Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1852/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 411 manat pulun, 1000 manat mənəvi zərərə görə pul, cəmi 1411 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadəsində olan ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili 05 yanvar 2024-cü tarixdə etibarnamə əsasında mülkiyyətçi X1 almışdır. Həmin vaxt ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh istifadəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə "NİSSAN SUNNY” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-327.6-cı maddələrinin tələblərini pozaraq inzibati xəta törətmişdir. İnzibati xəta barədə xx.xx.2023-cü il tarixdə Cavabdeh barəsində İXP ******* saylı Protokol tərtib edilmişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq Cavabdeh cəriməni ödəmədiyindən həmin nəqliyyat vasitəsi üzərində onun öz sahiblik hüququnu həyata keçirməsində maneə yarandığından, Cavabdeh barəsində İXP ******* saylı Protokol ilə ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış cərimə tərəfindən ödənilmişdir. Cərimə tərəfindən ödənilsə də, Cavabdeh tərəfindən ödənilmiş 411 manat pul vəsaitini qaytarmaqdan imtina edir ki, bu da onun hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən etiraf etməklə, izahatında bildirmişdir ki, avtomobili etibarnamə əsasında almaqla idarə etmişdir, sonradan həmin avtomobil etibarnamə ilə başqa şəxsə satılmışdır. Avtomobil onun istifadəsində olan zaman barəsində inzibati tənbeh tədbiri görülməklə 411 manat cərimə edilmişdir. Hazırda həmin məbləğin birdəfəlik ödəmək iqtidarında olmadığını, qalan hissədə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Nissan Sunny minik markalı ** LS *** qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə X3 tərəfindən İddiaçı Nissan Sunny minik markalı ** LS *** qeydiyyat nişanlı avtomobilin sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İXP ******* saylı protokolla Azərbaycan Respublikası İXM-nin 327.1-327.6-cı, 328 və 330-cu maddələrinin tələblərinin pozulması ilə əlaqədar xx.xx.2023-cü il tarixli qərara əsasən Cavabdeh hesablanmış 300 manat cərimə, 111 manat dəbbə pulu xx.xx.2024-cü il tarixində ödənilmişdir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı etibarnamə əsasında avtomobil əldə etdikdən sonra, ona avtomobilə 411 manat cərimə tətbiq edilməsi məlum olmuş, həmin məbləğ onun tərəfindən tam ödənildikdən sonra cərimə tətbiq olunan şəxsə qarşı həmin məbləğin geri qaytarılmasını tələb edir. Cavabdeh həmin cərimənin avtomobil onun idarəçiyində olduğu zaman tətbiq edilməsini etiraf etməklə, iddiaçıya pulun birdəfəlik ödəmək iqtidarında olmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı reqres hüququ yarandığından o, məhkəməyə müraciət etməklə 411 manatın geri tələb etməkdə haqlı olmuşdur. Odur ki, qeyd edilən hissədə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş 1000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 411 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edilmiş şəxs kateqoriyasına aid edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət büdcəsinin hesabına dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 411 manatın tutulması hissəsində təmin edildiyindən, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 411 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1852/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1852/2024
07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver