Məhkəmə qərarları › İş №2(006)-1835/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1835/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1835/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Adi qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduğu maddi zərərə görə 650 (altı yüz əlli) manat, mənəvi zərərə görə isə 3000 (üç min) manat, rüsum 57 (əlli yeddi) manat olmaqla, cəmi 3707 (üç min yeddi yüz yeddi) manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun başında ağrılar olduğuna görə 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi 15 ünvanında yerləşən Avrasiya Klinikasının həkimi Cavabdeh müraciət etməli oldu. Cavabdeh tərəfindən o, müayinədən keçirildikdən sonra səhhətinin düzələcəyini vəd etdi. Həkim Cavabdeh göstərişinə əsasən Avrasiya Hospitalda xx.xx.2022-ci il tarixdə Kranal MRT-dən, xx.xx.2022-ci il tarixdə elektroensefaloqrafiyadan keçdi. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ona müalicə təyin olundu. Dərmanları alıb bir ay müddətində qəbul etməyinə (təyin olunan sistemə və iynələr həkimin göstərişinə əsasən Avrasiya Klinikasında vurulmuşdur) baxmayaraq başında olan ağrılar keçmədi. Bununla bağlı olaraq həkimə müraciət etdikdə həkim cavab vermədi, köməkçisi bildirdi ki, siz bir ay deyil 15 gündən sonra əlaqə saxlamalı idiniz. Köməkçisinə müalicənin heç bir əhəmiyyətinin olmadığını, ağrıların davam etdiyini bildirdikdə isə, o, həkimin göstərişi əsasında yeni təyinat verərək “Klodifen neyro” dərmanını almağını və 20 gün müddətində gündə bir dəfə qəbul etməyini məsləhət bildi və bu dərmanı qəbul etdikdən sonra ağrılar keçəcəkdir dedi. Dərmanı aldıqdan sonra araşdırma apardıqda məlum oldu ki, “Klodifen neyro” dərmanı insanı keyləşdirmək xüsusiyyətinə malikdir və psixi xəstə olan insanlar tərəfindən qəbul edilir. Göstərilənləri nəzərə alaraq həmin dərmanı qəbul etmədi. Həkim Cavabdeh müraciət etdikdə telenfonlara cavab vermir, köməkçisi ilə əlaqə saxlanıldıqda isə yenə də əlavə olaraq həkimin qəbuluna düşmək üçün 70 manat pulun ödənilməsini tələb etmişdir. Avrasiya Klinikasının həkimi Cavabdeh müraciət etməyi, qəbulunda olmağı, onun göstərişləri əsasında heç bir zərurət olmadan müayinələrdən keçməyi, lazımsız dərmanları onun təyinatı əsasında alaraq qəbul etməyi nəticəsində ona həm maddi, həm də ki, mənəvi zərər vurulmuşdur. Belə Cavabdeh göstərişi əsasında müxtəlif müayinələrdən keçməyi, dərmanlara ödədiyi pulların cəmi olaraq ona 650 manat maddi zərər vurulmuş, iki ay müddətində vaxtını aldığına, dəfələrlə xəstəxanaya apardıraraq vaxtını aldığına, sağalacağını vəd edərək sonra onu ağrılar içəricində buraxdığına görə ona təxminən 3.000 manat mənəvi zərər vurulmuşdur. İddia qaldıraraq maddi və mənəvi zərəri tələb etməkdə məqsədi Avrasiya Klinikasının, o cümlədən orada həkim işləyən Cavabdeh Azərbaycan vətəndaşlarını necə aldatmasını sübut etmək, başqa insanların başına bu oyunların gətirilməsinin qarşısını almaqdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı dilə gətirdiklərini sübuta yetirə bilmir. Hec bir sənəd, sübut yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -İddiaçı məxsus Uzm.Dr.Ağakişi Yəhyayev və Rad.Dr.İlahə Dadaşova tərəfindən verilən xx.xx.2022-ci il tarixli diaqnostika netice hesabatından görünür ki, baş beyin yarımkürələrində patolojik həcmli dəyişikliklər izlənilmir. -"xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 7938№-li satış çekindən görünür ki, beyin MRT-si üçün 140 manat məbləğində pul ödənilmişdir. -xx.xx.2022-ci il tarixli, Dr.Həsənova K. tərəfindən verilən "xxxx" MMC tərəfindən verilən İddiaçı məxsus elektroensefaloqrafiyadan görünür ki, zəmin ritm aşağı amplitulu alfa-beta aktivliklə təqdim olunub. Baş beyin qabığının bioelektrik aktivliyin qeyrimütəşəkkilliyi üstünlük təşkil edir. Fon yazıda ənsə-təpə paylarda sol hemisferaya aksentlə kəskin-dalğalı paroksizmlər qeydə alınır. Sınaqlarda artır. Ortadiensefal strukturların disfunksiyası. -xx.xx.2022-ci il tarixli, 62676№-li satış çekindən görünür ki, "xxxx" MMC-dən ümumilikdə 207.28 manat məbləğində dərman alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, İddiaçı baş ağrıları səbəbi ilə Avrasiya Hospitala müraciət etmiş, həkim, yəni hazırki iş üzrə Cavabdeh tərəfindən ona bir neçə dərman yazılmış, eyni zamanda iddiaçı başqa Hospitalda da olmuş və beyin MRT-sindən keçmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona yazılan dərmanların heç bir xeyrinin olmadığını, müalicəsinin səhv aparıldığını iddia edərək, hazırki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi dərman reseptlərinə və dərmanları aldığı satış çekinə münasibətdə qeyd edir ki, həmin sənədlər hazırki işin həlli üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz, çünki qeyd edilən dərmanıların qəbulu nəticəsində həqiqətən də iddiaçıya hər hansı maddi və ya mənəvi zərər vurulduğu və ya iddiaçıya zərər vurulmuşdursa belə, bunun cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində olması iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu da sübuta yetirə bilməmiş və həmçinin iddianın maddi tələb hissəsi rədd olunduğundan mənəvi tələb hissəsi də rədd olunmalıdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar