Məhkəmə qərarları › İş №2(006)-1851/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1851/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1851/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən təyyarə biletinin tutulan məbləğinin, yəni 1400 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun tək oğlu X8 Respublikasının Qəhrəmanmaraş bölgəsində yaşamış, işləyirmiş. Ali təhsil aldığı dövrdə sevib sevdiyi Qəhrəmanmaraş sakininə keçən il nişan apardıqdan sonra qərara almışlar ki, 2023-ci il iyunun 3-də Qəhrəmanmaraş şəhərindəki “Koru Park” şadlıq sarayında toyunu keçirsinlər. Quru sərhədlər bağlı olduğuna görə toyun keçiriləcəyi vaxta və yerinə uyğun təyyarə bileti almaq məcburiyyətində qalmışlar. Buna görə də bilet satışı elanlarını izləməyə başlamışdır. "xxxx" MMC-nin elanlarında X13 məxsus nisbətən aşağı qiymətə bilet gördükdə ofisinə yaxınlaşıb Qəhrəmanmaraşa gedəcəyini bildirmişdir. Birbaşa uçuş olmadığı üçün iyunun 1-nə gediş-iyunun 5-nə qayıdış olmaqla Bakı-İstanbul-Bakı reysinə özünə və ailə üzvləri (yoldaşı, qızı, kürəkəni və nəvələri) adına 4-ü 385 manat, 2-si 375 manat, 1-i 45 manat olmaqla ümumi dəyəri 2330 manata 7 bilet almışdır. Təyyarə İstanbula enməmiş Qəhrəmanmaraşa o biri təyyarə qalxdığı üçün 1 gün, qonşu Antep şəhərinə uçmaq üçün isə 12 saat gözləyəcəyini bildirdikdə həmin vaxta nisbətən ucuz yerüstü nəqliyyatla gedəcəyini qərara almışdır. 13 gündən sonra məlum 6 fevral təbii fəlakəti oğlu və qohumlarının psixi sarsıntı keçirməsinə, kirayələdikləri şadlıq sarayının dağılmasına, qohumlarından çoxlu sayda ölməsinə səbəb olmuş və nəticədə toy olmamışdır. Dərhal ondan asılı olmayan səbəblərdən getməyəcəyi barədə Cavabdeh MMC-yə məlumat vermiş və biletlərin məbləğinin tam şəkildə qaytarılmasını xahiş etmişdir. Uçuşa 4 ay qalmasına baxmayaraq, biletin kampaniyalı olduğuna görə qaytarılmayacağını söyləmişlər. 1 ay etdiyi müraciətin nəticəsində 844 manat, oktyabr ayının 3-də isə 75 manat qaytardı. Hesab edir ki, 50 mindən çox insan tələfatına səbəb olan təbii fəlakət nəticəsində yaranan Fors-Major halını 375 manat əmək haqqı alan ailə başçısının durumunu turizm şirkəti nəzərə almalı, ona dəyən mənəvi ziyanın üstünə maddi ziyan əlavə edilməli, istehlakçı hüquqlarını pozmamalı, şərait dəyişikliyini nəzərə almalı, birtərəfli qəbul etdiyi qərarın qurbanına onu çevirməməli, yəni istifadə etmədiyi, göstərmədiyi xidmətin haqqını ondan tutmamalıdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 1.486 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia əsasında başlanmış mülki iş məhkəmənin icraatına verilmiş, mülki işə baxılması 16 aprel 2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının Kahramanmaraş bölgəsində yaşayan oğlunun xx.xx.2023-cü il tarixində olacaq toyu ilə bağlı xx.xx.2023-cü il tarixdə həmin bölgəyə birbaşa uçuş olmadığına görə Bakı-İstanbul-Bakı reysinə Cavabdeh MMC-dən X13 məxsus ümumi dəyəri 2.330 manata 7 bilet: 385 manata 4 nəfər; 375 manata 2 nəfər; 44 manata 1 uşaq üçün biletlər almışdır. Bilet adına olan şəxslər: yoldaşı, qızı, kürəkəni və uşaqlarıdır. Təbii fəlakət nəticəsində toy təxirə salındığı üçün etdiyi müraciət nəticəsində cavabdeh tərəfindən ona 844,0 manat qaytarılmışdır. Uçuş biletləri üçün ödədiyi qalan 1.486 manatın da qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçının iddiasının dəlilləri əsassızdır və iddia təmin edilməməlidir. Belə ki, İddiaçı, həqiqətən də, Cavabdeh MMC-nin ofisinə yaxınlaşaraq, 2023-cü ilin iyun ayının 01-ə “Bakı-İstanbul” istiqamətində, həmin ayın 5-i isə geri, yəni “İstanbul-Bakı" istiqamətində özü və ailə üzvləri üçün (cəmi 7 nəfər) uçuş biletləri bron etmək istədiyini bildirmişdir. Cavabdeh MMC-nin əməkdaşı da “X15 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı “X15” Nümayəndəliyinin satışa çıxardığı biletlərdən ən optimal, ən ucuz uçuş biletləri barədə İddiaçı məlumat vermiş, həmçinin həmin biletlər ucuz olduğuna görə “geri qaytarılmayan” statuslu biletlərə aid olduğu, bu barədə məlumatın uçuşu həyata keçirəcək “X15”nın rəsmi internet səhifəsində dərc olunduğunu da iddiaçıya bildirmiş, hətta həmin məlumatı çap edərək iddiaçıya təqdim etmişdir. İddiaçı da MMC-nin əməkdaşının təklifini qəbul etmiş və xx.xx.2023-cü il tarixdə əvəzini ödəyərək 7 ədəd uçuş bileti əldə etmişdir. Həmin biletlərin 4-ü dəyəri 385 manat (365,45 manatı biletin dəyəri, 19,55 manatı xidmət haqqı), 2-nin dəyəri 375 manat (354,44 manatı biletin dəyəri, 20,56 manatı xidmət haqqı), 1-nin dəyəri isə 40 manat (5,51 manatı biletin dəyəri, 39,49 manatı xidmət haqqı) təşkil etmişdir. Biletlərin satışından iddiaçıya göstərilən xidmətə görə haqq olaraq Cavabdeh MMC cəmi 153,81 manat əldə etmiş, biletlərin dəyərini təşkil edən cəmi 1.083,84 manat isə sərnişinlərin daşımasını həyata keçirən “X15”nın hesabına köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh MMC, iddiaçı ilə münasibətlərində yalnız uçun biletlərinin bron edilərək əldə edilməsində iştirak etmişdir. Əldə olunan biletlər əsasında iddiaçı və onun ailə üzvlərinin Bakıdan İstanbula daşımağı öhdəsinə götürən, bununla bağlı məsuliyyəti daşıyan da “Azeturizm" MMC deyil, “X15” olmuşdur. Bu səbəbdən də hesab edir ki, Cavabdeh MMC hazırki iddiaya cavab verən şəxs ola bilməz. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mülki mübahisənin həllinə yanaşıldıqda müəyyən edilir ki, Cavabdeh MMC İddiaçı və (və ya) onun ailə üzvlərinin qarşısında mülki məsuliyyət daşımır. Çünki, Cavabdeh MMC iddiaçı ilə arasında yaranan münasibətlərdə turoperator və ya turagent qismində çıxış etməmiş, iddiaçıya turizm zərfi və ya turizm xidməti satmamış, bu barədə müqavilə bağlamamış, turizm zərfinə və ya turizm xidmətinə daxil olan xidmətlərin (məsələn: transfer, mehmanxanada, oteldə yerləşdirmə, qidalanma və sair) göstərilməsi barədə üzərinə öhdəlik götürməmişdir. İddiaçı Cavabdeh MMC-yə 7 nəfər üçün ucuz uçuş bileti bronlanması barədə sifariş vermiş, MMC də həmin sifarişi yerinə yetirərək, iddiaçı üçün ən optimal qiymətə uçuş biletlərinin tapılmasında və əldə olunmasında vasitəçi olmuşdur. İddiaçının və onun ailə üzvlərinin 2023-cü il iyunun 01-də Bakıdan İstanbula, 05-də isə İstanbuldan Bakıya təyyarə ilə daşımanı və bu daşıma ilə bağlı bütün öhdəlikləri “X15" öz üzərinə götürmüşdür. Başqa sözlə, iddiaçı, özü və ailə üzvləri üçün aldığı uçuş biletləri ilə bağlı yaranmış pretenziyaları iddiaçı Cavabdeh MMC-yə qarşı deyil, sərnişindaşıma Şirkəti olan və “Bakı- İstanbul” istiqaməti üzrə uçuş biletlərini satan “X15"na qarşı irəli sürməli idi. Hazırki etiraza əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 2(003)-2088/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı “X15” MMC-yə qarşı 1.486 manat məbləğində pulun tutulması barədə iddiası məhkəmə tərəfindən rədd edilmişdir. Lakin İddiaçı məhkəmə müdafiə hüququndan istifadə etməmiş, sözügedən qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Lakin iddiaçının hüququndan istifadə etməməsi, ona əsas vermir ki, iddiaçı qarşısında təqsiri olmayan, mülki məsuliyyət daşımayan Cavabdeh MMC üzərinə hər hansı məsuliyyət qoyulsun. Bunlardan başqa, onu da qeyd etməyi zəruri hesab edir ki, “X15” İddiaçı və onun ailə üzvlərinin “Bakı-İstanbul” və “İstanbul-Bakı" istiqamətində daşıması barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçının əldə etdiyi biletlər də göstərilən tarixdə də “X15" həmin uçuşu həyata keçirmiş, sərnişinləri təyinat şəhərinə, yəni İstanbula çatdırmışdır. Yuxarıda göstərilənlərə baxmayaraq, "Azeturizm” MMC, ona müraciət etmiş iddiaçını boş qaytarmamış, göstərdiyi xidmətə (biletin bronlanması və satışı) görə aldığı cəmi 153,81 manat məbləğində xidmət haqqı pulunu İddiaçı tam həcmdə qaytarmışdır. Bundan başqa, iddiaçının aldığı uçuş biletləri “geri qaytarılmayan” statusunda olsalar da, Cavabdeh MMC-nin müraciətlərini nəzərə alan “X15” da humanistlik göstərərək, həmin biletlərin dəyərindən 690,19 manatı İddiaçı qaytarmışdır. Ümumilikdə 844 manatın ona qaytarılmasını İddiaçı özü də təsdiq edir, bu halı mübahisələndirmir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən iddiaçıya və ya onun ailə üzvlərinə qarşı mülki hüqüq pozuntusu törətməmiş, onun hesabına əsassız varlanmamış, zərər vurmamışdır. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları: Astara rayon Hamoşam kənd Sovetliyi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş V- ЖГ seriyalı, 392471 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında həmin tarixdə bu barədə nikah haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Astara rayon Hamoşam kənd icra hakimiyyəti tərəfindən verilmiş XVİİİ-ЖГ seriyalı, 424098 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında X2, ata qrafasında İddiaçı qeyd edilmişdir. Astara rayon Hamoşam kənd Sovetliyi tərəfindən verilmiş XVİİ-ЖГ seriyalı, 313141 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında X2, ata qrafasında İddiaçı qeyd edilmişdir. 3 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 036268 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X4 arasında xx.xx.2015-ci il tarixdə bu barədə nikah haqqında akt qeydləri kitabında 764 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Əhali və Vətəndaşlıq İşləri İdarəsinin NV02-ATW8-5F89-5V02 nömrəli arayışının surətindən görünür ki, X1 şəhəri, M.Akif məhəlləsi, Lütfi Köker bulvarı, ev 15, mənzil 18 ünvanında qeydiyyatdadır. Ülvi Məmmədzadə və “Koru Park” şadlıq sarayı arasında bağlanan müqavilədən görünür ki, xx.xx.2023-cü il tarix üçün həmin şadlıq sarayının “Hayal Ormanı” salonu kirayələnmişdir. Elektron biletlərin surətlərindən aydın olur ki, İddiaçı, Qəribova Səbirə, Babazadə Amilə, Babazadə Asya,Babazadə Zərin, Babazadə Səid, X14 Hava Yolları şirkətinin xx.xx.2023-cü il tarixdə həyata keçirəcəyi Bakı-İstanbul-Bakı aviareysinə gediş-gəliş biletlərini əldə etmişlər. Biletlərin dəyəri 4-ü 385,45 manat, 2-si 375,44 manat və 1-i isə 44,51 manat təşkil etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X15 X11 Sözleşmesi Şirkətinin Azərbaycan Respublikasındakı X15 nümayəndəliyinə qarşı (Azeeturizm MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı əlyazma qəbzlərindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə 6 böyük biletdən 1 nəfər üçün 139,7 manat və 1 uşaq üçün 5,51 manat olmaqla cəmi 844 manat, xx.xx.2023-cü il tarixdə 75 manat ödənişi almışdır. X15 şirkətinin əməkdaşı Aysel Məmmədovanın Cavabdeh şirkətinə yazdığı elektron poçt məktubundan aydın olur ki, İddiaçı və digərlərinin uçuş biletlərinin dəyərindən cəmi 843,71 manatın ona xx.xx.2023-cü il tarixdə qaytarılması müəyyən edilmişdir. Tərəflər arasında “Whatsapp” mobil tətbiqi üzərindən aparılmış yazışmaların ekran görüntüsündən aydın olur ki, iddiaçıya biletlərin qaytarılmayan biletlər olması və yalnız hər bir biletdən 110 manat pul qaytarılması barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsinə əsasən turizm xidmətləri – səyahətin məqsədindən asılı olaraq turistlərə ödənişli əsaslarla göstərilən yerləşmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkili xidmətləri və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər xidmətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1400 manat pulun biletlərin alışı ilə bağlı xidmət göstərmiş Cavabdeh MMC-dən tutularaq ona qaytarılmasını tələb edir. İddiaçı qeyd edir ki, məhz təklif olunan aviabiletlərin digərlərinə nəzərən qiyməti daha münasib olduğu üçün o, biletləri Cavabdeh MMC vasitəsilə əldə etmişdir. Lakin, məhkəmə qeyd edir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisələndirilə bilməz. Çünki, bəzi aviabiletlərin xeyli ucuz olmasının səbəbi həmin biletlərin baqajsız və geri qaytarılmayan biletlər olmasıdır ki, bu da hamıya məlum olan haldır. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan onu qeyd etmək lazımdır ki, iddiaçı bundan əvvəl də biletlərə görə pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, iş üzrə Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir.Qeyd edilən qətnamədən tərəflər şikayət verməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.Qətnamə ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh şirkəti vasitəsilə “X15”nın həyata keçirdiyi Bakı - İstanbul-Bakı reysinə uçuş biletləri əldə edilmişdir. Həmin biletlər bütovlükdə qaytarılmayan biletlər kateqoriyasına aid olmuş, iddiaçı həmin biletləri aldığı gündən qısa bir müddət ərzində turizm şirkətinə müraciət etsə də, ona dərhal biletlərin müəyyən nisbətində faizlər çıxılmaqla qaytarılmalı məbləğ ödənilməmişdir. Belə ki, iddiaçıya yalnız xx.xx.2023-cü il tarixdə biletlərin qaytarılması nəzərdə tutulan faiz nisbəti ödənilməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə həmin pul iddiaçıya ödənilmişdir. Belə ki, hazırki mübahisəyə məhkəmədə baxarkən də iddiaçı ona hər bir biletə görə ödənilməli məbləğin ödənilməsini bildirmişdir. Lakin hazırda biletlərin dəyərinin qaytarılmayan hissəsinin ona həmin biletlərin alınmasında vasitəçilik etmiş Cavabdeh MMC-dən tutulmasına dair tələb əsaslı hesab edilə bilməz. Belə ki, hazırki iş üzrə cavabdeh iddiaçıya biletlərin alınması xidmətini göstərmiş, iddiaçı və onun ailə üzvləri üçün “X15” Şirkətinin həyata keçirdiyi Bakı-İstanbul-Bakı reysinə biletləri almışdır. Biletlərin dəyərini təşkil edən məbləğ cavabdehin göstərdiyi xidmət haqqı da daxil olmaqla Cavabdeh MMCnin hesabına ödənilmişdir. Sonradan isə həmin biletlərin dəyərinin müəyyən nisbətini təşkil edən məbləğ iddiaçıya qaytarılmışdır. Biletlərin dəyəri 4-ü 385,45 manat, 2-si 375,44 manat və 1-i isə 44,51 manat təşkil etmişdir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya ödənilməli olan məbləğ müvafiq qaydada Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ödənildiyi üçün hazırda iddiaçı bütövlükdə məbləğin qaytarılmamış hissəsini təşkil edən məbləğ olaraq hesab etdiyi 1400 manat pulun tutulması tələbini əsassız olaraq ona biletlərin alınmasında vasitəçilik edən şirkətdən tutulması tələbini irəli sürmüşdür. İddiaçı və cavabdeh arasında olan hüquqi münasibətlər iddiaçının sifarişi əsasında cavabdehin online şəkildə aviaşirkətin biletlərinin alınmasından ibarət olmuşdur. Cavabdeh hüquqi şəxs aviaşirkətdən biletləri alaraq üzərinə düşən vəzifəni icra etmiş və cavabdehin fəaliyyəti bu xidmətin həyata keçirilməsi ilə məhdudlaşmışdır. Bundan sonrakı mərhələdə baş vermiş hər hansı qarşısıalınmaz qüvvənin təsirinə görə iddiaçının həmin biletlərdən istifadə etməməsində cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Hazırda biletlərin alınmasını həyata keçirmiş və həyata keçirdiyi fəaliyyətə görə xidmət haqqı almış vasitəçidən aviaşirkətin hesabına ödənilmiş bütün bilet haqqının tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə bir daha nəzərə çatdırır ki, iddiaçı tərəfindən 2330 manat məbləğində pul cavabdehin hesabına ödənilsə də, cavabdeh həmin vəsait əsasında iddiaçının sifarişinə əsasən uçuş biletləri əldə etmişdir. Həmin uçuş biletlərinin qaytarılmayan biletlər olması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunur.Hazırda qaytarılmayan biletlərə görə tam məbləğin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassızdır və buna dair iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar