Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1828/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı icra qeydin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən Cavabdeh1 xeyrinə aparılan xx.xx.2024-cü il tarixli. 8İ- 27510 reyestr nömrəli icra qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı (bundan sonra “Borc alan") ilə Cavabdeh1 (bundan sonra "Borc verən”) arasında Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2024- cü il tarixli borc müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, 1. “Borc verən" “Borc alana” 18195 manat 00 qəpik (on səkkiz min yüz doxsan beş manat sıfır qəpik) məbləğində pul borc verir. 2. “Borc alan” borcu xx.xx.2024-cü il tarixdən etibarən 18 ay ərzində hər ay 1000 (min) manat, 19-cu ay 195 manat olmaqla xx.xx.2025 tarixi nədək "Borc verənə” qaytarmağı öhdəsinə götürür. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2024-cü il tarixli. 8İ-27510 reyestr nörməli icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən, “Cavabdeh1 xeyrinə olan İddiaçı xx.xx.2025-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 18195 manat 00 qəpik (on səkkiz min yüz doxsan beş manat sıfır qəpik) pul tutulması” qeyd edilmişdir. Nəzərə çatdırır ki, xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə nəzərdə tutulmuş bütün ödənişlər İddiaçı tərəfindən tam və vaxtında həyata keçirilmişdir. Buna baxmayaraq, Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən sanki borc məbləğləri ödənilməmiş kimi, Cavabdeh1 xeyrinə aparılan xx.xx.2024-cü il tarixli, 8İ-27510 reyestr nömrəli icra qeydi aparılmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Ofisinin notariusu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 18.000 manata dair borc müqaviləsi bağlamışlar. Bu günə kimi 13.000 manat pul ödəməli idi. 4.800 manat ödəniş edib. İcraya müraciət etmişdir. Ondan sonra əlavə 509 manat ödəniş etmişdir. İddiaçının ona 12886 manat borcu qalıb. İcra qeydinin ləğv olunmasını istəmir. Ləğv olunsa iddiaçı borcu yenə ödəməyəcək. Son ödənişi avqust ayında etmişdir. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli borc müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, 1. “Borc verən" “Borc alana” 18195 manat 00 qəpik (on səkkiz min yüz doxsan beş manat sıfır qəpik) məbləğində pul borc verir.
2. “Borc alan” borcu xx.xx.2024-cü il tarixdən etibarən 18 ay ərzində hər ay 1000 (min) manat, 19-cu ay 195 manat olmaqla xx.xx.2025 tarixinədək "Borc verənə” qaytarmağı öhdəsinə götürür. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2024-cü il tarixli. 8İ-27510 reyestr nörməli icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən, “Cavabdeh1 xeyrinə olan İddiaçı xx.xx.2025-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 18195 manat 00 qəpik (on səkkiz min yüz doxsan beş manat sıfır qəpik) pul tutulsun. ”qeyd edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 2000, 500, 500, 1000, 800 və 509 manat olmaqla, ümumilikdə 5309 manat pul ödənilmişdir.
Tətbiq edilən hüquq: “Notariat haqqında” Qanun Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən, “Borc verən" “Borc alana” 18195 manat 00 qəpik (on səkkiz min yüz doxsan beş manat sıfır qəpik) məbləğində pul borc verilmiş, “Borc alan” borcu xx.xx.2024-cü il tarixdən etibarən 18 ay ərzində hər ay 1000 (min) manat, 19-cu ay 195 manat olmaqla xx.xx.2025 tarixinədək "Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə əsasında Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2024cü il tarixli 8İ-27510 reyestr nörməli icra qeydi verilmiş və həmin icra qeydi əsasında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Hazırda İddiaçı Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, borcunu tam şəkildə və vaxtında ödəməyinə baxmayaraq, Cavabdeh1 xeyrinə icra qeydi aparılmışdır. Məhməkə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri olmuş, iddiaçı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdən etibarən 18 ay ərzində hər ay 1000 (min) manat, sonuncu ay isə 195 manat olmaqla xx.xx.2025 tarixinədək borcu ödəməyi öhdəsinə götürsə də, təqdim olunmuş qəbzlərdən, habelə cavabdehin ödəniş cədvəlindən göründüyü kimi, o, ayrı-ayrı vaxtlarda 2000, 500, 500, 1000, 800 və 509 manat olmaqla, ümumilikdə 5309 manat pul ödəmişdir. Digər ödənişlərlə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan tələb olunan borc məbləği mübahisəsiz olmuş və cavabdeh həmin borc üzrə icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etməkdə haqlı olmuşdur. Baxılan iş üzrə iddiaçıya borc məbləği üzrə notarius tərəfindən icra qeydinin aparılacağına dair xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə xx.xx.2024cü il tarixdə təqdim olunmuşdur ki, belə olan halda Qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, “bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-27510 nömrəli notariat işinin materiallarına əsasən tələbkar tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, notarius qanunvericiliyin tələbinə uyğun olaraq icra qeydinin verilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı icra qeydin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 145 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı icra qeydin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 145 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva