Məhkəmə qərarları › İş №2(006)-180/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-180/2025

16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-180/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin Əcəmi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş 3950 manat maddi ziyanın və sağlamlığına vurulmuş mənəvi zərərə görə 5000 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi ev 10 1-ci girişdə yerləşən sahəsi 178.1 kv.m olan mənzil onun şəxsi mülkiyyətindədir. Mənzilə pay hüququnu 2005-ci il tarixdə əldə etsə də, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ilrə qeydiyyata alınmışdır. Onun mənzili üzərində yerləşən ümumi sahəsi 117 kvm təşkil edən qeyri-yaşayış sahəsinə X3 xx.xx.2005-ci il tarixdə pay hüququ əldə etmişdir. xx.xx.2011-ci ildə o, payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Hal-hazırda həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 şəxsi mülkiyyətindədir. İkinci cavabdeh "xxxx" ASC-nin Əcəmi filialı həmin sahəni icarəyə götürmüşdür. Bundan sonra problemlər yaranmağa başlanmışdır. Cavabdehlərin səhlənkarlığı, laqeydliyi və günahı nəticəsində dəfələrlə ona məxsus mənzili su basmışdır. Onun xahişlərinə tələblərinə baxmayaraq cavabdehlər nə dəymiş ziyanı ödəyir, nə də mənzili təmir edirlər. Sonradan iddiaçının xahişi əsasında "xxxx" ASC-nin Əcəmi filialı əsl cavabdeh "xxxx" ASC ilə əvəzlənmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən 3852 manat maddi ziyan, 300 manat vəkil xidmətlərinin göstərilməsi barədə vəsaitin, ödənilmiş 110 manat dövlət rüsumunun və mənəvi ziyana görə 500 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, birinci dəfə su axıntısı olarkən dəymiş ziyan qarşılanmışdır. İkinci dəfə baş vermiş su axıntısının isə onlarla heç bir əlaqəsi yoxdur. Həmçinin iddiada dəymiş ziyan şişirdilmiş-ziyanın məbləği 1000-1500 manat təşkil edir. Həmin məbləğin ödənilməsi ASC-nin Əcəmi filialının nümayəndəsi tərəfindən təklif irəli sürülmüş, iddiaçı tərəf təklifdən imtina etmişdir. Hazırda dəymiş ziyanın aradan qaldırılması üçün 2000 manat ödənilməsinə razıdırlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, mənzilə 4 dəfə su axıntısı baş vermiş və müvafiq aktlar tərtib edilmişdir. Hər bir akt tərtib olunarkən özü şəxsən iştirak etmişdir. Aktı komendant, o və icarədar imzalamışlar. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, qeyri-yaşayış sahəsinə su atmosferinin çox olması ilə əlaqədar axıntı ilk növbədə "xxxx" ASC-yə məxsus ofisə sonra isə aşağı mənzilin icarədarı Rauf adlı şəxsin sahəsində baş vermişdir. Mənzilin icarədarı Rauf adlı şəxs baş vermiş axıntının nəticəsində mənzilə dəymiş zərərin aradan qaldırılması üçün mənzilin təmirinə 1500 manat pul xərclədiyini bildirmişdir. Daha sonra onunla razılaşaraq 1500 manat ödəcəyini bildirmişdir. Lakin, "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə bu məbləğlə razılaşmayaraq, onu məhkəməyə vermişdir. Ekspert baxışı zamanı məlumatlı olmasına baxmayaraq şəxsən baxışda iştrirak etməmişdir. Lakin, onda olan məlumata əsasən "xxxx" ASC-yə məxsus ofisə ekspert tərəfindən bilavasitə baxış keçirilmədən, axıntının dəqiq mənbəsi müəyyən edilməmişdir. Bu səbəbdən ilk öncə suyun haradan axmasının mənbəyi müəyyən olunmalıdır. Həmçinin qeyd etmişdir ki, iddia tələbində göstərilən zərər fatiki olaraq o qədər təşkil etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi ev 10 mənzil 3a iş üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 325 saylı protokoldan çıarışdan görünür ki, Cavabdeh1 "xxxx" MTK üzvlüyünə qəbul edilmişdir. Cavabdeh1 razılıq yolu ilə "xxxx" MTK-nın M.Cəfərov küçəsi, ev 10 ünvanda tikilən 19 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 117 kv.m olan, İ girişi, qeyri-yaşayış sahəsin düşməsi təsdiq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" MTK-nın M.Cəfərov küçəsi, ev 10 ünvanda tikilən 19 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 117 kv.m olan, İ girişi, qeyri-yaşayış sahəsi üzrə Cavabdeh1 tərəfindən tam ödənilmişdir. İş materiallarından görünür ki, "xxxx" MTK-nın hüquqşünası Nümayəndə, komendant İslam Hüseynov və M.Cəfərov küçəsi ev 10 3a saylı mənzilin kirayəşini Rauf Hüseynli xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10, İ giriş İ mərtəbədə yerləşən ümumi sahəsi 117 kv.m olan qeyri-yaşayış sahəsində su borusunun partlaması nəticəsində İddiaçı məxsus mənzili su basması, icarədarın həmin ünvanda olmaması səbəbindən alt mənzilin 70-80 faiz hissəsinin tamamilə yararsız vəziyyətə salınmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarından görünür ki, "xxxx" MTK-nın hüquqşünası Nümayəndə, komendant İslam Hüseynov və M.Cəfərov küçəsi ev 10 3a saylı mənzilin kirayəşini Rauf Hüseynli xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10, İ giriş İ mərtəbədə yerləşən ümumi sahəsi 117 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı məxsus mənzili su basması, icarədarın rəhbəri Qara müəllimlə əlaqə saxlanması, onlar tərəfindən mətbəxdə su kranının açıq saxlanması nəticəsində alt mərtəbədə yerləşən mənzilin tamamilə yararsız vəziyyətə salınmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarından görünür ki, "xxxx" MTK-nın hüquqşünası Nümayəndə, komendant İslam Hüseynov və M.Cəfərov küçəsi ev 10 3a saylı mənzilin kirayəşini Rauf Hüseynli xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10, İ giriş İ mərtəbədə yerləşən ümumi sahəsi 117 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı məxsus mənzilə iki gün su axması nəticəsində tavanın və döşəmənin yararsız vəziyyətə salınmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarından görünür ki, "xxxx" MTK-nın hüquqşünası Nümayəndə, komendant İslam Hüseynov və M.Cəfərov küçəsi ev 10 3a saylı mənzilin kirayəşini Rauf Hüseynli xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10, İ giriş İ mərtəbədə yerləşən ümumi sahəsi 117 kv.m olan qeyri-yaşayış sahəsindən unitazın arxasındakı və mətbəxdəki su borusundan İddiaçı məxsus mənzilə su axması nəticəsində tavanın 140 kv.m və döşəmənin 155 kv.m yararsız vəziyyətə salınmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarından görünür ki, "xxxx" MTK-nın hüquqşünası Nümayəndə, komendant İslam Hüseynov və M.Cəfərov küçəsi ev 10 3a saylı mənzilin kirayəşini Rauf Hüseynli xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10, İ giriş İ mərtəbədə yerləşən ümumi sahəsi 117 kv.m olan qeyri-yaşayış sahəsindən su axması nəticəsində İddiaçı məxsus mənzilin mətbəxinə və 1 otağına xeyli ziyan dəyməsini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan icarəçi "xxxx" ASC ilə icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmlakın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, sonuncu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 19 mərtbəli yaşayış binasının 1-ci mərtəbəsində İ girişində ümumi sahəsi 117 kv.m olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən 10 saylı evin, cavabdehə məxsus 117 saylı qeyri-yaşayış sahəsinin 3a saylı mənzilin üst mərtəbəsində yerləşdiyini, 3a saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də "xxxx" MTK-nın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli Aktların məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən 10 saylı evin 3a saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 117 saylı qeyri-yaşayış sahəsindən su axıdılığı və nəticədə 3a saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. İş üzrə cavabdeh baxışda iştirak etmədyi üçün, ona məxsus 117 saylı qeyri-yaşayış sahəsinə baxış keçirilməsi mümkün olmadığından, 3a saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 3a saylı mənzilə su sızması 117 saylı qeyri-yaşayış sahəsinin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 117 saylı qeyri-yaşayış sahəsinin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən 10 saylı evin 3a saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3852,0 manat məbləğində müəyyən olunmuşdur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən 10 saylı evin, cavabdehə məxsus 117 saylı qeyri-yaşayış sahəsinin 3a saylı mənzilin üst mərtəbəsində yerləşdiyini, 3a saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də "xxxx" MTK-nın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli aktların məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən 10 saylı evin 3a saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 117 saylı qeyri-yaşayış sahəsindən su axıdılığı və nəticədə 3a saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 3a saylı mənzilə su sızması 117 saylı qeyri-yaşayış sahəsinin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 117 saylı qeyri-yaşayış sahəsinin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Qərardadın suallarında göstərilən məsələlər məhkəmə tikinti-texniki ekspertin səlayihhətlərinə aid olmadığından, axıdılan suyun qarşısının kimlər tərəfindən alınıb-alınmamasının, kimlərin hərəkəti və ya hərəkətsizliyinin müəyyən edilməsinə adir tədqiqat aparılmamışdır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi ev 10, 3a saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası dəymiş ziyanı 3852 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəylər real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməli, qeyd edilən hissədə iddia tam təmin edilməlidir. Məhkəmə iddianın dəymiş ziyanın müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər arasında bağlanmış icarə müqaviləsinə əsasən mübahisəli mənzilin mülkiyyətçisi mənzili "xxxx" ASC-yə icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Beləliklə vurulmuş maddi ziyanın əvəzi olaraq 3852 manat "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə iddiaçının evinə su axıdılması nəticəsində ona mənəvi zərər dəyməsi barədə dəlilləri əsassız olduğundan həmin hissədə iddia tələbinin təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunda bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, hüquqi xidmətlərin göstərilməsi müqabilində iddiaçı tərəfindən 300 manatın ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 300 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 110 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-dən tutulmalı məbləğ ümumilikdə 4152 manat təşkil etdiyindən, həmin məbləğə görə 61.52 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməli, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi olaraq 3852 manat, hüquqi xidmətlərə görə ödənilmiş 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61.52 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat cavabdeh "xxxx" ASC-dən alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi olaraq 3852 manat, hüquqi xidmətlərə görə ödənilmiş 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61.52 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mühəndis-texniki ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar