Məhkəmə qərarları › İş №2(006)-1807/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1807/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1807/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil Məhəmmədamin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyan kimi (buraya tələb edilən pul, kirayə haqqı, rüsum və ekspertiza xərci kimi ödənilən pul və mənəvi zərər daxildir) 36.370 manat, mənəvi ziyan kimi isə 3.000 manat olmaqla, ümumilikdə 39.370 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 30.250 manat pul vəsaiti, 250 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə «Beşmərtəbə» ərazisində yerləşən kafedə tanış olmuşlar. Dəfələrlə müştəri kimi gəlib Mahmud ona özünün böyük tikinti şirkətinin rəhbəri olduğunu bildirmişdir. Tanışlardan kiminsə təmirə ehtiyacı olarsa, kömək edəcəyini demişdir. Yasamal rayonu Həsən bəy Zərdabi prospekti ev 74 mənzil 99 ünvanda yerləşən mənzilini təmir etmək qərarına gəlmişdir. Cavabdehlə birlikdə təmir ediləcək mənzilə gəlmişlər, baxış keçirmişlər. Razılaşmışlar. O, cavabdehə ayrı-ayrı vaxtlarda, qısa müddət ərzində 36.800 manat pul vermişdir. Bir qismini əlbəəl, bir qismini də kart hesabı ilə ödəmə etmişdir. Cavabdeh isə mənzildə demək olar ki, bu pulun müqabilində heç bir əsaslı iş görməmişdir. Əksinə təmir işi apararkən binanı qəzalı vəziyyətə salmışdır. Özü ilə dəfələrlə söhbəti olsa da, nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalıb polisə müraciət etmişdir. Araşdırma aparılmışdır. Cavabdeh 30.000 manat pul aldığını etiraf etmiş və bildirmişdir ki, guya ki, pulları təmirə xərcləmişdir. Araşdırma zamanı məhkəmə tikinti texniki ekspertizası keçirilmişdir. Görülən işlərin ümumu dəyərinin 5.550 manat olması barədə rəy verilmişdir. Bir daha qeyd edir ki, o, cavabdehə 36.800 manat pul ödəmişdir. 6.800 manatın cavabdehə verilməsini təsdiq edən yazışmaları və digər sübutları məhkəməyə təqdim edəcək. Bundan əlavə xeyli müddətdir ki, cavabdehin təqsiri ucbatından kirayədə qalır. Halbuki cavabdeh ona qısa müddətdə mənzilin təmirini başa çatdıracağını demişdir. Bir ilə yaxındır ki, kirayədə qalır. Hər ay 530 manat kirayə haqqı ödəyir. 9 ay üçün bu məbləğ 4.770 manat təşkil edir. Bu pulu da hüquqi baxımdan cavabdeh ona ödəməlidir. Mülki qanunvericilikdə də bu hal nəzərdə tutulmuşdur. Qeyd edir ki, bir ilə yaxındır ki, əsəb və sarsıntılar keçirir. Bu halı sözlə ifadə etmək çətindir. Cavabdeh həm də ona dəymiş mənəvi ziyanı ödəməlidir. Mənəvi zərərin məbləğini 3.000 manat hesab edir. Bundan başqa onun tərəfindən iddia ərizəsinin verilməsi üçün 250 manat dövlət rüsumu ödənilmişdir. 100 manat da ekspertiza xərci ödəmişdir. Bu pullar da cavabdehdən alınıb ona verilməlidir. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3514/2023 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(006)-1807/2024 saylı qərardadı ilə cavabdehin qiyabi qətnamənin ləğvi haqqında ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası MPM-nin 249-cu maddəsinə əsasən qiyabi qətnamə ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılmağa təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat Verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil Məhəmmədamin oğlu məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, iddia ərizəsini əsassız sayır. Belə ki, iddiaçının məhkəməyə verdiyi iddia ərizəsi ilə, Yasamal RPİ-yə verdiyi ərizədə ziddiyətlər mövcuddur, iddia ərizəsində cavabdehi çoxdan tanıdığını və özünə məxsus kafedə müştərisi olduğunu bildirdiyi halda, polis orqanına verdiyi ərizədə təsadüfən internet vasitəsi ilə tanış olmasını bildirərək ona qarşı dələduzluq etdiyini iddia edir. Həmçinin cavabdeh tərəf kimi onlarda olan məlumata əsasən İddiaçı Yasamal RPİ-yə bir neçə dəfə müraciət edib və ərizələrində ona dəymiş maddi ziyana dair fərqli rəqəmlər göstərmişdir. Həmçinin, iddiaçının təşşəbüsu və müraciətinə əsasən «X3» MMC tərəfindən xx.xx.2022ci il tarixdə keçirilmiş ekspertizanın rəyində Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə H.B.Zərdabi prospekti 74 ünvanda yerləşən yaşayış binasının 14 -cü mərtəbəsində olan 3 otaqlı 99 saylı mənzilində görülmüş təmir-tikinti işlərinin orta bazar dəyəri – 15.890 manat təşkil etdiyi qeyd edilmişdir. Yasamal RPİ-nin müstəntiqi Valeh Nəbiyevin müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın rəyinə əsasən qeyd olunan ünvanda görülmüş yenidənqurma və təmir işlərinin təqribi dəyəri – 5.550 manat olduğu bildirilmişdir. Eyni mənzildə keçirilmiş iki ekspertizanın rəylərində üç dəfəyə yaxın bir fərqin olması və birinci ekspertiza rəyinin məhkəməyə iddiaçı tərəfindən təqdim edilməməsi şübhə yaradır və belə bir rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin hər iki ekspertiza rəyində mənzilin təmiri üçün alınmış, lakin istifadə olunmamış çoxlu sayda materialın alət və avadanlığın dəyəri nəzərə alınmamışdır. İddiaçı Yasamal RPİ-yə ərizə ilə müraciət edərkən cavabdehlə təmir işlərinin ümumi dəyərinin 53.600 manat olduğunu və təmir işlərinin onun təşəbüsü ilə dayandırılmasını qeyd etmişdir, lakin iddia ərizəsində bunlar göstərməmişdir. Cavabdeh işin Yasamal RPİ-də araşdırıldığı dönəmində də, hal hazırda da əvvəlcədən razılaşdırılmış qiymətə təmiri yekunlaşdırmağı təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaya etirazın məzmunu ilə razıdır, əlavəsi yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil Məhəmmədamin oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, dizaynerdir. Sözügedən evin layihəsi üzərində çalışmışdır. Layihə onun tərəfindən hazırlandığı üçün görüləcək işlər, bu işlərin görülməsi üçün tələb olunan materiallar onun tərəfindən müəyyən edildiyindən, bütün işlərdən məlumatlı olmuşdur. Təmir işlərinin aparılmasında heç bir problem olmamışdır. Sadəcə tərəflər arasında mübahisə yarandığı üçün bu işlər yarımçıq qalmışdır. Bütün işlərin görülməsinə, ustalara özü nəzarət etmişdir. Elektrikə materialın alınması üçün 2.500 manat, xidmət haqqı qismində isə 1.100 manat ödəniş edilmişdir. Söküntü işlərinə görə 3.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Malyar işlərinə görə 2.000 manat, material üçün isə 1.000 manat, styaşka işinə görə 500 manat, bu işləri görən ustaya 500 manat, santexnikə materialın alınması üçün 3.000 manat, xidmət haqqına görə isə 1.200 manat, daşınma işlərinə görə 800 manat, yük qaldırma işlərinə görə 1.200 manat, işlərin görülməsi üçün əvvəlcədən alınmış ləvazimatlara görə isə 2.000 manat məbləğində vəsait xərclənmişdir. Onu da qeyd edir ki, mənzildə artıq işlərin yarısı görülmüşdür. İşlər görüldükcə o, mənzilə baş çəkmişdir. Məhkəmə tərəflərin, onların nümayəndə və vəkillərinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İş materiallarına əlavə olunmuş Yasamal RPİ İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı V.M.Nəbiyevin 08 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 7 saylı evin 119 saylı mənzilində qeydiyyatda olan və yaşayan İddiaçı 25 oktyabr 2022-ci il tarixdə Yasamal RPİ-yə ərizə ilə müraciət edərək, 23 iyun 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək olan müddətdə Bakı şəhəri Yasamal rayon ərazisində sosial şəbəkədən online olaraq tanıdığı Cavabdeh onun etibarından sui-istifadə edərək mənzili təmir etmək adı ilə 35.800 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş və Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Toplanmış material araşdırılaraq tərəflərin izahatları alınmış, ekspert rəyi əldə olunmuş, həmin material üzrə cinayət təqibinin başlanması rədd edilmiş və şikayətçi İddiaçı iddiası ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçıdan mənzilin təmiri ilə əlaqədar 34.800 manat pul vəsaiti almışdır. Cinayət təqibinin aparılması zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/942 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə H.B.Zərdabi prospekti 74 saylı evin 99 saylı mənzilində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 5.550 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmiş, həmin vəsait iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş «X3» MMC-nin xx.xx.2022-ci il tarixli 188 saylı rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqatlar nəticəsində, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə H.B.Zərdabi prospekti 74 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş, «A» yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, 138,95 m2 sahəsi olan, 3 otaqlı, 99 saylı mənzildə görülmüş təmir-tikinti işlərinə (ustanın əmək haqqı və sərf edilən materialın qiyməti) çəkilən xərcin orta bazar dəyəri – 15.890 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ********* saylı kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən iddiaçının mənzilində quraşdırılması üçün MDV Narcord-dan 4.000 manat dəyərində kondisioner alınmışdır. Məhkəmə tərəfindən mülki işə ədalətli şəkildə baxılaraq hüquqi qiymət verilməsi, lakin iddiaçıya məxsus mənzildə görülmüş işlərin real həcminin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə H.B.Zərdabi prospekti 74 saylı evin 99 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin (ustaların əmək haqqı, sərf edilən və mənzildə qalan materialın qiyməti) təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 9.734,25 manat məbləğində olduğu müəyyən edilir. Materialın daşınması (nəqliyyat və yük qaldırıcı) xərclərinin dəyəri təqribən 700 manat məbləğində olduğu müəyyən edilir. Təmir üçün alınmış, lakin istifadə olunmadan saxlanılmış materialların təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 189,75 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə avadanlıqlar olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş və tərəflərin də təsdiq etdikləri mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında iddiaçıya məxsus mənzildə təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar razılıq əldə edilmiş və əldə edilmiş razılığa görə hər bir tərəf müəyyən öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Tərəflərdən Cavabdeh öhdəliyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanda yerləşən mənzildə razılaşdırılmış təmir işlərini görsün, iddiaçı isə görülən işlərin əvəzini ödəsin. Mənzildə görüləcək işlərin dəyərini tərəflər 53.600 manat məbləğində razılaşdırmışlar. Sözügedən mənzildə təmir işlərinə başlansa da, görülmüş işlər razılığa uyğun həyata keçirilmədiyindən, iddiaçı öncə hüquq mühafizə orqanlarına, ardınca mübahisənin mülki xarakterli olması əsası ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının məhkəməyə müraciət edərkən irəli sürmüş olduğu tələbi işlərin görülməsi ilə əlaqədar cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılmasından ibarət olmuşdur. İddiaçının bildirdiyinə görə ayrı-ayrı vaxtlarda tərəfindən cavabdehə 35.800 manat məbləğində ödəniş edilmiş, lakin edilmiş ödənişin müqabilində razılaşdırılmış işlər yerinə yetirilməmişdir. İddiaçının tələbinin tam əksinə cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbi ilə razı olmamasını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Bununla da məhkəmənin qənaətinə görə tərəflərdən hər birinin barəsində fərqli dəlil irəli sürdüyü və işin mübahisə edilən halına çevrilmiş əsas məqam məhz mənzildə görülmüş işlərin dəyərinin və həmin işlərin görülməsi ilə əlaqədar iddiaçı tərəfindən təmir işləri aparan cavabdehə edilmiş ödənişlərin miqdarının müəyyən edilməsindən ibarətdir. Məhkəmə işdə olan hər bir dəlilə - cavabdehin iddia tələbinə münasibətdə ünvanladığı etiraz ərizəsinə, tərəflərdən hər birinin verdiyi izahatlara, sözügedən şəxslər arasında aparılmış “WhatsApp” yazışmalarına, ekspert rəylərinə və şahid ifadəsinə mərhələli şəkildə münasibət bildirərək, gəlmiş olduğu mövqeyini əsaslandırmağı zəruri hesab edir. İlkin olaraq iddia tələbinə qarşı cavabdehin ünvanlamış olduğu etiraz ərizəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh iddiaya etiraz etmiş olsa da, hansı əsaslara görə iddia tələbi ilə razı olmamasını, görülmüş işlərinin dəyərinin nə qədər təşkil etməsi ilə bağlı mövqeyini bildirməmiş, yalnız iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər bir hüquqi qiymət verilməli olan hal tərəflərin vermiş olduğu izahatlarıdır. İddiaçı irəli sürmüş olduğu tələbə uyğun izahat verərək, cavabdehə ödəmiş olduğu məbləğin geri qaytarılmasını xahiş etsə də, iddiaçıdan fərqli olaraq cavabdeh ona ödənilmiş olan vəsaitin miqdarına dair müxtəlif məzmunda izahatlar vermişdir. Belə ki, iddiaçının ilkin müraciəti əsasında tərəflər arasında yaranmış mübahisə üzrə cinayət təqibinin aparılması zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh ona ümumilikdə 30.000 manat məbləğində vəsaitin verildiyini, ardınca isə mülki işə məhkəmədə baxılması zamanı iştirak etdiyi 12 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında sözügedən məbləğin 25.000 manat təşkil etdiyini bildirmiş, bununla da bir-birinə zidd məzmunda izahat vermişdir. Cavabdehin izahat verərkən səmimi olmaması isə həmin izahatların sübut kimi qəbul edilməsini mümkünsüz hala çevirmişdir. İşdə olan ekspert rəylərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, mənzildə aparılmış işlərinin dəyərinin müəyyən edilməsindən ötrü bir neçə dəfə ekspertiza keçirilmişdir. Belə ki, cinayət təqibinin həyata keçirilməsi zamanı aparılmış ekspertiza nəticəsində Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə H.B.Zərdabi prospekti 74 saylı evin 99 saylı mənzilində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 5.550 manat, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş «X3» MMC-nin xx.xx.2022-ci il tarixli 188 saylı rəyində sözügedən mənzildə görülmüş təmir-tikinti işlərinə (ustanın əmək haqqı və sərf edilən materialın qiyməti) çəkilən xərcin orta bazar dəyəri – 15.890 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyləri, daha dəqiq desək ekspertlər tərəfindən alınmış məbləğlər arasında kəskin fərqin olması əsası ilə iş üzrə ekspertizanın təyin edilməsini və bununla da aparılmış işlərinin dəyərinin müəyyən edilməsini zəruri hesab etmiş, nəticədə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi daxil olmuşdur. Həmin rəyə baxış keçirdikdə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə H.B.Zərdabi prospekti 74 saylı evin 99 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin (ustaların əmək haqqı, sərf edilən və mənzildə qalan materialın qiyməti) təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 9.734,25 manat, materialın daşınması (nəqliyyat və yük qaldırıcı) xərclərinin dəyəri təqribən 700 manat, təmir üçün alınmış, lakin istifadə olunmadan saxlanılmış materialların təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 189,75 manat təşkil edir. Məhkəmə təqdim edilmiş ekspert rəyinə münasibətdə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, əksinə sözügedən rəydə əks olunmuş məbləğlər digər rəylərdə olan məbləğlərlə müqayisədə daha inandırıcı olmaqla, real bazar qiymətlənirə daha uyğun gəldiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyinə münasibət bildirdikdən sonra məhkəmə vurğulayır ki, digər bir mübahisəli hal mənzildə kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilməsi üçün ödənilmiş vəsaitlə bağlıdır. Belə ki, iddiaçının bildirdiyinə görə həmin işlərin görülməsi ilə bağlı tərəfindən 4.800 manat məbləğində cavabdehə vəsait ödənilmiş, lakin cavabdeh tərəfindən bu hal inkar edilmişdir. Tərəflər arasında aparılmış “WhatsApp” yazışmaları (mülki işin 35-36 səhifələri) ilə müəyyən olunur ki, yazışmalar mənzildə görülmüş işlərlə yanaşı həmin işlərə görə iddiaçı tərəfindən edilmiş ödənişlər haqqında məlumatları da özündə əks etdirmişdir. Belə ki, həmin yazışmalarla müəyyən edilir ki, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 30.000 manat məbləğində ödəniş edilməsindən sonra kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilişi ilə bağlı əlavə olaraq 4.800 manat məbləğində ödəniş edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edildiyi kimi, material üzrə digər şəxslərlə yanaşı X4 adlı şəxsin də izahatı alınmışdır. Həmin şəxsin izahatına görə o, "xxxx" MMC-də təchizat bölməsində rəhbər vəzifəsində çalışmaqla, şirkət olaraq xarici ölkələrdən müxtəlif çeşiddə olan kondisionerlərin alışı və həmin kondisionerlərin respublika üzrə fiziki və hüquqi şəxslərə aid kondisionerlərin quraşdırılması, təmiri və boru xətlərinin çəkilməsi ilə məşğuldurlar. Cavabdeh müraciəti əsasında Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanda yerləşən mənzildə kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilməsinə dair sifariş alınmış, görüləcək işlərin dəyəri ümumilikdə 6.928,50 manat məbləğində qiymətləndirilmiş və Cavabdeh tərəfindən onlara 3.966 manat məbləğində ödəniş edilməklə, qalıq qalmış məbləğin işlər yekunlaşdıqda ödəniləcəyinə dair aralarında razılıq əldə edilmişdir. Tərəflərindən Cavabdeh 3.966 manat məbləğində vəsaitin alınmasına baxmayaraq, icra etmiş olduqları işin dəyərinin 2.237 manat təşkil etdiyi və qalıq qalmış 1.729 manat məbləğində vəsaiti qaytarmağa hazır olduqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, mənzildə kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilişi ilə bağlı iddiaçı tərəfindən 4.800 manat məbləğində vəsait cavabdehə ödənilmiş olsa da, cavabdeh alınmış puldan 3966 manatını şirkətə ödəmişdir. Şirkət isə həmin işlərin bir qismini, 2.237 manat dəyərində icra etdiyini, qalıq qalmış 1.729 manatı isə geri ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmənin qənaətinə görə nə qədər ki, kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilişi ilə bağlı müqavilə münasibətləri məhz şirkətlə Cavabdeh arasında yaranmışdır, iddiaçı bu işlərin görülməsində müqavilə tərəfi olmadığı üçün ödəmiş olduğu 4.800 manat vəsaiti məhz cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Həmin işlərin görülməsi üçün müqavilə münasibətləri yaratmış cavabdehə isə icra edilməmiş işlərin dəyərinin şirkətdən tələb etmək hüququnun istisna olunmadığı bildirilərək, məhkəməyə müraciət etmək hüququnun olması ayrıca diqqətinə çatdırılmalıdır. Qiymət verilməli olan hallardan biri də şahid ifadəsidir. Şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfdən şahid qismində dindirilmiş X2 ifadəsini sübut kimi qiymətləndirmir. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, iş üzrə şahid Ləman Əsgərovanın ifadəsi işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin şahidin ifadəsi, əgər ifadəsi ilə bağlı mötəbər sübut təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfin şahidinin ifadəsi yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 250 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda sadalanmış işin hallarına məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, işdə olan sübutlar onu deməyə əsas verir ki, iddiaçının tələbi qismən təmin edilməli, cavabdehə ödənilmiş, lakin tam şəkildə yerinə yetirilməmiş işlərə görə qalıq qalmış 19.376 manat, mənzildə kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilməsi üçün ödənilmiş 4.800 manat olmaqla, cəmi 24.176 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumuna gəldikdə isə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 154 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24.176 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 154 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24.176 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 154 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar