Məhkəmə qərarları › İş №2(006)-1851/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1851/2023

04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1851/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə cavabdehin əvəzinə ödənilən 9000 manat əsas borcun, ona vurulmuş maddi və mənəvi ziyana görə 5000 manat, cəmi 14000 (on dörd min) manat pul məbləğinin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü madəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı – hazırki iş üzrə Cavabdeh İddiaçı müraciət edərək, bankdan kredit götürmək istədiyini və bunun üçün zamin durmasını iddiaçıdan xahiş etmiş, alacağı krediti vaxtında ödəyəcəyini bildirmiş, iddiaçı da ona inanmışdır. "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, GTGK4359270A119 №-li kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik faiz dərəcəsi 28 % olmaqla, 15650 (on beş min altı yüz əlli) manat məbləğində kredit verilmiş, iddiaçı həmin kredit müqaviləsi üzrə zamin olmuşdur. Cavabdehin həmin vaxt qeyd edilən bankda krediti olmuş, ona yenidən kredit verərkən bank əvvəlki kredit borcunu aldığı kreditdən çıxmışdır. Cavabdeh krediti götürdükdən az müddət keçdikdən sonra əsassız olaraq banka krediti ödəməkdən yayınmış və bu səbəbdən bank əməkdaşları iddiaçını da narahat etməyə başlamışlar. Halbuki, kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, bu Müqaviləyə görə bank aşağıdakı şərtlərlə müştəriyə istehlak məqsədilə kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Ancaq cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq, götürdüyü kreditin ödənişindən imtina etmiş, bank əməkdaşlarının telefon zənglərinə cavab verməmiş və onlarla görüşməkdən yayınmışdır. İddiaçı dəfələrlə xahiş etməsinə baxmayaraq, cavabdeh kredit öhdəliyini yerinə yetirməmiş, müxtəlif bəhanələrlə iddiaçını sakitləşdirməyə çalışaraq pulu ödəyəcəyini bildirmişdir. Ancaq sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin elə əvvəlcədən məqsədi və niyyəti iddiaçını zamin qismində cəlb etməklə, krediti ödəməkdən yayınmaq olmuşdur. Hazırda cavabdeh iddiaçının telefon zənglərinə də cavab vermir. Cavabdehin götürdüyü kredit 557 manat məbləğində iddiaçının maaşından tutulur. Bundan əlavə, 2 ay bank iddiaçının aldığı maaşını tam tutaraq cavabdehin aldığı kreditə yönəltmişdir. İddiaçı həmin aylar tanışlarından borc alaraq yaşamışdır. İddiaçının heç yerdən əlavə qazancı yoxdur. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində iddiaçının maddi vəziyyəti son dərəcə ağırlaşmışdır. 2023-cü ilin mart ayına kimi cavabdehin əvəzinə iddiaçı banka 9000 manat kredit borcu ödəmişdir. Bundan əlavə cavabdeh iddiaçıya külli miqdarda ziyan da vurmuşdur. Cavabdehin əvəzinə zamin kimi iddiaçının kredit ödənişləri etməyi "xxxx" ASC tərəfindən verilmiş bank çıxarışı və qəbzlərlə də təsdiq olunur. Cavabdeh iddiaçının banka ödədiyi 9000 (doqquz min) manat əsas pul məbləğindən savayı, həm də bilərəkdən etdiyi qeyri-qanuni hərəkəti ilə 5000 (beş min) manat zərər vurmuşdur. Ona görə də cavabdehdən 9000 (doqquz min) manat ödənilmiş əsas pul məbləği, onun vurduğu zərərin əvəzi 5000 (beş min) manat, cəmi 14000 (on dörd min) manat pul məbləğinin iddiaçının xeyrinə tutulması və ona ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Eyni zamanda, cavabdehin iddiaçıya qarşı törətdiyi əməl dələduzqluq olduğuna görə məhkəmə həm də cavabdeh barəsində xüsusi qərardad da çıxarmalıdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh onun xeyrinə cavabdehin əvəzinə ödədiyi 11500 (on bir min beş yüz) manat əsas borc, iddiaçıya vurduğu mənəvi ziyana görə 2500 (iki min beş yüz) manat və ödədiyi dövlət rüsumunun əvəzi 132 (yüz otuz iki) manat, cəmi 14132 (on dörd min yüz otuz iki) manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü madəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC ilə müştəri Cavabdeh və zamin İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTGK4359270A119 №-li kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, həmin müqaviləyə görə bank tərəfindən müştəriyə gündəlik tələbat məqsədilə 48 ay müddətinə, illik faiz dərəcəsi 28 % olmaqla, 15650 (on beş min altı yüz əlli) manat məbləğində kredit verilmiş, kreditin istifadəsi ilə bağlı hesablar açılmış, müştəri isə həmin kreditdən istifadə etməyi və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi, zamin isə həmin öhdəliyin müştəri tərəfindən icra edilməməsi və lazımınca icra edilməməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin 3.1-3.2-ci bəndlərində qeyd edilmişdir ki, zamin bu müqavilə üzrə müştərinin bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində, habelə müqavilə üzrə öhdəliklər tam icra olunanadək zaminlik qüvvədə olacaqdır, yəni əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və zaminin öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində banka dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin müştəri ilə birgə qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 3.4-cü bəndinə görə, zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, bu müqavilə üzrə əsas və faiz borclar, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (silinə) bilər, o cümlədən hesablarındakı digər valyutada olan pul vəsaitləri bankın elan etdiyi məzənnəyə və tarif dərəcələrinə əsasən konvertasiya edilərək silinə bilər, habelə ödəniş intervalının əvvəlində bu müqavilə üzrə aylıq borclar tutula (silinə) bilər, borclar ödənilənədək zaminin bankda olan istənilən bank hesabında olan pul vəsaitləri borcların məbləği həddində bloklaşdırıla bilər. Bundan əlavə, bu müqavilə üzrə verilmiş kredit, kredit münasibətləri, kredit üzrə borclar haqqında məlumat, kredit dosyesində olan sənədlərin surəti (hesab müqaviləsi, kredit müqaviləsi, ödəniş qrafiki və s.), həmin sənədlərdə qeyd edilmiş məlumatlar bank tərəfindən üçüncü tərəfə (şəxslərə) ötürülə, verilə bilər. Kredit müqaviləsinin 4.3.1-ci bəndində qeyd edilmişdir ki, zamin müştərinin bank qarşısında öhdəliklərini icra etdikdə, müştəriyə qarşı reqres qaydada tələb irəli sürə bilər. Müqavilənin 7-ci bəndindən görünür ki, bankın səlahiyyətli nümayəndəsi, müştəri və zamin müqaviləni imzalamış, müqavilə bankın möhürü ilə təsdiq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, GTGK4359270A119 nömrəli müqavilə üzrə 555 manat məbləğində pul "xxxx"da olan hesaba kredit ödənişi kimi daxil edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2021-xx.xx.2023-cü illəri əhatə edən ödəniş kartı üzrə çıxarışdan görünür ki, müştəri İddiaçı kartından (kart növü: VSDC Electron Salary, kartın nömrəsi: 416974******1652) “zamin kredit borcu üzrə silinmə/GTGK4359270A119” təyinatı ilə: - xx.xx.2022-ci il tarixdə 50.00 manat; - xx.xx.2022-ci il tarixdə 807.51 manat; - xx.xx.2022-ci il tarixdə 898.90 manat; - xx.xx.2022-ci il tarixdə 431.00 manat; - xx.xx.2022-ci il tarixdə 118.00 manat; - xx.xx.2022-ci il tarixdə 555.27 manat; - xx.xx.2022-ci il tarixdə 520.41 manat; - xx.xx.2022-ci il tarixdə 27.00 manat; - xx.xx.2022-ci il tarixdə 540.00 manat; - xx.xx.2022-ci il tarixdə 553.32 manat; - xx.xx.2022-ci il tarixdə 557.00 manat; - xx.xx.2023-cü il tarixdə 552.00 manat məbləğlərində pul vəsaitləri silinmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 132 (bir yüz otuz iki) manat məbləğində rüsum ödənilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 20 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar bank sirri hesab olunur. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Nəzərə alınması xahiş olunmuşdur. Zərurət olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, GTGK4359270A119 №-li kredit müqaviləsi üzrə zamin olaraq ödənilmiş (hər hansı bir üsulla) pul vəsaitinin məbləği, habelə onun bank hesabından (kart növü: VSDC Electron Salary, kartın nömrəsi: 416974******1652) həmin kredit müqaviləsi üzrə nə qədər pul vəsaitinin ödənilməsi barədə məlumatların (müvafiq təsdiqedici sənədlər əlavə olunmaqla) "xxxx" ASC-dən tələb edilməsi, qərardadın icrasının "xxxx" ASC-yə həvalə edilməklə qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 25 may 2023-cü il tarixli 2023/111/4024 saylı cavab məktubuna əlavə edilən GTGK4359270A119 №-li kredit müqaviləsi üzrə İddiaçı istifadəsində olan 416974******1652 nömrəli plastik kartdan ödənilmiş vəsaitlərə dair xx.xx.2021-xx.xx.2023cü illəri əhatə edən çıxarışdan görünür ki, müştəri İddiaçı kartından (kart növü: VSDC Electron Salary, kartın nömrəsi: 416974******1652) “zamin kredit borcu üzrə silinmə/GTGK4359270A119” təyinatı ilə: - xx.xx.2022-ci il tarixdə 50.00 manat; - xx.xx.2022-ci il tarixdə 807.51 manat; - xx.xx.2022-ci il tarixdə 898.90 manat; - xx.xx.2022-ci il tarixdə 431.00 manat; - xx.xx.2022-ci il tarixdə 555.27 manat; - xx.xx.2022-ci il tarixdə 520.41 manat; - xx.xx.2022-ci il tarixdə 27.00 manat; - xx.xx.2022-ci il tarixdə 540.00 manat; - xx.xx.2022-ci il tarixdə 553.32 manat; - xx.xx.2022-ci il tarixdə 557.00 manat; - xx.xx.2023-cü il tarixdə 1019.51 manat məbləğlərində pul vəsaitləri silinmişdir. Mülki işin materiallarında olan "xxxx" QSC (eManat) tərəfindən məhkəməyə ünvanlanmış 26 aprel 2023-cü il tarixli 008/EƏ23-0576 saylı cavab məktubundan görünür ki, “eManat” ödəmə terminallarında kamera qurğusu yoxdur. Sadəcə pul vəsaitlərinin ödənilməsi zamanı sistemdə əskinasların sayı və pulun miqdarı qeyd olunur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, Cavabdeh İddiaçı əmək haqqından tutulan məbləği qaytarmadığı təqdirdə barəsində yuxarı orqanlara müraciət ediləcəyi barədə sonuncu tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC arasında bağlanmış GTGK4359270A119 №-li kredit müqaviləsi üzrə zamin qismində müqaviləni imzalamış, cavabdehlə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədilə üçüncü şəxs tərəfindən iddiaçının əmək haqqı kartında olan vəsaitlərə akseptsiz tutma yönəldilmiş, müxtəlif tarixlərdə ümumilikdə 5959.92 manat məbləğində pul vəsaiti silinərək, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzlə təsdiq olunur ki, iddiaçı 555 manat məbləğində pulu həmin kredit müqaviləsi üzrə zamin qismində ödəmişdir. Qəbzdə ödəniş edən şəxsin ad, soyad, ata adı qeyd edilməsə də, qəbzin iddiaçıda olması və məhz onun tərəfindən məhkəməyə təqdim edilməsi ödənişin onun tərəfindən həyata keçirildiyinə dəlalət edir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əvəzinə ödədiyi 11500 manat əsas borc, dəymiş mənəvi ziyana görə 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 132 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehin hərəkətləri ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə cavabdehin əvəzinə ödənilmiş 11500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdehin əvəzinə zamin qismində 11500 manat məbləğində pul ödədiyini iddia etsə də, məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli qəbzdən və məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs "xxxx" ASC-dən əldə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin əvəzinə cəmi 6514.92 manat məbləğində pul ödənilmişdir. İddia tələbinin qalan 4985.08 manat hissəsinin əsaslı olması məhkəmədə müvafiq qaydada sübuta yetirilmədiyindən, yəni bu məbləğin ödənilməsinə dair qəbzlər, kartdan tutulmasına dair hesabdan çıxarış məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi “kredit müqaviləsi üzrə cavabdehin əvəzinə ödənilmiş 11500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində yalnız 6514.92 manat məbləğə münasibətdə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixdən sonra (iddiaçıya məxsus kart hesabından çıxarışın verildiyi son tarix) iddiaçı tərəfindən müqavilə üzrə başqa ödənişlər olduğu və ya onun kartından müqavilə üzrə yaranmış borca görə tutulmalar olduğu təqdirdə, bu barədə sübutları təqdim etməklə həmin məbləğlərlə əlaqədar iddiaçının cavabdehə qarşı yenidən iddia qaldırmaq hüququ istisna olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddələrinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 500-cü və 509.1-ci maddəllərinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyana görə 2500 (iki min beş yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona 2500 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də, dəymiş ziyanın nədən ibarət olmasını və ona məhz 2500 manat məbləğində ziyan dəyməsini məhkəmədə müvafiq qaydada sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı zamin qismində müqaviləni imzaladığı andan cavabdehlə birgə öhdəlik daşıdığını bilmiş, cavabdehin müqaviləni icra etmədiyi təqdirdə pulun ondan tutulmasına, ona məxsus bank hesablarından borc məbləğinin akseptsiz qaydada silinməsinə müqaviləni imzalamaqla öz razılığını ifadə etmişdir. Cavabdehin müqavilə üzrə öhdəlikləri vaxtında icra etməməsi səbəbindən iddiaçı həqiqətən də cavabdehin əvəzinə borcun müəyyən qismini ödəyərək ödədiyi məbləğdə pul vəsaitinə reqres qaydada tələb hüququ qazanmışdır. Lakin onun bu hadisələr nəticəsində əzab, iztirab çəkməsi, yəni mənəvi ziyana məruz qalması sübuta yetirilmir. Buna görə də iddia tələbi “mənəvi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki iş üzrə iddiaçı məhz cavabdeh tərəfindən ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı » 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir Məhkəmə iddia tələbinin “cavabdehin hərəkətləri ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, Cavabdeh hərəkətlərində cinayətin əlamətləri olmadığından, hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6514.92 (altı min beş yüz on dörd manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia tələbinin “ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun 62 (altmış iki) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan 70 (yetmiş) manat hissəsi isə İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6514.92 (altı min beş yüz on dörd manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun 62 (altmış iki) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin, qalan 70 (yetmiş) manat hissəsi isə İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar