Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1842/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Tibb X1 Klinikasının nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Tibb X1 Klinikasına qarşı "müalicə xərcinin qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Tibb X1 Klinikasına qarşı "müalicə xərcinin qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2919-cu il tarixə kimi Azərbaycan Respublikası Tibb X1 Klinikasında “meqadolixokolan” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2019-cu ildə iddiaçının üzərində tibbi əməliyyatı müalicə həkimi professor X15 aparmışdır. İddiaçı əməliyyatın aparılması ilə əlaqədar klinikaya 2500 (iki min beş yüz) AZN, xəstəxanadan çıxanda palata pulu 350 ( üç yüz əlli) manat ödəmişdir. İddiaçı əməliyyatdan 3 gün sonra xəstəxanadan evə qayıtmış, özünü əvvəlki kimi pis hiss etmişdir. İddiaçı həkim X13 təkrar müraciət etmiş, o yenidən bağırsağın erroqrafiyasını çıxartmış, sonra dərmanlar yazmışdır. İddiaçı bütün bunlara baxmayaraq, özünü pis hiss etməyə başlamışdır. Məhz, bu səbəbdən iddiaçı M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etmiş, orada X7 onun üzərində təkrar tibbi - cərrahiyyə əməliyyatı aparmışdır. İddiaçı bir həftə ərzində stasionar müalicə olunmuşdur. Müəyyən olunmuşdur ki, iddiaçının üzərində aparılmış birinci əməliyyat uğursuz olmuşdur. Hazırda iddiaçı özünü yaxşı hiss edir, tam müalicə olunmuşdur. İddiaçı onun üzərində birinci tibbi əməliyat aparmış müalicə həkimi professor X13 bildirmişdir ki, onun tərəfindən aparılmış əməliyyat uğursuz olmuşdur. Bu səbəbdən də klinikaya ödəmiş olduğu 2850 manatın qaytarılmasını tələb etmişdir. Lakin həkim könüllü olaraq pulu iddiaçıya ödəməkdən imtina edir. Göstərilənlərə əsasən iddiaçının Azərbaycan Respublikası Tibb X1 Klinikasına ödəmiş olduğu 2500 (iki min beş yüz) AZN manat və palata haqqı olan 350 (üç yüz əlli) manat, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2880 (iki min səkkiz yüz səksən) manat pulun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Tibb X1 Klinikasının nümayəndəsi X14 iddia tələbinə etiraz edərək, əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarında olan tibbi sənədlərdən (TQS № 027 saylı stasionar xəstənin tibbi kartası, epikriz və s.) görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Tibb X1 Klinikasında “meqadolixokolon” diaqnozu qoyulmuş və cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmış, həmin tarixdəonun üzərində həkim E.K.Ağayev tərəfindən “laparoskopik subtotal kolektomiya, ileorektostomiya” əməliyyatı icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 xx.xx.2020-ci il tarixli, 184 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Tibb X1 Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2019- cu il tarixdə “Meqadolixokolon” diaqnozu ilə klinikaya daxil olmuşdur. İddiaçı klinikaya daxil olduqdan sonra aparılmış müvafiq laborator, instrumental müayinələrdən sonra ona “Meqadolixokolon. Xroniki qəbizlik’' diaqnozu təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2019-cu il tarixdə üzərində “Laparoskopik subtotal kolektomiya. İleorektostomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2019-cu il tarixdə evə yazılmışdır. İddiaçı aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Respublika Klinik Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2019-cu il tarixdə “Meqakolon” diaqnozu ilə xəstəxananın İİ cərrahiyyə şöbəsinə daxil olmuşdur. Müvafiq laborator, instrumental müayinələr aparılmış və xx.xx.2019-cu il tarixdə xəstənin üzərində “Total kolonektomiya, uc-uca ileorektoanaslomoz” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2019-cu il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı zamanı düz bağırsaq zonasını vizual olaraq tam görmək mümkün olmadığından, bu sonradan növbəti cərrahiyyə əməliyyatının icrasına gəlirib çıxartmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçının üzərində xx.xx.2019-cu il tarixdə Azərbaycan Tibb X1 Klinikasında əməliyyat keçirilmiş, əməliyyatdan sonra xəstədə əvvəlki ağrılar olduğu kimi qaldığından, o, yenidən başqa həkim tərəfindən əməliyyat olunmuşdur. Hazırda iddiaçı əvvəlki həkim E.K.Ağayev tərəfindən onun üzərində aparılmış “laparoskopik subtotal kolektomiya, ileorektostomiya” əməliyyatının yanlış aparıldığını əsas gətirərək, cavabdehdən ilkin əməliyyata görə ödənilmiş pulun əvəzini tələb edir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıda cərrahiyyə əməliyyatından sonrakı dövr fəsadsız keçmiş və o, xx.xx.2019-cu il tarixdə evə yazılmışdır. Həmçinin, İddiaçı təyin edilmiş müayinə və müalicələrin müəyyən edilmiş diaqnoza uyğun olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Beləliklə, iş materiallarından və ekspert rəyindən də görünür ki, İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı zamanı düz bağırsaq zonasını vizual olaraq tam görmək mümkün olmadığından, bu sonradan növbəti cərrahiyyə əməliyyatının icrasına gəlirib çıxartmışdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Tibb X1 Klinikasına qarşı "müalicə xərcinin qaytarılması tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Tibb X1 Klinikasına qarşı "müalicə xərcinin qaytarılması tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1842/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1842/2020
01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver