Məhkəmə qərarları › İş №2(006)-1806/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1806/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1806/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın - 3950 manat itirilmiş mənfəətin (800 manat - maşının qeyri-qanuni duracaqda qalmasına görə və 3150 manat - icarəyə götürdüyü yeri işlədə bilməyərək itirdiyi mənfəətə görə), 2822,3 manat çəkilən xərcin (790 manat - hüquqi yardım, rabitə və s. üçün ödənilən xərc, 400 manat - maşını duracaqda olduğuna görə polietilen tullantı mallarının daşınması üçün əlavə nəqliyyat xərci, 30,3 manat - duracağa ödənilən haqq, 1602 manat - 26 dəfə onu Sumqayıta aparıb-gətirdiyi üçün Həziyev Rafiqə çəkilən xərc), cəmi 6772,3 manat maddi ziyanın, 14000 manat mənəvi ziyanın və 10000 manat fiziki-psixoloji sarsıntıya görə ziyanın, ümumi olaraq, 30772,3 manat məbləğin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus, etibarnamə ilə idarə etdiyi “QAZ-330213” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gündəlik dolanışığı və sair xərclər üçün pul qazanaraq ailəsini dolandırmışdır. Eyni zamanda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yanındakı Naxçıvanski küçəsindəki beş mərtəbəli binanın 1-ci mərtəbəsində 18 kv.metrlik qeyri-yaşayış sahəsini icarəyə götürüb əhalidən müxtəlif polietilen tullantı mallarını qəbul edərək onları həmin avtomobili ilə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Adil Baxışova məxsus istehsal sexinə və başqa sexlərə təhvil vermişdir. 10 avqust 2017-ci il tarixdə Adil və Firdovsi Baxışovlar tərəfindən onun avtomobili qanunsuz olaraq əlindən alınıb həmin sexin həyətinə qoyulmuşdur. Bu barədə DİN-in “102” xidmətinə və digər hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra 15 sentyabr 2017-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Mehman Vəliyev və adını bilmədiyi sahə müvəkkili işləyən polis mayoru onun və həmişə onu şəxsi avtomobili ilə Sumqayıta aparıb-gətirən Həziyev Rafiqin iştirakı ilə avtomobilini Adil Baxışova məxsus sexin həyətindən götürmüşdülər. Lakin, Mehman Vəliyev avtomobilini ona təhvil verməyərək öz rəisi ilə telefonla danışıb “rəis, maşını Adilin sexinin həyətindən götürdüm, orda qalsa Nazim hirslənirdi. Nazimə də qaytarsam Adil hirslənəcək, yaxşısı budur ki, qoyum duracağa deyərək qanunsuz özəl qərarla duracağa qoymuşdur. Ona avtomobilinin heç bir yol- nəqliyyat hadisəsi (YNH) törətmədiyini, avtomobilə heç bir baxış keçirilməyəcəyini, onun heç bir ekspertizaya təqdim olunmayacağını, üzərində hər hansı bir əməliyyat tədbiri keçirilməyəcəyini və avtomobilimin ailəsinin yeganə qazanc mənbəyi olmasını deyərək özünə təhvil verilməli olduğunu bildirmişdir və maddi sübut kimi yalnız ehtiyyat təkərin götürülərək saxlanmalı olduğunu demişdir. Lakin, heç bir nəticə olmamışdır. O, Mehman Vəliyevin bu qanunsuz hərəkətindən DİN-in rəhbərliyinə şikayət etdikdən sonra 04 oktyabr 2017-ci il tarixdə Sumqayıt ŞPİ-nin rəisi onu qəbul etmiş və dinlədikdən sonra avtomobilinin dərhal ona təhvil verilməsinə göstəriş vermişdir. Həmin axşam avtomobili özünə qaytarıldı. DYP rəisinə yazılmış məktubdan da görünür ki, maşın 20 gün qanunsuz olaraq duracaqda qalıb. Günahsız olsa da təhqiqatçı Mehman Vəliyev “sən Adilə vurduğun ziyanı ödəməlisən, əks-təqdirdə sənə cinayət işi açılacaq və həbs olunacaqsan" deyərək ona qarşı aidiyyəti olmayan şəxslərdən qanunsuz və əsassız izahatlar alaraq qondarma cinayət işinin açılması üçün tutduğu vəzifəyə yaraşmayan Konstitusiya və Qanunların ziddinə gedərək öz şəxsi mülahizəsinə əsasən təhqiqat aparmışdır. Adil və Firdovsi Baxışovların, onun avtomobilini əlindən alıb sexin həyətinə qoyandan sonra, onların üstünə xahiş-minnətçi göndərməsinə baxmayaraq Adilin ondan 5000 manat verməsini və ya saxladıqları avtomobilini onun adamlarından birinin adına keçirməli olduğunu tələb edərək, ondan rədd cavabı aldıqdan sonra ona qarşı çirkin oyun qurub guya o polietilen tullantı mallarını təhvil verən (satan) zaman onlara qarşı dələduzluq əməli törətdiyinə görə xx.xx.2017-ci il tarixli şikayəti nəticəsində xx.xx.2017-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə qondarma cinayət işi açılmış və istintaqın aparılması müstəntiq Mehdi Məmmədova həvalə edilmişdir. O, dəfələrlə müstəntiq Mehdi Məmmədova bu cinayət işinin perspektivi olmayacağını, işin məhkəmədən geri qayıdacağını və ya məhkəmədə iş üzrə xitam qərarı veriləcəyini desə də xeyri olmamışdır. Baxmayaraq ki, müstəntiq Mehdi Məmmədov özü də etiraf edərək “mən də bilirəm ki, bu iş məhkəmədə sınan işdir, mən də istəyirəm ki, bu iş məhkəmədə sınıb geri qayıtsın, bu işə görə mənə cəza versinlər, mən də həmin cəzanı əlimdə bayraq edib aparıb soxacam gözlərinə” deyərək onunla razılaşsa da, onun hüquqlarını məhdudlaşdırmış, başqa yerə getməmək haqda barəsində iltizam qətimkan tədbiri seçilmiş, ona qarşı 12414 manatlıq “dələduzluq etməsi”lə bağlı ittiham elan edilərək iş təsdiqlənib məhkəməyə göndərilməsi üçün Sumqayıt şəhər Prokuroruna göndərilmişdir. Belə çıxır ki, ortada sifariş olub, necə olur-olsun, qanunsuz da olsa onun həbsinə qərar verilib və müstəntiq Mehdi Məmmədov da dövlət orqanında işləməsinə baxmayaraq öz vəzifə səlahiyyətindən sui-istifadə edərək qanunsuzluq edib və onun günahı olmaya-olmaya həbs olunması üçün bu sifarişi yerinə yetirmişdir. Lakin atası Səfərov Rafiq Cəfər oğlu Sumqayıt şəhər prokuroruna və baş prokurorluğun rəhbərliyinə ünvanladığı müraciətlərlə əlaqədar xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən qəbul edilmiş, dinlənilmiş və cinayət işi əlavə istintaq aparılması üçün ŞPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə isə barəsində başlanmış cinayət işinə AR CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir. Qeyd etmişdir ki, təhqiqat və istintaq dövründə dövlət orqanları əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdar maddi və mənəvi ziyan dəymişdir. Belə ki, təhqiqatçı Mehman Vəliyevin qanunsuz hərəkətləri nəticəsində “QAZ” 330213" markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilinin 20 gün duracaqda qalması nəticəsində ona bu müddət ərzində bir gündə 40 manat olmaqla 800 (20*40=800) manat əldə edəcəyi mənfəət və əhalidən qəbul etdiyi polietilen tullantı mallarını bir gündən bir (cəmi 10 gün) qəbul sexlərinə təhvil vermək üçün digər avtomobillərə çəkdiyi 400 manat (10*40=400) daşıma xərci qədər, cəmi 1200 manat maddi ziyan dəymişdir. Bundan başqa 20 gün ərzində avtomobilinin duracaqda qalmasına görə 30 manat 30 qəpik miqdarında duracağa haqq ödəmişdir. Təhqiqat və istintaq dövründə o, tez-tez Bakıdan Sumqayıta çağrıldığına görə cinayət işi başlanandan təxminən bir həftə sonra o, 8-ci km bazarının yanında icarəyə götürdüyü yeri işlədib qazanc əldə edə bilmədiyinə və icarə haqqını da ödəyə bilmədiyinə görə təhvil vermişdir. Bildirmişdir ki, əgər o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalmasaydı, normal halda həmin icarəyə götürdüyü yerdə yuxarıda göstərdiyi işlə məşğul olsaydı hər bir gün üçün orta hesabla 15 manat mənfəət (icarə haqqından başqa) əldə edə bilərdi. Hər ay 450 manat olmaqla həmin yeri təhvil verən tarixdən (xx.xx.2017) cinayət işinə xitam verilən tarixədək (xx.xx.2018) olan 7 ay ərzində 3150 manat mənfəət itirmişdir. Bundan başqa, hüquqlarının müdafiəsi üçün rabitə (poçt, teleqram, telefon) və s. xərcləri və hüquqi yardım kimi cəm olaraq 790 manat miqdarında xərc çəkmişdir. Avtomaşının Adilin sexinin həyətindən götürüldüyü gündən (xx.xx.2017) barəsində başlanmış cinayət işinə xitam verilməsi haqqında qərarın Sumqayıt ŞPİ-nin İŞ-dən götürdüyü günədək, iş-gücünü ataraq 26 dəfə Bakıdan Sumqayıta getmiş və hər dəfə eyni şəxsə, Həziyev Rafiqə məxsus “Mercedes E-280” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmişdir. Nəqliyyat xərci kimi cəmi olaraq 1602 manat (26 x (27 manat yanacaq + 15 manat yemək və s. xərci) + 510 manat təmir və ehtiyyat hissə xərci) xərcləyərək maddi ziyan çəkmişdir. Qanunsuz olaraq istintaqa cəlb edildiyindən güclü psixoloji sarsıntı (stress) keçirmiş və müayinə-müaicə olunması üçün xeyli xərc çəkmişdir. Ürəyində problemlər yaranmışdır. Səhhəti ilə bağlı indi də müalicəsi üçün xeyli vəsait tələb olunur. Qohumlar, tanışlar və onu tanıyanlar arasında haqqında mənfi fikrin formalaşması nəticəsində mənəvi cəhətdən sarsılmış, nüfuzu aşağı düşmüşdür, hamı ondan qaçır. Beləliklə, Sumqayıt ŞPİ İS-nin və 3-cü PB-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona aşağıda göstərilən qədər maddi, mənəvi və fiziki-psixoloji ziyan dəymişdir: maddi ziyan (itirilmiş mənfəət) 800+3150=3950 manat; maddi ziyan (hüquqi yardım xərci və əlavə çəkilən xərclər) 790+400+30,3+1602=2822,3 manat; mənəvi ziyan (7 ay ərzində hər aya 2000 manat olmaqla), 14000 manat; fiziki-psixoloji sarsıntı ilə bağlı ziyan 10000 manat. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin, üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğun nümayəndələri, Mehdi Məmmədov və Mehman Vəliyev məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə barəsində cinayət işinin başlanmasını və həmin maddə ilə cinayət təqibi aparılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə 3.950 manat itirilmiş mənfəətin, 2822,3 manat çəkilən xərcin, cəmi 6.772,3 manat maddi ziyanın, 14.000 manat mənəvi ziyanın və 10.000 manat fizikipsixoloji sarsıntıya görə ziyanın, ümumlikdə 30.772.3 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Həmçinin, iddiaçının əhalidən polietilen tullantı qəbul etməsi məşğul olmasını, həmin fəaliyyəti icra edən zaman hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia ərizəsində qeyd edilən bu faktları təsdiq edən sənədlər olmadığından iddia olunan “əldən çıxmış mənfəətin” də hesablanması və buna dair rəy verilməsi mümkün deyil. Məhkəmə iddia ərizəsini, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, İddiaçı barəsində seçilmiş xx.xx.2017-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmiş, sonradan İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində həmin maddə ilə açılmış cinayət işinə xitam verilməklə, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan (“polisin nəzarəti altına vermə”) seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində xx.xx.2017-ci il tarixində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xx.xx.2018-ci il tarixinədək (01 il 03 ay 05 gün) qüvvədə qalmışdır. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 300 manat hesablanmaqla 4500 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “3950 manat itirilmiş mənfəətin (800 manat - maşının qeyriqanuni duracaqda qalmasına görə və 3150 manat - icarəyə götürdüyü yeri işlədə bilməyərək itirdiyi mənfəətə görə), 2822,3 manat çəkilən xərcin (790 manat - hüquqi yardım, rabitə və s. üçün ödənilən xərc, 400 manat - maşını duracaqda olduğuna görə polietilen tullantı mallarının daşınması üçün əlavə nəqliyyat xərci, 30,3 manat - duracağa ödənilən haqq, 1602 manat - 26 dəfə onu Sumqayıta aparıb-gətirdiyi üçün Həziyev Rafiqə çəkilən xərc), cəmi 6772,3 manat maddi ziyanın” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 15 ay müddətində istintaqa cəlb edilməklə barəsində 178.2.4-cü maddəsi ilə cinayət işi açılsa da, həmin müddət ərzində o, azadlıqdan məhrum edilməmiş barəsində yalnız “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 165.1-ci maddəsinə əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyinə əsasən, barəsində başqa yerə getməmək haqqında iltizam seçilmiş şəxsə iş fəaliyyəti ilə məşğul olmasına hər hansı maneə göstərilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Eyni zamanda Sumqayıt şəhər Pİ-nin İŞ-nin xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin istintaqı zamanı İddiaçı məxsus “Qazel” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin polietilen boru sexinin rəhbəri X3 tərəfindən əlindən alınaraq sexin həyətində saxlamaqla ona qarşı özbaşınalıq etməsi xüsusalı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 322-ci maddəsində özbaşnalıq, yəni qanunla və ya digər normativ hüquqi akta müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin mühüm ziyan vurmaqla özbaşına törədilməsi nəzərdə tutulmuşdur. İddiaçı ərizə və ifadəsində çəkdirdikdən sonra evakuatorla gətirib Adil Baxışova məxsus sexin həyətində saxlamasını qeyd etmişdir, bundan başqa əgər İddiaçı məxsus yük avtomobilini Adil Baxışov özbaşnalıq edərək əlindən alıb sexin həyərində saxlamış olsaydı, yagin ki, Adil Baxışov avtomobilin açarlarını və sənədlərini də İddiaçı əlindən alardı . Lakin cinayət işində olan ifadələrdən görünür ki, avtomobil sexin həyətində saxlanılarkən avtomobilin açarları və sənədləri İddiaçı qalmışdır. Bundan əlavə iddiaçının dəlillərinin sübutu kimi təqdim etdiyi DİN BDYPİ “Siqnal” İLİİ Birdəfəlik dayanacaq haqqı qəbzinin hansı əsaslarla(protokol və s.) tərtib edildiyinə dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə iddiaçının “QAZ” 330213" markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilinin 20 gün duracaqda qalması nəticəsində onun bu müddət ərzində mənfəət əldə edə bilməməsi, eyni zamanda müxtəlif xərclərə məruz qalması öz təsdiqini tapmamış, buna dair sübutlar təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “10000 manat fiziki-psixoloji sarsıntıya görə ziyanın tutulması” hissəsinə münsibətdə qeyd edir ki, bu tələb də mənəvi ziyana aid edildiyindən, ona dair ayrıca tələb verilməsinin doğru olmaması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 4500 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 4500 manat ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar