarixli, 8İ - 15536 saylı icra qeydi ilə tələbkar Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı aralarında bağlanmış RK/9746015 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 2742,56 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi barədə icra qeydi çıxarmışdır. Notariat kontorunun notariusu iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsini əsas tutduğunu qeyd etsə də, həmin maddənin tələblərini pozaraq, tamamilə əsassız və qeyri-qanuni icra qeydi çıxarmışdır. Belə ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci maddəsində “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Həmin maddənin digər bir hissəsində “Tələbkar tərəfindən icra qeydini aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatın (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişi borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır”. Cavabdeh2 ASC tərəfindən sözügedən bildiriş iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilməmişdir. İddiaçı çıxarılmış icra qeydi ilə razı deyildir. Məktubun göndərilməməsi və ya qeydiyyatda olduğu icra qeydində göstərilən ünvana çatdırılmaması, iddiaçının borcla razılaşmağı qənaətinə gəlinməməlidir və bu hal mübahisəsizlik kimi qiymətləndirilməməlidir. Bundan başqa, iddiaçı hesablanmış borcla razı deyildir. Belə ki, həmin hesablanmış borc şişirdilmişdir və Bank tərəfindən yenidən hesablanmalıdır, əks təqdirdə müvafiq ekspertiza tərəfindən yoxlanaraq yeni borc müəyyən edilməlidir. Cavabdeh2 ASC icra qeydində göstərilən RK/07460/5 saylı kredit müqaviləsini iddiaçıya təqdim etməmiş, iddiaçı məhkəməyə şikayət verilməsi üçün müqavilənin surətini almaq üçün Cavabdeh2 ASC-yə müraciət edərkən isə müxtəlif bəhanələrlə, aidiyyəti olmayan filiallara yönəltməklə müqavilənin nüsxəsini ona təqdim etməkdən boyun qaçırmışlar. Göstərilənlərə əsasən Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X1 çıxardığı xx xxxxxxx 2019-cu il tarixli, 8İ - 15536 saylı icra qeydinin ləğv edilməsi, işin icraat qaydasına keçirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 X3 nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, RK/94760/56/29 saylı kredit sazişi müqaviləsinə əsasən bank İddiaçı 48 ay müddətinə, illik 25% olmaqla 4367,49 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli, 8İ-15536 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Bakı şəhəri, Nərimanov rayonu, X7, ev 42 ünvanında yerləşən Cavabdeh2 ASC-nin xeyrinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 56, mənzil 27 ünvanında qeydiyyatda olan İddiaçı RK/97460/5 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2742 manat 56 qəpik, həmçinin tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2762,56 manat pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən Bakı şəhəri 13 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 8İ-15536 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərnamənin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən borcluya göndərilmiş bildiriş xx.xx.2019-cu il tarixdə Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdeh ilə həmin müqaviləni bağlamışdır. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi xx xxxxxxx 2019-cu il tarixli, 8İ-15536 saylıicra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. İddiaçı icra qeydinin ləğvinə əsas kimi göstərdiyi onun ünvanına bildiriş göndərilməməsi halı bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, bildiriş İddiaçı məxsus ünvanda – ünvan 4 “Məmmədov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar