Məhkəmə qərarları › İş №2(006)-1869/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1869/2021

21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1869/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin iyul ayından «Oqansiya» şirkətində distribüter kimi çalışmış və əvvəllər işlədiyi «Meqa Holdinq» şirkətində 2015-ci ildən cavabdeh ilə tanış olmuşdur. Cavabdeh dürüst insan kimi tanıyırdı. 2019-cu ilin iyun ayında Türkiyədə olan zaman «Oqansiya» şirkətinin rəhbəri X3 və Mustafa Oktanla görüş zamanı onlar şirkətin Azərbaycandakı təmsilçisi Mehmet Şahini çıxardıb yerinə başqa bir şəxs qoymaq istədiklərini bildirmişlər. Əvvəlcə həmin işi ona həvalə etmək istəmişlər, lakin iddiaçı bu işi bacarmayacağını bildirmiş və Röyal adlı şəxsin bu vəzifəyə uyğun olduğunu, işlərini lazımınca yerinə yetirəcəyini bildirmişdir. Öz aralarında razılaşaraq, cavabdehi bu vəzifəyə təyin etmişlər. Bir neçə gündən sonra cavabdeh iddiaçının Nərimanov rayonunda yerləşən ofisinə gəlib ondan gömrükdən şirkətə məxsus malları çıxarmaq üçün pul istəmişdir. Hansı ki, həmin pullar şirkətin məhsullarının ödənişi üçün distribüterlər tərəfindən ona verilmişdir. Belə ki, həmin pulları sifarişçilər əvvəlcədən ona vermişlər ki, bir həftə ərzində mallar onlara çatdırılsın. İddiaçı da rəhbərliyə və Röyala bu barədə məlumat vermişdir ki, həmin pulların müqabilində mallar vaxtında çatdırılmalıdır. Əks təqdirdə sifarişçilər pullarını geri istəyəcəklər. Cavabdeh də iddiaçını əmin edərək uzağı 3-4 günə malların gətiriləcəyini bildirmişdir. İddiaçı da cavabdehə inanıb ofisdə 5000 manat pulu Röyala vermişdir. Daha sonra isə 2100 manat əlavə olaraq da vermişdir. Sifarişlərin içərisindən bəzilərinin gətirib versə də, yerdə qalanlarını gətirməmişdir. Buna görə də sifarişçilər arasında narazılıqlar yaranmış, pulların geri qaytarılmasını tələb etmişlər. İddiaçı dəfələrlə pulların qaytarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Ona görə də iddiaçı polisə şikayət etmişdir. Cavabdeh Nərimanov RPİ 18-ci Polis Şöbəsində verdiyi izahatda 1400 manat, daha sonra 3220 manat və 2528 manat məbləğində pulun malların tez çatdırılması üçün götürdüyünü boynuna almış və pulları qaytaracağına söz vermişdir. Ona görə də Nərimanov RPİ 18-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Zöhrab Salmanov tərəflər arasında mübahisənin mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Buna görə də, iddiaçı pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh 7100 manat borcun, həmin məbləğə uyğun olaraq 355 manat faizin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın 355 manat faizin tutulması hissəsindən imtina etməsini, qalan hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı Bakı şəhəri Nərimaov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Zöhrab Salmanovun «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 24 iyun 2020-ci il tarixli qərarının surətindən görünür ki, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 2019-cu ilin oktyabr ayıqdan «Oqansiya» şirkətində təmsilçi kimi çalışmışdır. 2015-ci ildən X1 ilə tanış olmuşdur. Əlviyyə ona demişdir ki, «Oqansiya» şirkətinin rəhbərliyi Azərbaycandakı təmsilçiləri olan Mehmet Şahini başqası ilə əvəz etmək istəyirlər. Onun bu işə namizədliyini irəli sürdüyünü deyərək rəhbərliklə onu görüşdərəcəyini demişdir. 2019-cu ilin iyun ayında «Oqansiya» şirkətinin rəhbəri X3 və Mustafa Okan onunla Bakıda görüşmüşlər. Həmin görüşdə Əlviyyə də iştirak etmişdir. Onlar şirkəti qurmağını xahiş edərək sonra bu işləri və şərtləri yenidən razılaşacaqlarını bildirmişlər. Sonra nə isə şərtlərdə razılığa gələ bilməmişlər və o, bu işdən imtina etmişdir. Bir müddət sonra isə yenidən Mustafa Oktan və Əlviyyə onunla görüşmüşlər və ona yenidən təmsilçi kimi işləməyi təklif etmişlər. O, Əlviyyənin Nərimanov rayonu, Ə.Qayıbov küçəsində yerləşən ofisinə gəlib, ondan gömrükdən şirkətə məxsus malları çıxarmaq üçün pul istəmiş və Əlviyyə ona ilkin olaraq 1.400 manat pul vermişdir. Bir neçə gün sonra 3.220 manat pulu da ofisdə Əlviyyədən almışdır. Hansı ki, həmin pullar şirkətin məhsullarının ödənişi üçün distribüterlər tərəfindən Əlviyyəyə verilmişdir. Həmin pulları sifarişçilər əvvəlcədən ona vermişdilər ki, bu həftə ərzində mallar onlara çatdırılsın. Əlviyyə ona bu barədə məlumat vermişdir ki, həmin pulların müqabilində mallar vaxtında çatdırılmalıdır. Əks təqdirdə sifarişçilər pullarını Əlviyyədən geri istəyəcəklər. O, da Əlviyyəni əmin edərək uzağı 3-4 günə malların gətiriləcəyini bildirmişdir. Sonra sonuncu dəfə Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən «Araz» marketin binasında 4-cü mərtəbədə yerləşən ofisdə 2.528 manat pulu ona çatdırması üçün şirkətin direktoru Telman müəllimə vermişdir. O, da həmin pulu gəlib ofisdən götürmüşdür. O, sifariş olunan malların içərisindən bəzilərini gətirib Əlviyyəyə çatdırmış, yerdə qalanlarını isə gətirə bilməmişdir. Çünki, Səhiyyə Nazirliyindən müvafiq sertifikatları ala bilməmişdir. Bu müddət ərzində mallar gecikdiyi üçün Əlviyyə ondan pulları geri qaytarmağını istəmişdir. Çünki, sifarişçilər mallarının vaxtında çatdırılmaması səbəbindən pullarını ondan tələb etmişlər. Əlviyyənin ona verdiyi 7.148 manat pulun müqabilində kofe, şampun və sabunları ona çatdırmışdır. Həmin məhsulların dəyəri təxminən 4.000 manat olardı. Bundan başqa, ofis mebelini isə o, götürmədiyini bildirərək hazırda ofisdə olduğunu bildirmişdir. O, Əlviyyədən aldığı pulların və ona təmin etdiyi məhsulların dəqiq hesabatını materiala əlavə edəcəyini və Əlviyyədən aldığı pulları ona ödəyəcəyinə söz vermişdir. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı “Oqansiya” şirkətinin təmsilçisi Cavabdeh həmin şirkətin məhsullarının ödənişi üçün 7100 manat məbləğində pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, izahatında qeyd olunan məbləğin olduğunu etiraf etmişdir. Hazırda iddiaçı vurulmuş maddi zərərin əvəzini tələb edir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki işdə tərəflərin izahatından və iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Göründüyü kimi, tapşırıq müqaviləsində vəkalət alan, konkret müddətə bağlı olmadan və nəticə əldə edilməməsi riskini daşımadan vəkalət verənin mənfəətinə və iradəsinə uyğun bir nəticəyə yönələn iş görməyi öhdəsinə götürür. Bu razılaşma ilə vəkalət alanın vəkalət verən qarşısında maddi və ya hüquqi hərkətlərə dair iş görmə borcu yaranır. Bununla belə, vəkalət alanın işi görülən şəxs qarşısında mənfəətinin olması və çəkdiyi xərclərin əvəzini tələb etməsi istisna edilmir (Mülki Məcəllə, maddə 783.1, 783.2.). Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh “Oqansiya” şirkətinin məhsullarının ödənişi üçün iddiaçıdan 7100 manat pul aldığını və borclu olduğunu etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, pulu iddiaçıya qaytarmamışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7100 (yeddi min yüz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 7130 (yeddi min yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7100 (yeddi min yüz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 7130 (yeddi min yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar