Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-179/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi»nə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehləri 2019-cu ilin okyabr ayından ortaq dostu Tural adlı şəxsin vasitəsilə tanımışdır. Həmin vaxt Teymur və Fərhadın qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bilirdi. Cavabdeh1 iddiaçıya bildirdi ki, xaricdən satış məqsədilə ölkəyə qızıl-zinət əşyaları gətirir, külli miqdarda qazancının olduğunu bildirərək iddiaçıdan pul qazanmaq istədiyini soruşdu və bildirdi ki, iddiaçı ona 15.000-16.000 manat verərsə, o da xaricdən qızıl gətirər və 1 həftə içində pulunu qaytarmaqla yanaşı üzərində 4.000 manat qazanc verər. İddiaçı həmin vaxtı evini satdığı üçün əlində pul olduğundan həmin təkliflə razılaşmış və Teymura 16.000 manat pul vermişdir. Teymur hətta iddiaçını inandırmaq üçün idarə etdiyi “Porsche” markalı avomobilin açarlarını ona vermişdir. Sonradan Teymur öz sürücüsü Elşəni göndərərək avtomobilin atası Fərhada lazım olduğunu bildirərək avtomobilin açarlarını istədi və iddiaçı da həmin avtomobilin açarlarını Elşənə təqdim etmişdir. Daha sonra Teymur iddiaçının pulunu verməkdən yayınaraq hər dəfə müxtəlif bəhanələr gətirərək verəcəyini bildirdi. Cavabdeh2 500 manat pulunu qaytarsa da, 15.500 manat pulunu hələ də qaytarmayıblar. Dəfələrlə cavabdehlər iddiaçıya SMS yazaraq və zəng edərək qısa zamanda pulunu qaytaracaqlarını bildirmişlər. Sonradan iddiaçı aldadıldığını bilərək Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət etmiş və həmin PB-də müvafiq araşdırma aparılaraq işin mülki iş olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 14.12.2020-ci il tarixli qərar qəbul edildi. Cavabdeh1 PB-də söz verdi ki, qısa zamanda pulu verəcək, lakin bu günə kimi cavabdehlər iddiaçının pulunu qaytarmamışlar. İddiaçıya maddi ziyandan başqa mənəvi zərər da dəymişdir. Belə ki, cavabdehlər iddiaçıya əsassız olaraq vəd verərək əlində olan pulu alaraq şəxsi məqsədləri üçün xərcləmişlər. Bütün bunlar iddiaçıya həddindən çox iztirab vermişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.500 (on beş min beş yüz) manat məbləğində maddi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 heç vaxt qızıl alveri ilə məşğul olmamışlar. Cavabdeh2 Azərbaycanın tanınmış alimi, ziyalı, yüzlərlə elmi məqalələrin müəllifidir. İddiaçı ilə heç bir tanışlığı yoxdur. Vəliyev X1 Elşən Ramiz oğlu ilə ümumi tanışları Tural Məmmədov adlı şəxsin vasitəsilə tanış olmuş və bilmişdir ki, İddiaçı faizlə pul verməklə məşğul olur. O zaman, Cavabdeh1 təcili pul lazım olduğu üçün, o, İddiaçı müraciət etmiş və sonuncu 25.000 manat məbləğində pulu ortaq tanışlarının vasitəsilə göndərmişdir. Həmin pulu faizi ilə birlikdə, toplam 27.000 manat məbləğində pulu İddiaçı qaytarmış və borc tam bağlanıb. Bir müddət keçdikdən sonra İddiaçı Cavabdeh1 şişirdilmiş faiz qismində bir o qədər də əlavə pul tələb etməyə başladı. Cavabdeh1 isə bununla razılaşmayaraq, İddiaçı borcunun olmadığını bildirmişdir. Bundan sonra, İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, müvafiq araşdırma aparılandan sonra İddiaçı şikayətinin əsassız olması qənaətinə gəlmişlər. İddiaçı polisə yazdığı şikayət, iddia ərizəsində yazılanlarla ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən cavabdeh İddiaçı 500 (beş yüz) manat maddi, mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq (cəmi 20.500 manat) Cavabdeh2 ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 (əvvəlki iclaslarda iştirak etmişdir) ilkin iddia tələbini qəbul etməmiş, onun rədd edilməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm də ki qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, həm ilkin iddiaçı, həm də ki, qarşılıqlı iddiaçı tələblərini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehlərin hazırda ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri yalnız ilkin və qarşılıqlı iddiaçıların formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan, həm ilkin, həm də ki, qarşılıqlı iddiaçıların iddiaları qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi»nə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-179/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-179/2022
04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver